Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

19 oktyabr 2016 | 16:00

    19 oktyabr 2016-cı il tarixində Xəzər Rayon İcra Hakimiyyətində 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
       Hesabat iclasında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
     Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov iclası giriş sözü ilə açaraq, bildirdi ki, 07 oktyabr 2016-cı il tarixində  Azərbaycan Respublikası  Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2016-ci ilin 9 ayı ərzində  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran  vəzifələrə həsr edilmiş iclasında ölkə başçısı  9 ayda  iqtisadi islahatların daha da sürətlə aparılmasını və bu sahədə bir çox sərəncam və qanunların imzalanaraq qəbul  edilməsini qeyd etmişdir. Biznes mühitinin  yaxşılaşdırılması, ixrac  potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın  artırılması, bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilmişdir. Qeyri neft  sənayesinin 2,4 %-dən çox artması, əlbəttə həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda bu sahə daha da sürətlə inkişaf edəcək, ixrac strukturumuzda da daha böyük çəkiyə malik olacaqdır.
      2016-cı ilin 9 ayı ərzində  36 min iş yeri bağlanmasına baxmayaraq, 154 min yeni iş yeri yaradılmışdır ki, onlardan da 121 mini daimi iş yeri olmuşdur,  bu da böhranlı  il üçün xüsusi bir göstəricidir. Ümumilikdə  iqtisadiyyatın bütün sahələri üzrə müsbət dinamika olduğu qeyd edilmişdir.
     G.İslamov 2016-cı ildə ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan demokratik, ədalətli, tam şəffaf şəkildə referendumun keçirildiyini, Azərbaycan xalqının referendumun nəticələrini dəstəklədiyini yığıncaq iştirakçılarının diqqətinə catdırıb.  G.İslamov həmçinin, hesabat dövründə respublikanın hər yerində olduğu kimi Xəzər rayonunun sosial-iqtisadi sahələrində də dinamik inkişafın davam etməsini, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilməsini vurğulamışdır.
     Xəzər rayonunun 2015-ci ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etmək üçün sözü RİH Başçısının müavini Arif Balayevə verildi.
A.Balayev məruzə edərək bildirmişdir ki,  Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bu gün  bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də  sosial-iqtisadi inkişafı sürətlə davam etdirilir.  Həmişə olduğu kimi ötən dövrdə də yenidənqurma  işləri Xəzər rayonunda da  uğurla  həyata keçirilmişdir.
  2016-cı ilin 9 ayı ərzində  rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv  dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət olunmuşdur.
Hesabat dövründə rayon üzrə sənaye məhsulu istehsalı 109 milyon 90  min manat təşkil etmişdir. Sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 98,4 % olmuşdur.
    Nəqliyyat sektorunda 719 milyon 288 min manatlıq  xidmətlər  göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,5 % çox olmuşdur.
Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 4 milyon  173  min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə  3,2  %  çox rabitə xidməti göstərilmişdir.
Tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün  maliyyə mənbələri hesabına 47 milyon 677 min manat məbləğində investisiya cəlb edilmişdir ki, bu da keçən ilin müvafiq  dövrünə nisbətən 15,1 % çox olmuşdur.  İstifadə edilmiş investisiyaların 42  milyon 459,5 min manatı  tikinti-quraşdırma işlərinin  yerinə yetirilməsinə sərf olunmuş və əvvəlki ilin müvafiq dövrünə  nisbətən 81,4  % təşkil etmişdir.
İstehlak və xidmət bazarlarında əhaliyə 530 milyon 414,9 min manatlıq istehlak malları satılmış  və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi  287 milyon 382,7  min  manata, pullu xidmətlərin  həcmi 243 milyon   32 min manata çatmışdır.
      Ticarət şəbəkəsindən satılmış məhsulların 16,3 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən  ticarət təşkilatları, 83,7 faizi isə hüquqi şəxs  yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
     Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı 585,3  manat, sənaye sahəsində çalışanların orta aylıq əmək  haqqı 447,5 manat,  tikinti kompleksində çalışanların orta aylıq əmək haqqı 335,6  manat təşkil etmişdir.
       Hesabat dövründə rayon üzrə 2244  yeni iş yeri açılmışdır. Bunlardan  172-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 865-i  mövcud müəssisə və təşkilatlarda, 1107-i  isə fiziki şəxslər  tərəfindən açılmışdır. Ümumiyyətlə 2013-cü ildən bu vaxta kimi  rayon ərazisində 21 min 273  yeni iş yeri açılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən 16843 nəfər təqaüdçüyə plastik kartlar vasitəsilə ödənişlər təmin edilmişdir.
