Şriftin ölçüsü :

Saytın rəngi :

Polşanın Nadajn qəsəbəsi ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsi arasında saziş imzalandı.

13 noyabr 2012 | 16:00

Xəzər rayonunun Mərdəkan və Polşa Respublikasının Pruşkov rayonunun Nadajn qəsəbələrinin qardaşlaşması məqsədi ilə 21-27 iyun 2012-ci il tarixlərində Azərbaycandan nümayəndə heyətinin Polşaya, 27-30 iyul 2012-ci il tarixlərində isə Polşa nümayəndə heyətinin Azərbaycana səfərləri olmuşdur.
Səfər proqramları çərçivəsində bir sıra görüşlər keçirmişlər, hər iki tərəfin tarixi və görməli yerləri ilə yaxından tanışlıq olmuş, qarşılıqlı əməkdaşlığın istiqamətləri müzakirə olunmuşdur.
Qarşılıqlı səfərlərin nəticəsi olaraq 28 oktyabr – 3 noyabr 2012-ci il tarixlərində Xəzər rayonundan 7 nəfər nümayəndə heyəti Polşa Respublikasının Nadajn qəsəbəsinə səfər etmişlər. Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər proqramı çərçivəsində Xəzər rayonu ilə Nadajn qəsəbəsinin qardaşlıq əlaqələrinin yaradılması ilə bağlı iki tərəfli saziş imzalamış, Polşa – Azərbaycan diplomatik əlaqələrinin yaradılmasının 540 illiyi və bərpasının 20 illiyi ilə əlaqədar Nadajn qəsəbə gimnaziyasının qarşısında möhtəşəm dostluq abidəsinin açılışı olmuşdur.
30 oktyabr tarixində Nadajn Bələdiyyəsinin geniş tərkibli yığıncağı keçirilmişdir. Yığıncaq canlı orkestrin müşayəti ilə hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlanmışdır. Yığıncaqda Xəzər rayonu ilə Nadajn qəsəbəsinin iki tərəfli əməkdaşlıq sazişi imzalanmışdır.
Azərbaycan tərəfindən sazişi Xəzər RİH-nin başçısı Gülağa İslamov, Nadajn qəsəbəsindən isə mer Yanuş Qjib imzalamışlar. Sazişin Azərbaycan dilində mətnini səfirliyin əməkdaşı Samir Rzayev, Polşa dilində isə Nadajn Bələdiyyə Parlamentinin sədri xanım Danuta Vatslaviak iştirakçıların diqqətinə çatdırmışdır. Sazişdə elm, təhsil, mədəniyyət, idman və s. sahələrində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.
Tədbirdə Azərbaycanın Polşadakı səfiri cənab Həsən Həsənov iştirak etmişdir. Eyni zamanda tədbirdə səfirlik tərəfindən “Polşa-Azərbaycan əlaqələrinin inkişafındakı göstərdiyi xidmətə görə” təsis edilmiş medal ilə Xəzər RİH-nin başçısı Gülağa İslamov, Nadajn Qəsəbəsinin meri Yanuş Qjib və Nadajn gimnaziyasının müəllim, azərbaycanda doğulan, əslən polyak olan xanım Lilya təltif edilmişlər.
Tədbirdə Gimnaziyanın şagirdləri Səməd Vurğunun “Azərbaycan” şerini, Azərbaycan dilində xorda ifa etmişlər.
Tədbirin sonunda gimnaziyanın qarşısında Polşa-Azərbaycan diplomatik əlaqələrinin 540 və bərpasının 20 illiyi ilə əlaqədar ucaldılmış abidənin açılışı olmuşdur.
Abidənin rəsmi açılışı Azərbaycanın Polşadakı səfiri H.Həsənov, Xəzər RİH-nin başçısı G. İslamov və Nadajn qəsəbəsinin meri Yanuş Qjıb tərəfindən həyata keçirilmişdir.
Səfər proqramı çərçivəsində Polşanın Torun şəhərinin tarixi, görməli yerləri, Kopernikin ev muzeyi və bir çox tarixi abidələri ilə tanışlıq olmuşdur.
 

Keçidlər