8-Mart Beynəlxalq Qadınlar Günü Xəzər rayonunda qeyd olundu.
7 mart 2017-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzində “Eko-Park” da “8 mart Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş bayram tədbiri keçirildi.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı seçilən qadınlar iştirak etdilər.
Tədbirdə çıxış edənlər Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə qadınları təbrik edərək, qadınlarımıza xoş və səmimi arzularını bildirdilər. Natiqlər qeyd etdilər ki, xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. O cümlədən natiqlər bildiriblər ki, Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır.Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlmişdir. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.
Bayram tədbirində rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup qadınlar Fəxri Fərman və hədiyyələr ilə təltif olundular.
Tədbirdə iştirak edən qadınlardan bir neçəsi çıxış edərək göstərilən diqqətdən məmnun olduqlarını bildiriblər.
Sonda tədbir bədii hissə ilə davam etdirildi.