2016-cı il 29 mart tarixində Sahibkarlığa Kömək Milli Fondu  ilə birlikdə Zirə qəsəbəsində  işgüzar forum keçirilmişdir. Forum çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 sahibkarlıq subyektinə  100 min  manat güzəştli kredit  verilmişdir.
     Ümumilikdə isə 2016-cı ilin 9 ayı  ərzində Fond tərəfindən 25  sahibkarlıq subyektinə 5 milyon 300  min manat güzəştli kredit verilmişdir. Verilən kreditlər hesabına  rayonun Türkan qəsəbəsində 7,5 hektar ərazidə ildə 2,3 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan müasir istixana kompleksi tikilmişdir.
Həmçinin Zirə qəsəbəsində 10 ha  ərazidə illik istehsal gücü 4 ton, 6,2 hektar ərazidə  ildə 2,5 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan istixana kompleksinin tikintisinə  başlanılmışdır.
Hesabat dövrü ərzində Xəzər rayon Məşğulluq Mərkəzi   öz fəaliyyətini vətəndaşlara münasib iş yerlərinin axtarılmasında köməklik göstərilməsi, peşəyönümünün təşkili, işsiz və işaxtaran vətəndaşların peşə  hazırlığı, ixtisaslarının artırılması, əmək yarmarkalarının təşkili, işsizlik statusunun verilməsi, işsizlik müavinətlərinin  təyin olunması, ödənilməsi  istiqamətində qurmuşdur.
      2016-cı ilin 9 ayı ərzində Mərkəzdə 5362 nəfər işaxtaran vətəndaş  qeydiyyata alınmışdır. Onlardan 1852 nəfəri 29 yaşadək gənc, 22 nəfəri struktur  dəyişiklikliyi ilə əlaqədar işini itirənlər, 1457 nəfəri kadr axıcılığı nəticəsində  işdən azad olunanlar, 8 nəfəri hərbi  xidmətdən tərxis olunanlar, 147  nəfəri  qaçqın və məcburi köçkünlərdir. Hesabat dövrü ərzində Mərkəzdə qeydiyyatda olan qeyri-məşğul əhalinin 642 nəfəri münasib işlə təmin edilmişdir. Mərkəz tərəfindən  9 ay ərzində 349 nəfər işsiz  vətəndaşa  işsizlik  statusu verilmiş, 363 nəfərə isə işsizlik müavinəti təyin edilmişdir.
Əhalinin məşğulluğunu təmin etmək məqsədilə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Xəzər rayonuna  300 ştat vahidi işçi yeri ayrılmış və rayon ərazisində yaşayan, işsiz, aztəminatlı ailələrin üzvlərindən ibarət 300 nəfər işə qəbul edilmişdir.  Artıq bir neçə aydır ki,  bütün qəsəbələri əhatə edən həmin  işçi qrupları ərazidə, park və meydanlarda, yolların kənarlarında, məhəllədaxili küçələrdə təmizlik işləri görür və vaxtı-vaxtında əmək haqqlarını alırlar.
      Hesabat dövründə rayon ərazisində tikinti və quruculuq işləri səngiməmiş, daha da geniş  vüsət almış, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir  işləri aparılmış və yenidən qurulmuş, su və  kanalizasiya  sistemləri  yeniləşdirilmiş, yeni  xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə  verilmişdir.
    Hal-hazırda Xəzər rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Şüvəlan qəsəbəsinin H.Əliyev, Mərdəkan qəsəbəsinin Yesenin, Binə qəsəbəsinin Ə.İsazadə küçələrinin yenidən qurulması, o cümlədən divarlara ağlay daşının vurulması, səkilərin müasir üslubda yenidənqurulması, yolboyu milli və tarixi elementlər nəzərə alınmaqla köhnə tikililərin bərpası istiqamətində işlər davam etdirilir.
Belə ki, Mərdəkan qəsəbəsində, Dendrologiya İnstitutunun 311 m2 köhnə hasarı sökülərək yerində yeni hasar tikilmişdir. Qəsəbənin mərkəzi küçələrində 1173 m2 ağlay üzlük, 530 paqon metr naxışlı daş vurulmuşdur. Həmçinin qəsəbənin girişində yeni salınan istirahət parkında 275 m3 beton,  1200 m2 hörgü işi görülmüş və 1500 m3 torpaq daşınmışdır. Parkın ətrafındakı divarlara 270m2 üzlük daşı, 1350p/m bəzək daşı vurulmuşdur. Parkın ərazisinə  2350 m2 tamet,  900 p/m bardyur düzülmüş, 520 p/m səki salınmışdır. Hal-hazırda da həmin parkda işlər davam  etdirilir.
