Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 28 May Respublika Günü münasibətilə tədbir keçirildi.

27 may 2016 | 16:00

27 may 2016-cı il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzində “Eko-park”da “28 May Respublika Günü” münasibətilə tədbir keçirildi.
Tədbirdə Xəzər RİH Başçısının I müavini Vaqif Həsənov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər RİH Başçısının müavinləri A.Balayev, Lalə Əhmədova, Xəzər rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişdilər.

        Tədbiri Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Vaqif Həsənov açaraq ilk öncə  tədbir iştirakçılarını 28 May Respublika Günü münasibətilə təbrik etdi.

       Vaqif Həsənov bu tarixin Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu və  Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini söylədi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

       Sonra Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Xəzər rayon təşkilatının Gənclər Birliyinin sədri Taleh Məmmədov və 125 saylı orta məktəbin direktoru Zeynəb Əliyeva çıxış edərək 28 may 1918-ci ildə müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını, mövcud olduğu 23 ay ərzində Azərbaycanda demokratik hüquq və azadlıqların bərqərar olunduğunu, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanındığını, bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verildiyini, Azərbaycan dilinin dövlət dili elan edildiyini, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərildiyini, nizami milli ordunun, təhlükəsizlik strukturlarının yaradıldığını diqqətə çatdırdılar.
       Natiqlər həmçinin qeyd etdilər ki, bu gün Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən dinamik sosial-iqtisadi inkişafın əsası 98 il əvvəl qoyulmuş dövlət müstəqilliyinin bəhrəsidir: “Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir və inkişaf etdirir. Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrini gördükcə tam əsasla demək olar ki, Azərbaycanın müstəqilliyi dönməzdir və əbədidir”.

Keçidlər