Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
8 noyabr 2017-ci il tarixində Nizami Mədəniyyət Evində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamovun Mərdəkan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə Millət Vəkili Rauf Əliyev, RİH başçısının müavinləri və şöbə müdirləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən söz açdı. Daha sonra RİH başçısı Xəzər rayonunda gedən, xüsusilə Mərdəkan qəsəbəsində aparılan təmir-tikinti, abadlıq və quruculuq işlərindən danışdı.
Səyyar görüşdə iştirak edən sakinlər çıxış edərək rayonda, xüsusilə Mərdəkan qəsəbəsində geniş vüsət alan abadlıq-quruculuq işlərinə görə razılıqlarını ifadə edib, əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Həmçinin sakinlər, qəsəbədə qaz, içməli su, kanalizasiya, qəsəbə daxili yolların asfaltlanması və bəzi mövcud problemlərdən söz açdılar.
Görüşdə çıxış edən Millət Vəkili Rauf Əliyev ölkədə gedən inkişaf prosesləri, Xəzər rayonunda həyata keçirilən işlər, qarşıda duran vəzifələr haqqında danışaraq problemlərin yaxın gələcəkdə mərhələli şəkildə birgə həllinə nail olunacağını bildirdi.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı G.İslamov rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışaraq, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.