     Mərdəkandan Şüvəlana gedən yolun səkiləri, yolkənarı hasarların yenidən bərpası, abadlaşdırılması, işıqlandırılması işləri görülmüşdür. Mərdəkan və Şüvəlan qəsəbələrin mərkəzi küçələrində və digər yerlərdə yerləşən 194 ədəd küçə işıqları təmir edilərək yararlı vəziyyətə gətirilmişdir.
Abadlıq işləri ilə əlaqədar Şüvəlan qəsəbəsinin  H.Əliyev küçəsində 395 paqon metr bardür düzülmüş, səkilərə 494 m2 dekorativ daş döşənmiş, 184 m2 hörgü işi görülmüş, 510 m2 asfalt salınmışdır.
Binə qəsəbəsi Hövsan südçülük sovxozuna gedən mərkəzi yolun yenidən qurulması ilə əlaqədar yolun inşası altına və mühafizə zolağına düşən yaşayış və qeyri-yaşayış maneələrin sökülməsi ilə bağlı bir çox işlər görülmüşdür.
     Belə ki, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində mərkəzi yolun yenidən qurulması ilə əlaqədar 63 ədəd müxtəlif təyinatlı tikinti obyekti (2838 m2 ) sökülmüşdür. Mərkəzi küçənin genişləndirilməsi ilə əlaqədar 1200 metr uzunluğunda vətəndaşlara aid hasar geri çəkilmiş və  1 hektar ərazidə vətəndaşlar tərəfindən pərakəndə şəkildə primitiv formada tikilmiş və zəbt olunmuş sahələrdə tikililər sökülərək ərazi tikinti materiallarından təmizlənmişdir.
Qəsəbənin ümumi görkəminə xələl gətirən obyektlər 2300 m2 ölçüdə ağlay daşları ilə üzlənmişdir.
Qeyd olunanlarla yanaşı Ə.İsazadə küçəsi, 3 saylı ünvandakı 5 mərtəbəli 4 girişli yaşayış binasının fasad hissəsi 1900 m2 ölçüdə yenidən təmir olunmuşdur.
Rəhmanov küçəsində 1500 m2 sahədə abadlıq işləri aparılaraq oraya yeni asfalt salınmışdır.
Binə mədəniyyət mərkəzinin qarşısında 1000 m2 sahədə təmir işləri aparılmış və əraziyə yeni asfalt salınmışdır.
Ə.İsazadə küçəsində DOS1, DOS2 və DOS 3 saylı binaların həyətindəki qeyri-qanuni tikililər sökülmüş və həmin binaların fasad hissələri 2000 m2 ölçüdə ağardılmışdır.
Binə qəsəbəsində vətəndaşlara aid hasarlar 2640 m2 ölçüdə suvaqlanmış və rənglənmişdir.
Bu günün prioritet məsələlərdən biri də yaşıllıqların salınmasıdır. Bildiyiniz kimi 2015-ci il ərzində rayon ərazisində 58519 ədəd  müxtəlif növ ağac əkilmişdir. Nəzərinizə  çatdırırıq ki, 2016-cı il ərzində  rayon ərazisində 72000 ağac  əkilməsi İcra Hakimiyyəti tərəfindən proqnoz verilmişdir. 2016-cı  ilin 9 ayı ərzində Mərdəkan qəsəbəsində 3950, Şüvəlan qəsəbəsində 1604, Binə qəsəbəsində 550, Türkan qəsəbəsində  4200, Buzovna qəsəbəsində  1670, Qala qəsəbəsində 2380, Şağan qəsəbəsində 2388, Zirə qəsəbəsində isə 23900 ədəd ağac əkilmişdir. Ümumilikdə İcra Hakimiyyəti, qəsəbələr və bələdiyyələr tərəfindən rayon ərazisində 41342 ədəd müxtəlif  növ ağac  əkilmiş, onların  suvarılması  təmin edilmişdir. Hazırda da ərazilərdə yaşılıqlara   aqrotexniki qulluq işləri davam etdirilir.
       Hesabat dövründə rayon ərazisində asfalt yolların çəkilişi, əsaslı və cari təmiri istiqamətində bəzi işlər görülmüşdür. «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına  dair  Dövlət Proqramı»-na uyğun olaraq Binə qəsəbəsinin mərkəzi Ə.İsazadə küçəsindəki yenidənqurma  işləri çərçivəsində 54700 m2, Qala-Pirallahı  avtomobil yolunda 65000 m2, Mərdəkan qəsəbəsi  S.Yesenin, B.Əliyev, Q.İsmayılov, S.Dadaşov küçələrində  18180 m2,  28 may  küçəsində 15000 m2, S.Yesenin-1 küçəsində 9800 m2 asfalt örtüyü çəkilmişdir. Bununla yanaşı Xəzər Rayon İcra Hakimiyyətinin  daxili imkanları hesabına Şağan qəsəbəsində 14600 m2, Mərdəkan qəsəbəsində 5500 m2, Zirə qəsəbəsində 17960 m2, Binə qəsəbəsində 3700 m2, Şüvəlan qəsəbəsində 1500 m2, Buzovna qəsəbəsində 18000 m2  asfalt örtüyü salınmış, Türkan qəsəbəsində isə 5 km  yol cari təmir olunmuşdur.
Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi  tərəfindən 2016-cı ilin 9 ayı ərzində məişət tullantıları meydançalarından 83151 m3 məişət və digər bərk tullantılar yığılaraq daşınmışdır.
Birliyin su maşınları ilə  хidməti ərazilər, məcburi köçkünlər, idarə və təşkilatlar 23450 ton içməli su ilə təmin edilmişdir.
      2016-cı ilin 9 ayı  ərzində müəssisə və təşkilatlardan, o cümlədən Birliyin xidmət ərazilərindən  6230 ton çirkab maye yığılaraq daşınmışdır.
Binə qəsəbəsi, 131 saylı MKİS-in xidmət ərazisində yerləşən 5 mərtəbəli binalarının 543 mənzilində yaşayan 1646 nəfər sakin Xəzər Su kanal İdarəsi tərəfindən içməli su ilə fasiləsiz olaraq təmin edilmişdir.
    Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 1a saylı binanın qarşısında sakinlərin istirahəti üçün yaradılacaq parkla əlaqədar olaraq, orada qeyri-qanuni bağ-bağçalar, kiçik torpaq sahələri, inşa edilmiş qaraj və kiçik ölçülü tikililər Rayon İcra Hakimiyyətinin gösətirişinə əsasən sökülmüşdür.
Binə qəsəbəsi, Zabit heyyəti küçəsində yerləşən 1, 2 və 3 saylı evlərin fasadında təmir və rənglənmə işləri aparılmış, İ. Əhmədov küçəsi, 2 saylı binanın qarşısındakı həyətyanı sahədə abadlıq işləri aparılmaqla , sakinlərin istirahəti üçün abad məhəllə yaradılmaqdadır.
Buzovna qəsəbəsi, 136 saylı MKİS-in xidmət ərazisində yerləşən V. Seryogin küçəsi, bina 8a, 10a, 12, R.İmanov küçəsi, 36, 38a saylı binaların ətrafında abadlıq işləri görülmüşdür.
R. Imanov küçəsi, 28 saylı, 5 mərtəbəli binanın girişlərinin 780 m2 pilləkən qəfəslərinin sahəsi, divar və tavanları rəngli  boya ilə rənglənmişdir.
R.İmanov küçəsi, 38a saylı binanın qarşısında yeni abad məhəllə yaradılmış, oturacaqlar quraşdırılmış, kölgəliyin  damı əsaslı təmir olunmuş,  həmin ərazidə yaşıllıq sahəsi salınmış, ətrafına səki daşları düzülmüşdür. Eyni zamanda R.İmanov küçəsi, keçid 2151 ünvanında yerləşən 1 saylı yataqxananın ərazisində dekorativ kollar, gül-çiçəklər əkilmiş və onlara mütəmadi qulluq göstərilir.
Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, keçid 1349 ünvanında yerləşən 140 saylı MKİS-in xidmət ərazisindəki 5 mərtəbəli 4 yataqxana binasının girişlərindəki mərtəbələrarası divarların 850 m2 sahəsi boya ilə rənglənmişdir.
Yataqxana binalarının dam örtüyü 540 m2 şüşəli ruberoidlə cari təmir olunmuş, binanın zirzəmisində su təsərrüfatına aid 70 metr su borusu yenisi ilə əvəz edilmişdir.
Yataqxana binalarının həyətində sakinlərin istirahəti üçün yeni abad məhəllə yaradılmışdır. Bu abad məhəllədə  dekorativ kollar və güllər əkilmişdir. Oturacaqlar quraşdırılmış, rənglənmiş və səki daşları düzülmüşdür.
     Şüvəlan qəsəbəsi, 130 saylı MKİS-in xidmət ərazisində yerləşən zibil meydançaları əhəng məhlulu ilə ağardılmış, konteynerlər təmir edilərək rənglənmişdir.
"Şimal DRES" yaşayış sahəsi, Bağlar küçəsində yerləşən 4a saylı 5 mərtəbəli binanın girişlərinin 1280 m2 pilləkən qəfəslərinin mərtəbələrarası sahəsi, divar və tavanları boya ilə rənglənmişdir.
