Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Radikalizmin və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda Seminar-müşavirə keçirilib.

24 oktyabr 2017 | 16:00

     24 oktyabr 2017-ci il tarixində Xəzər rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə  təşkilatçılığı ilə “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminar-müşavirə keçirilib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.

    Seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Xəzər Rayon İcra Hakimiyyətinin, Baş Prokurorluğun, Daxili İşlər və Ədliyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Xəzər, Suraxanı, Sabunçu və Pirallahı rayonlarının yerli strukturlarının rəhbərləri, din xadimləri, dini icma sədrləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

     Müşavirədən əvvəl DQİDK-nın sifarişi ilə çəkilən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunan “Şəhadət” sənədli filmi nümayiş olunub.
Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması istiqamətində mühüm addımlar atılıb. Adət və ənənələrimizə hörmət hissi, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. V.Həsənov, həmçinin rayondakı mövcud dini durum barədə də geniş məlumat verib.
     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Respublikamızın dövlət siyasətinə çevrilən multikulturalizm anlayışının təkcə ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunmasına və bu vasitə ilə ümumbəşəri harmoniyanın yaradılmasına, xalqların, fərqli din və mədəniyyətlərin qarşılıqlı faydalı əməkdaşlığına yönəldilmiş nəzəriyyə olduğunu deyib. Qeyd edib ki, ölkəmizdəki tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul olunur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünyada multikulturalizmin alternativi yoxdur. Ölkəmizdə ictimai-siyasi sabitliyin mövcudluğunu vurğulayan natiq Azərbaycanda bütün dinlərin nümayəndələrinə qarşı dözümlülük və tolerantlıq nümayiş olunduğunu diqqətə çatdırıb.
      Sədr müavini vurğulayıb ki, müəyyən xarici dairələr və dini mərkəzlər tərəfindən, xüsusilə üçüncü ölkələr mövqeyindən, eləcə də xaricə səfərlər edən, xaricdə təhsil alan və yaşayan soydaşlarımız arasında yad dini ideologiyaların təbliğinə cəhdlər edilir. Məhz bu səbəbdən istər xarici ölkələrə səfər edənlər, istərsə orada yaşayan vətəndaşlarımız maksimum diqqətli olmalı, belə hallarla qarşılaşdıqda ölkəyə qayıdarkən aidiyyəti dövlət qurumlarına məlumat verməlidirlər. Məzhəb ayrı-seçkiliyi yaratmağa, əmin-amanlığı, sabitliyi pozmağa, digər ölkələrin milli xüsusiyyətlərini, dini ideologiyalarını İslam adı altında ölkəmizdə təbliğ etməyə çalışan bəzi qüvvələrlə mübarizə aparılması, gənclərin və yeniyetmələrin zərərli dini qrupların təsiri altına düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində əsas fəaliyyət istiqamətlərindəndir. Dini sahədə maarifləndirmə işinin radikallıqla mübarizənin əsas metodlarından biri olduğunu diqqətə çatdıran Səyavuş Heydərov deyib ki, radikal kökləri təmizləmək üçün həmin qüvvələrə alternativ olaraq milli-mənəvi dəyərlərimizə əsaslanan vətənpərvərlik hissinin gücləndirilməsi vacibdir.
S.Heydərov Yaxın Şərq ölkələrindəki münaqişələrə toxunaraq bildirib ki, hegemonluq etmək istəyən bəzi dövlətlər öz geosiyasi və geoiqtisadi maraqlarının təmin edilməsi məqsədilə həmin regionda din amilindən geniş istifadə edirlər. Yaxın Şərqdə baş vermiş dini zəmindəki münaqişələr məhz həmin siyasətin acı nəticəsidir.
     Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov müvafiq sahə üzrə qanunvericiliyə diqqət çəkərək, dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə geniş məlumat verib. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunduğunu deyən Baş Prokurorluğun nümayəndəsi, eyni zamanda, dini ekstremizmə qarşı mübarizənin məqsədləri və əsas prinsipləri haqqında danışıb.
Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev dini radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən danışıb, təmsil etdiyi qurumun müvafiq sahədə həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıb. Dini radikal və ekstremist fəaliyyətin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu, ona qarşı müştərək mübarizənin vacibliyini vurğulayıb.
    Seminar-müşavirə müzakirələrlə davam etdirilib.

 

 

Keçidlər