Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Xəzər rayon təşkilatında partiyanın yaranmasının 24 illiyinə həsr edilmiş tədbir keçirilib.

18 noyabr 2016 | 16:00

18 noyabr 2016-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında partiyanın yaranmasının 24 illiyinə həsr edilmiş tədbir keçirilib.  Tədbir iştirakçıları əvvəlcə rayon təşkilatının inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar, Ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.
         Tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Yeni Azərbaycan Partiyasının yarandığı dövrə nəzər salaraq, partiyanın keçdiyi tarixi yoldan bəhs edib.
        N.Əhmədov diqqətə çatdırıb ki, YAP Azərbaycanın son dərəcə ağır zamanında, ölkədəki hərc-mərcliyin baş alıb getdiyi bir dövrdə yaranıb: “Həmin illərdə ölkədə bir sıra siyasi partiyalar fəaliyyət göstərsələr də onlar arasındakı daxili çəkişmələr imkan vermirdi ki, ölkədə yaranan böhran aradan qaldırılsın. Onlar nəinki ağır iqtisadi, siyasi, mənəvi böhranın qarşısını almağa çalışır, əksinə, ölkədəki vəziyyəti daha da ağırlaşdırırdılar. Məhz belə bir zamanda Azərbaycana sözün əsl mənasında xilaskar lazım idi. Azərbaycanın müstəqilliyinin itirilməyə doğru getdiyini görən, xalqının taleyinə laqeyid qala bilməyən insanlar Azərbaycanın işıqlı gələcəyi naminə, yeni çağırışlara cavab verə biləcək partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu məqsədlə Ümummilli liderin şəxsiyyəti ətrafında birləşərək, Yeni Azərbaycan Partiyasını yaratmağa nail oldular. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə təsis konfransı keçirildi və Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi qəbul edildi, Ulu öndər yekdilliklə partiyanın sədri seçildi. Beləliklə də müstəqil Azərbaycanın müstəqil, üzərinə tarixi missiyasını götürən, yeniliyə açıq, xalqın partiyası-Yeni Azərbaycan Partiyası yarandı. Bu gün möhtərəm Prezident İlham Əliyev YAP-ın fəaliyyət istiqamətlərini daha da genişləndirərək, Ulu öndərin qarşıya qoyduğu amal uğrunda ətrafına minlərlə insanı toplaya bilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının kökündə yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir. İnanıram ki, xalqın etimadından yola çıxan Yeni Azərbaycan Partiyası daha böyük hədəflər naminə, daha çox uğurlara imza atacaq”.
        Çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə respublikamızın ictimai-siyasi həyatında yeni tarixin əsası qoyuldu: “Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP keçdiyi 24 il ərzində özünü bütün mənalarda təsdiq edərək, yeni tarixin yeni çalarlarını özündə birləşdirməyi bacardı. Bilirsiniz ki, bu gün haqqında fəxarətlə danışılan partiyamızın qurulması heç də asan başa gəlməyib. Ölkəni xaos, anarxiya bürüdüyü bir vaxtda siyasi partiya yaratmaq, təşkilatlanmaq olduqca çətin idi. Hər an təqiblərlə, təzyiqlərlə qarşı-qarşıya idik. Amma bütün bunlara baxmayaraq 91 nəfər ziyalının imzası ilə ulu öndər Heydər Əliyevə müraciəti hazırlaya bildik və 1992-ci il noyabrın 22-də 551 nəfərin iştirakı ilə Naxçıvan Dövlət Dram teatrında Yeni Azərbaycan Partiyasının təsis konfarnsını keçirdik. Mən Ulu öndərin yaxın silahdaşı kimi bütün təşkilati işlərdə yaxından iştirak edirdim. Doğrudan da xalqın müdrik insana nə qədər arxalandığının, inandığının şahidiyəm. Yeni Azərbaycan Partiyası bu ağır, keşməkeşli günlərdən bu günə qədər gəlib çıxıb. Bunun da əsasında əlbəttə ki, Azərbaycan xalqının sevgisi, Ulu öndərin müdrik siyasəti dayanır. Sevindirici haldır ki, dahi şəxsiyyətin yaratdığı Yeni Azərbaycan Partiyası regionunu ən böyük siyasi təşkilatıdır və özündə milyonların sevgisini yaşadır. Bu yolda hər kəsə uğurlar arzu edirəm”.
        Milli Məclisin deputatı Rauf Əliyev isə öz çıxışında YAP-ın möhkəm təməl üzərində, ulu öndər Heydər Əliyev ideyaları ilə qurulduğunu, bu gün də uğurların əldə olunduğunu söyləyib. Deputat qeyd edib ki, ümummilli liderimizin layiqli siyasi varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin YAP-a rəhbərliyi dövründə daha böyük əzmkarlıq və yaradıcılıq nümayiş etdirilərək partiyanın siyasi gücü əhəmiyyətli dərəcədə artıb və ölkənin siyasi mühitinin hakim təşkilatına çevirilib.
     Xəzər rayon İcra hakimiyyətinin başçısı Gülağa İslamov 21 noyabr 1992-ci il tarixinin Azərbaycanın müstəqillik tarixində əhəmiyyətli gün kimi həkk olunduğunu bildirərək Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan danışıb. Gülağa İslamov bildirib ki, Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqına sevgisi, dövlətinə sədaqətlə xidmət edib, ölkəsinin bütün ağır vaxtlarında xalqı ilə çiyin-çiyinə olmuşdur: “Heç vaxt xalqını tək qoymayan Ulu öndər həmişə bir amal uğruna xalqını səsləyib. O da inkişaf edən, çiçəklənən Azərbaycandır. Bu gün xoşbəxtik ki, Ulu öndərin arzuladığı Azərbaycanda yaşıyıb, yaradırıq, çalışırıq. Xoşbəxtik ki, onun ideyaları bu gün də yaşayır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu inkişaf yolu hazırda cənab Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyi üçün xoşbəxtik. Hər kəsi bu bayram münasibətilə təbrik edir, Yeni Azərbaycan Partiyasına daha böyük uğurlar arzu edirəm”.
       YAP Xəzər rayon təşkilatının fəal gənci Gülşad Abbasova çıxışında partiyanın gənclərin həyatındakı roluna diqqət çəkib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının hər bir gənc fəal üzvü yolunun buradan keçməsindən böyük qürur hissi duyur və üzərində böyük bir məsuliyyətin olduğunu dərk edir: “Bizlər Prezident İlham Əliyevin ətrafında sıx birləşərək partiyanın gələcək perspektivləri uğrunda əzmlə çalışır, bu yolda inamla addımlayırıq”.
       YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov hakim partiyanın yaradılmasının 24-cü ildöünümü münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasını yaratmaqda əsas məqsəd ölkədə sosial ədaləti bərpa etmək, xalqımızı təhlükələrdən uzaq tutmaq, möhkəm dövlət yaratmaq, azərbaycançılıq ideologiyasını formamaşdırmaq idi. Zaman sübut etdi ki, bütün bu məsələlər öz reallığını tapdı. Bu gün Azərbaycanda sosial bərbərlik höküm sürür, insanlar fəaliyyətləri ilə dövlətçiliyə, azərbaycançılıq ideologiyasına dayanmadan xidmət edirlər.
     Sonda Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəallarına fəxri fərmanlar, partiya sıralarına yeni daxil olan gənclərə isə partiya vəsiqələri təqdim edilib.

 

Keçidlər