Mərdəkan qəsəbəsi, B. Əliyev küçəsi, 71 saylı yaşayış binasının 19, 20 saylı mənzillərinin dam örtüyü 180 m2  şüşəli ruberoidlə cari təmir olunmuşdur.
Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi, 15, 30 saylı yaşayış evlərində, 41 mənzil və ümumilikdə 143 sakin üçün  Xəzər Su Kanal İdarəsi tərəfindən içməli su çəkilmiş, o cümlədən 15, 58, 62 və H. Məmmədov küçəsi, 52 saylı evlərin daxili kanalizasiya xətləri mərkəzi kanalizasiya  xəttinə qoşulmuşdur.
A. İldırım küçəsi, 15 və 62 saylı binaların dam örtüyündə cari təmir işləri aparılmışdır.
     Şüvəlan qəsəbəsi, "Şimal DRES" yaşayış sahəsi, 19 saylı binanın qarşısında 500 m2  sahədə sakinlərin istirahəti üçün yeni abad məhəllə yaradılmışdır. Həmin bu abad məhəllənin qarşısındakı sahələrdən alaq otları vurulmuş, uşaqların əylənməsi üçün orada quraşdırılmış avadanlıqlar təmir olunmuş, rənglənmiş, kölgəliyin  şifer dam örtüyü təmir olunmuş, oturacaqları taxta materialı ilə dəyişdirilmiş, əlavə 2 oturacaq quraşdırılmışdır. Eyni zamanda həmin ərazidəki hasarlar rənglənmişdir. Yeni abad məhəllədə yaradılmış yaşıllıq sahəsinə isə mütəmadi olaraq qulluq göstərilir.
Əlavə olaraq MKTB tərəfindən Xəzər rayonu ərazisində Şüvəlan qəsəbəsi, A.İldırım, M.Müşfiq və Mərdəkan qəsəbəsi, S.Yesenin küçələrində hasarların üzlük daşları və işıq dirəklərinin aşağı hissəsi yuyularaq təmizlənmişdir. 
Mart ayında Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Türkan qəsəbəsinin ərazisində ağacəkmə tədbiri ilə əlaqədar Birliyin işçi qrupu 1500-dən artıq müxtəlif növ ağacların əkilməsində və suvarılmasında iştirak etmişdir.
      Əhalinin  maddi rifahının yaxşılaşdırlması məqsədilə  MKTB-nə əlavə 300 nəfər işçi qəbul edilmişdir. Bu işçilər qəsəbələr üzrə bölüşdürülmüş və onların normal fəaliyyəti üçün MKTB tərəfindən 189,0 min manat məbləğində müxtəlif ləvazimatlar, avadanlıqlar və xüsusi geyimlər alınmış və işçilərə paylanılmışdır.
Xəzər rayon Sukanal İdarəsi tərəfindən görülmüş işlərin nəticəsində hazırda rayon əhalisinin 34,6 % -i,  yəni 55867 nəfər fasləsiz su ilə təmin olunmuşdur.
   2016-cı ilin 9 ayı ərzində Xəzər rayon, TİX-nin ərazilərində itkilərin azaldılmasında və qaz təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlər planına əsasən  aşağıdakı işlər görülmüşdür:
     Şüvəlan qəsəbəsinin İ.Muradov, Nizami, Vidadi küçələrində təzyiq rejimlərinin tənzimlənməsi məqsədilə yeni çəkilmiş qaz xətlərinin üzərində qaz tənzimləyici şkafları quraşdırılmış, D 57 mm-lik 720  p/m, D 108 mm-lik 220 p/m qaz xətti çəkilmişdir. Eyni zamanda Şüvəlan qəsəbəsi, Sabir, M.Müşfiq, Abşeron, Füzuli, H.Məmmədov küçələrində həyətlərdən keçən qaz xətlərinin küçəyə çıxarılması üçün D-108 mm-lik 120 p/m, D-57 mm-lik 300 p/m qaz xəttinin çəkilişi işləri başa çatdırılmış, A.İldırım küçəsində isə qaz təchizatının yaxşılaşdırılması üçün D-76 mm-lik 90 p/m qaz xətti çəkilməkdədir.
Mərdəkan qəsəbəsinin R.Qasımov, S.Yesenin, H.Z.Tağıyev, Dənizkənarı küçələrində yeraltı qaz xətlərinin ləğv olunması məqsədilə D 57 mm-lik 618 p/m, D 76 mm-lik 131 p/m qaz xətti çəkilmiş, D-50 mm-lik siyirtmə  və 240 ədəd qaz sayğacları köhnə xətdən yeni xəttin üzərinə köçürülmüşdür.
