Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümü ilə əlaqədar Mərdəkan Mədəniyyət Sarayında ədəbi bədii gecə keçirildi.
10 May 2016 –cı il tarixində Mərdəkan Mədəniyyət Sarayında Ümummilli lider Heydər Əliyevin 93 –cü ildönümünə həsr olunmuş “Bir oğul göstərin Heydərə bənzər” adlı ədəbi bədii gecə keçirildi. Tədbirdə Xəzər rayonunun 181 , 230, 149, 183 saylı məktəblərinin direktorları, müəllim və şagird kollektivi iştirak edirdilər. Tədbiri giriş sözü ilə sarayın bədii rəhbəri K. İsrafilov açaraq bildirdi ki, Heydər Əliyev Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisidir.
Tədbir ulu öndərin həyat və yaradıcılığını əks etdirən video çarx ilə davam etdirildi. 181 saylı məktəbin şagirdləri Ümummilli lider Heydər Əliyevin zəngin həyatını nümayiş etdirən geniş kompazisiya ilə çıxış etdilər. Tədbir zamanı Mərdəkan Mədəniyyət Sarayında fəaliyyət göstərən “Lalələr” rəqs kollektivinin üzvi Emma Cəlilovanın “Sarı gəlin” rəqsi, 181 saylı məktəbin şagirdləri olan Kamran Zahirbəyovun ifasında “Xalq Heydər deyəcək” , “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”, Murad Rzayevin ifasında “Cənab leytenant” mahnıları, tamaşaçılarda böyük maraq yaratdı.
Sonda 181 saylı məktəbin direktoru Fərqanə Abasova çıxış edərək hər kəsə belə gözəl tədbirin keçirilməsinə görə öz təşəkkürünü bildirdi və qeyd etdi ki, Heydər Əliyev Azərbaycanın böyük lideri idi. Azərbaycan xalqı onun qoyduğu irs ilə daima fəxr edir.