Xəzər rayonunda 12-noyabr “Konstitusiya günü” münasibəti ilə orta məktəblərin 10-cu sinif şagirdləri arasında “Konstitusiya hüququnun əsasları” mövzusunda Olimpiyada keçirilmişdir.
11 noyabr 2016-cı il tarixində 12-noyabr “Konstitusiya günü” münasibəti ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2016-cı il noyabr ayının 1-dən 5-nə dək Xəzər rayonundakı orta məktəblərin 10-cu sinif şagirdləri arasında “Konstitusiya hüququnun əsasları” mövzusunda Olimpiyada keçirilmişdir.
Olimpiyada da Xəzər rayonunun bütün orta məktəblərini təmsil edən şagirdlər Konstitusiya Məhkəməsinin əməkdaşları tərəfindən tərtib olunmuş 50 suala cavab vermişlər.
11 noyabr 2016-cı il tarixdə Mərdəkan Mədəniyyət Sarayında Konstitusiyaya aid olan testlərdə iştirak edərək yüksək bal toplayan şagirdlərlə görüş keçirilmişdir.
Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayev, Konstitusiya Məhkəməsinin şöbə müdiri Dürdanə Məmmədova, İcra Hakimiyyətinin və Konstitusiya Məhkəməsinin əməkdaşları iştirak etmişlər.
Tədbiri açıq élan edən Xəzər RİH Başçısının müavini Arif Balayeb çıxış edərək bildirdi ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdığını, bunun üçün prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiyanın yaradıldığını, Konstitusiya layihəsinin ümumxalq müzakirəsinə çıxarıldığını və 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olununduğunu bildirmişdi.
Konstitusiya Məhkəməsinin şöbə müdiri Dürdanə Məmmədova isə Azərbaycan Respublikasının Konstitusiyasının yaranması və edilən müxtəlif dəyişikliklər barədə çıxış etmiş və şagirdləri maraqlandıran sualları cavablandırmışdı.
Rayon məktəblərində keçirilən Olimpiyadanın nəticələrinə görə yüksək bal toplayan 15 şagird Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Şagirdlərin ümumi nəticəsinə görə birinci yerə layiq görülmüş 218 saylı, ikinci yerə layiq görülmüş 241 saylı, üçüncü yerə layiq görülmüş 149 saylı məktəblərin direktorlarına Kuboklar və Fəxri fərmanlar təqdim edilmişdir.
Görüşün sonunda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin 12 noyabr “Konstitusiya Günü” münasibəti ilə şagirdlərə müraciəti oxunmuşdur.