Binə qəsəbəsinin: Rəhmanov, R.Əşrəfov, Orconikidze, Məmmədyarov, N.Abbasov küçələri və M.Füzuli küçəsinin bir hissəsində yeraltı qaz xətlərinin ləğv olunması məqsədilə D-57 mm-lik 2520 p/m, D-108 mm-lik 450 p/m, D-76 mm-lik 1023 p/m qaz xətti çəkilmişdir. 541 ədəd qaz sayğacı köhnə xəttin üzərindən yeni xəttə köçürülmüşdür.
     Buzovna qəsəbəsində  D 57 mm-lik 400 p/m, D 32 mm-lik 40 p/m, Türkan qəsəbəsində isə D 108 mm-lik 140 p/m ,  D 219 mm-lik 570 p/m qaz xətti çəkilmişdir.
Eyni zamanda Türkan, Binə, Buzovna, Qala, Şağan, Mərdəkan, Şüvəlan qəsəbələrində 95 ədəd qaz tənzimləyici şkaflarında tənzimlənmə işləri aparılmışdır.
Hal-hazırda rayon ərazisində qaz kəmərlərinin çəkilişi, mexaniki sayğacların “Smart kart” tipli sayğaclarla əvəz olunması, mənzillərin və obyektlərin qazlaşdırılması, həyətlərdə quraşdırılmış qaz sayğaclarının kənara çıxarılması işləri davam etdirilir.
Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması məqsədilə  bir çox işlər görülmüşdür.
    Belə ki, 2016-ci ilin 9 ayı ərzində 9 ədəd KTM, 34  ədəd güc transformatoru dəyişdirilmiş, 13 KTM-də ÖİN xətti quraşdırılmış, 201 ədəd qoruyucu dəyişdirilmiş, 637 ədəd TM və KTM cari təmir  olunmuşdur. 42  ədəd dayaq muftası qoyulmuş,  347ədəd Y/G izolyator, 147 ədəd dayaq dəyişdirilmiş, 137 ədəd yeni dayaq basdırılmışdır. 8199 metr 6/10 KV-luq, 8747 metr 0,4 kv-luq kabel çəkilmiş, 903 metr 6/10 KV-luq , 6865 metr 0,4 KV-luq kabel, 16310 metr 6/10 KV-luq  naqil dəyişdirilmişdir.
Hal-hazırda Şüvəlan  qəsəbəsində müasir standartlara cavab verən yeni KTM tikintisi davam etdirilir.
   Hazırki dövrdə əhalinin rabitə və informasiya texnologiyalarına çıxış imkanlarının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Görülən işlərin nəticəsidir ki, Xəzər Telefon Qovşağının 01.10.2016-cı il tarixinə montaj tutumu 68804 nömrə və abunəçi tutmu isə 59302 nömrə təşkil etmişdir.
Xəzər Telefon Qovşağı “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində də bir sıra işlər görmüşdür. Belə ki, Şüvəlan qəsəbəsi, Mayak yaşayış massivində 32 port internet və abunəçi tutumu artırılmışdır. Albalılıq yaşayış massivi ərazisində yerləşən EATS-453 dəyişdirilərək NGN (Next-Generation Network) şəbəkəsinə keçirilməsi  təmin edilmiş və 192 port artırılmışdır.
     Hesabat dövrü ərzində Binə qəsəbəsi, Vaqif küçəsində 192 №-li EATS quraşdırılaraq, Hövsan südçülük sovxozu ərazisində 200 abunəçi telefonla təmin edilmişdir. EATS-lərdə abunəçilərin internetə olan tələbatını ödəmək məqsədilə  şəbəkə tutumu 1184 port artırılaraq abonentlərin istifadəsinə verilmişdir.
2016-ci ilin 9 ayı ərzində Xəzər Telefon Qovşağı tərəfindən  əhaliyə 1282,  idarələrə isə 60 ədəd olmaqla 1342 ədəd yeni telefon, əhaliyə 3217,  idarələrə isə 32 ədəd olmaqla 5084 ədəd yeni ADSL xətti sənədləşdirilmişdir. Hesabat dövrü ərzində yüksəksürətli internet ADSL istifadəçilərinin sayı 28105 nömrə təşkil etmişdir.
      “Azərpoçt” MMC tərəfindən 2016-cı ilin 9 ayı üçün verilmiş 815570 manat tarif gəliri proqnozu faktiki olaraq 843597 manat icra edilmişdir. Proqnozla müqayisədə 27847 manat əlavə gəlir əldə olunmuşdur. Keçən ilin müvafiq dövrünün xidmətləri ilə müqayisədə PÖN satışı üzrə 41293, teleqramların qəbulundan 977 manat, telefon abunə haqlarının yığımı üzrə- 5664  manat, digər kommunal haqlarının yığımı üzrə  366 manat, beynəlxalq pul köçürmələri üzrə 4073 manat, DYP pullarının qəbulundan 3140 manat, xarici valyutanın alışı və satışı üzrə 26284 manat, digər gəlirlər üzrə 28973 manat gəlir artımı əldə olunmuşdur.
    «2014-2016-cı illərdə Bakı  şəhərinin  və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət  Proqramı”, H.Əliyev Fondu və digər  investisiya  layihələri çərçivəsində Xəzər rayonunda təhsil, səhiyyə, mədəniyyət, idman sahələri də daim diqqət mərkəzində olmuş və 2016-cı ilin 9 ayı ərzində də bu  istiqamətdə bir  sıra işlər görülmüşdür. Hal-hazırda rayon ərazisində 20-yə yaxın obyektdə, təmir-tikinti  və yenidənqurma işləri davam etdirilir. Bunlardan Şağan  qəsəbəsində 350 yerlik Mədəniyyət evi Şahmat məktəbinin, Müharibə Əlilləri üçün Müalicə Pansionatının, Mərdəkan qəsəbəsində Əlillər üçün müalicə pansionatının, Sərhəd Xidmətinin Xüsusi  məktəbinin yeni koprusunun, Buzovna qəsəbəsində İdman Kompleksinin,  Gənclər üçün İdman tədris bazasının, 7 nömrəli vərəm Xəstəxanasının, Uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyasının, Qala qəsəbəsində İdman Kompleksinin, GEMZS  Dünya Akademiyasının, Türkan qəsəbəsində  İdman Kompleksinin, Şüvəlan qəsəbəsində  Şimal DRES-in 2-ci blokunun, Zirə qəsəbəsində B.Sərdarov adına zavodun filialının təmir və tikintisini qeyd etmək olar. Bəzi obyektlər - Mərdəkan qəsəbəsində 2 nömrəli Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbi, Buzovna qəsəbəsində 144 nömrəli uşaq bağçası, Binə qəsəbəsində yeni uşaq bağçası artıq açılışa hazırdur.  Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Millət vəkili, Respublikanın birinci xanımı Mehriban Əliyeva 2016-cı ilin 9 ayında  rayonumuzda bir neçə obyektin açılış mərasimində iştirak etmişlər.
Cənab Prezident İlham Əliyev 20.04.2016-cı il tarixində Binə qəsəbəsinin Ə.İsazadə küçəsinin yenidən qurulmasından sonra yolun açılışında iştirak etmişdir. Xəzər RİH-nin Başçısı cənab G.İslamov həmin yolun davamının da yenidən qurulması məqsədilə cənab Prezidentə müraciət etmişdir. Prezident rayon  rəhbərinin müraciətini müsbət qiymətləndirərək yolun yenidən qurulmasının davam  etdirilməsi məqsədilə Prezidentin ehtiyat fondundan  «Azəravtoyol» ASC-nə əlavə vəsait  ayırmış və hazırda həmin yolun çəkilişi davam etdirilir.
    13.06.2016-cı il tarixində cənab Prezident Türkan qəsəbəsində yerləşən, DSX-nin Sahil Mühafizəsinin Gəmi İnşaası və Təmiri Mərkəzində tikintisi başa çatmış II dərəcəli  sərhəd  gəmisi və müasir  iri sürətli qayıqların istismara verilməsi mərasimində iştirak etmişdir.
21 sentyabr 2016-cı il tarixində cənab Prezident Buzovna qəsəbəsində yerləşən «Şərq» İstehsalat Birliyinin «Azad Sistemlər» Müəssisəsində olmuş və orada hazırlanan müasir kəşfiyyat bazasına və taktiki məhvedici hücum sisteminə malik «Zirvə» pilotsuz uçuş aparatlarının  təqdimat mərasimində iştirak etmişdir.
Azərbaycan Respublikasının birinci xanımı, Millət vəkili Mehriban Əliyeva 22.06.2016-cı il tarixində rayonun Zirə qəsəbəsinə səfər edərək, orada inşaası başa çatdırılan «Cümə» məscidinin və «Dalğa» yay uşaq düşərgəsinin açılış mərasimində iştirak etmişdir.
Hesabat dövründə rəsmi dövlət bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər tarixi hadisələrlə bağlı rayon ərazisində geniş ictimaiyyətin iştirakı ilə  kütləvi tədbirlər keçirilmiş, dövlətçilik tariximizin qanlı səhifələrinin yazıldığı  20 yanvar, Xocalı faciəsi və 31 mart Azərbaycanlıların soyqırımı  kimi anım günləri  qeyd edilmiş, öz tökülən qanları ilə tarix yazan qəhrəmanların əziz xatirəsi etiramla  yad edilmişdir.
«Novruz» bayramı münasibətilə Buzovna qəsəbəsində bayram şənliyi təşkil edilmiş, 1200 nəfər iştirakçı üçün  bayram süfrəsi açılmışdır. Bayram konserti və tonqal ətrafında şənlik təşkil olunmuş, xalqımızın  qədim və zəngin adət-ənənələrini  özündə  əks edirən tamaşalar göstərilmişdir.  Tədbir  İctimai Televiziya vasitəsilə geniş işıqlandırılmışdır.
    2016-cı ilin may ayında Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 93-cü ildönümü münasibətilə YAP rayon təşkilatı ilə birlikdə rayonda silsilə tədbirlər keçirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Ulu Öndər H.Əliyevin məzarı ziyarət edilmiş və H. Əliyev Mərkəzinə səfər təşkil olunmuşdur. H.Əliyevin xatirəsinə həsr edilmiş futbol, nərd, güləş yarışları keçirilmiş  və qaliblər mükafatlandırılmışlar.
23 iyun 2016-cı il tarixində Xəzər RİH-i Aparatında Dövlət Qulluqçularının peşə bayramı münasibətilə geniş  tədbir keçirilmiş və RİH-nin Başçısı  dövlət qulluqçularının peşə bayramı münasibətilə təbrik etmişdir.
15 sentyabr 2016-cı il tarixində rayonun bütün təhsil müəssisələrində «Bilik günü» qeyd edilmişdir.
      2016-cı ilin  9 ayı ərzində ən çox yadda qalan hadisələrdən biri də 26 sentyabrda keçirilən Referendumla əlaqədardır. Seçkilərlə əlaqədar olaraq  İcra Hakimiyyəti öz səlahiyyətləri çərçivəsində təşkilati işləri vaxtlı-vaxtında həyata keçirərək seçkilərin ən yüksək səviyyədə keçirilməsinə nail olmuşdur.
2016-cı ilin 9 ayı ərzində  Xəzər RİH Aparatına 2526 ərizə, şikayət və müraciət, 1552 xidməti sənəd daxil olmuşdur. Daxil olmuş 2526 ərizə və muraciətdən 1032-si  müsbət həll edilmiş, 1394  ərizəyə lazımi izahat və təkliflər verilmiş, 7 ərizə aidiyyatı üzrə göndərilmiş,  93  ərizə isə icraatdadır.
Hesabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 80 nəfər vətəndaş olmuşdur. Ötən dövrdə vətəndaşların icra hakimiyyətində qəbul edilməsinin və müraciətlərinə baxılmasının bir qismi elektron formada həyata keçirilmişdir.
      2016-cı ilin 9 ayında  RİH Başçısı tərəfindən qəsəbələrdə 19  səyyar qəbul keçirilmiş, bu görüşlərdə 2172  nəfər iştirak etmiş və 71 müraciət səslənmişdir.  Səyyar görüşlərdə bir qayda olaraq Millət vəkili Rauf Əliyev  iştirak etmiş və o da sakinləri narahat edən problemlərlə bağlı öz izahatlarını vermişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su, kanalizasiya və nəqliyyat problemləri üstünlük təşkil etmişdir.  Səyyar qəbullarda səslənmiş  müraciətlərin  əksəriyyəti müsbət həll edilmiş, digər məsələlərlə baglı isə aidiyyatı qurumlara müraciətlər göndərilmişdir.
Perspektivdə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq işləri çərçivəsində Mərdəkan qəsəbəsinin girişindəki istirahət  parkının tikintisi işlərinin başa çatdırılması, Binə qəsəbəsində yeni istirahət  parkının tikintisinə başlanılması, Binə, Mərdəkan, Şüvəlan qəsəbələrində yerləşən bəzi hündürmərtəbəli  binaların təmir olunması,  2016-cı il üçün proqnozda  nəzərdə tutulmuş ağac əkilməsinin başa çatdırılması və digər  işlər durur.
Xəzər rayon İcra Hakimiyyəti sakinlərin rahat, firavan yaşamasına yönələn bu kimi layihələrin həyata keçirilməsi üçün müvafiq işləri görəcək,  qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarını vaxtında və keyfiyyətlə icrası, vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışın təmin edilməsi üçün bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.  
     Sonda YAP Xəzər rayon təşkilatının sədri N.Əhmədov,  DSMF – nun Xəzər rayon şöbəsinin direktoru E.Qurbanov, Xəzər rayon Su-Kanal İdarəsinin baş mühəndisi İ.Əliyev, 26 saylı tam orta məktəbin direktoru N.Səmədov və  Şağan qəsəbə nümayəndəsi T. Səlimov hesabat məruzəsi ətrafında çıxışlar edərək, hesabatı qənaətbəxş hesab etmişlər.

Keçidlər