Xəzər rayonunda Ulu Öndərin anadan olmasının 93-cü ildönümü qeyd olunub.
03 may 2016-cı il txində Zirə qəsəbəsində yerləşən Zirə Mədəniyyət Mərkəzinin “Eko” parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Xəzər rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının və Xəzər İnkişaf Fondunun birgə təşəbbüsü ilə keçirilən tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatları Rauf Əliyev, Hikmət Məmmədov, Xəzər İnkişaf Fondunun sədri Elmar Mədətov, “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri açıq elan edən YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik ənənələrimizin bərqərar olmasında, azərbaycançılıq məfkurəsinin formalaşmasında apardığı uğurlu faəliyyətdən bəhs edib. N.Əhmədov Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışının Azərbaycan üçün böyük qurtuluş olduğunu deyib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ölkədə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın tarixində yeni bir səhifə açıldı: “1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr fonunda ölkəmizi yalnız və yalnız Heydər Əliyev kimi nadir şəxsiyyət xilas edə bilərdi. Onun hakimiyyətə qayıdışı məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycanı xilas etdi. Bu gün Onun yaratdığı, formalaşdırdığı siyasi və iqtisadi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı məhz Ulu Öndər siyasətini dəstəkləyir, onun ətrafında sıx birləşir. Əminliklə söyləmək istəyirəm ki, Azərbaycan dövləti Ulu Öndərin bizlərə miras qoyduğu siyasət nəticəsində bundan sonra daha böyük uğurlara imza atacaq”.
Tədbirdə çıxış edən “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev bugünkü Azərbaycanın müstəqil dövlət kimi formalaşmasına öz töhfəsini verib: “Məhz bugünkü Azərbaycan bizlərə Ulu Öndərdən miras qalıb. O zaman böyük layihələr həyata keçirilməsəydi, peşəkar kadrlar hazırlanmasaydı bu gün müsair Azərbaycandan danışa bilməzdik. Ulu Öndər hələ 1969, 1970, 80-ci illərdə peşəkar, işinin, vəzifəsinin öhdəsindən layiqincə gələ biləcək kadrların yetişməsində böyük xidmət göstərib. Eyni zamanda ziyalıların, yaradıcı insanların sovet repressiya maşınından qurtulmalarına yardımçı oldu. Əgər müstəqilliyimizin ilk vaxtlarında səriştəsiz rəhbərlərin yarıtmaz siyasəti nəticəsində ölkədə vətəndaş müharibəsi gedirdisə, bu gün vətəndaş cəmiyyətinin formalaşması prosesi gedir. O illərdə sosial, iqtisadi, siyasi çətinliklərlə üzləşən Azərbaycan bu gün müstəqil Azərbaycan kimi dünya arenasında söz sahibinə çevrilib, dünyaya yeni bir modellə təqdim olunur. Baxın, budur Ulu Öndər siyasəti! O dövrlə bu dövr arasındakı fərqə nəzər yetirəndə hər birimiz bu göstəricilərin, bu uğurların şahidi oluruq və bir daha Dahi Şəxsiyyətin uzaqgörənliyi qarşısında baş əyirik”.
B.Quliyev onu da qeyd edib ki, müasir Azərbaycan Ulu Öndərin şah əsəridir: “Ölkəmizi Ulu Öndərin memarı olduğu Azərbaycan kimi xarakterizə etsək yanılmarıq”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə öz çıxışında qeyd edib ki, Azərbaycanın bugünkü varlığında Ulu Öndərin imzası var: “Ulu Öndər kimi dahi liderimiz olmasaydı, Azərbaycanın varlığından söhbət edə bilməzdik. Ölkəmizin bugünkü inkişafı, tərəqqisi Onun apardığı uğurlu siyasətin nəticəsidir. Bütün həyatını Vətəninə, xalqına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti tariximizdə dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı daim bu böyük məktəbdən, Ulu Öndərin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Dahi Şəxsiyyət öz parlaq siyasi zəkası və istedadı sayəsində müasir, müstəqil, qüdrətli Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış, xalqımızı xoşbəxt gələcəyə aparan yolları müəyyənləşdirmişdi. Azərbaycanı xaosdan, anarxiyadan, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas edən Dahi Şəxsiyyətin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunması növbəti uğurlar üçün möhkəm zəmin yaratdı. Bundan başqa 1994-cü ilin 20 sentyabrında tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsi imzalandı ki, bu müqavilə Azərbaycanın iqtisadi imkanlarının artmasında, dünya iqtisadi sisteminə inteqrasiyasında əhəmiyyətli rol oynadı, növbəti sazişlərin imzalanmasına geniş yol açdı. Məhz bu uğurlu yolun nəticəsidir ki, bu gün dünya artıq Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki oynadığı roldan danışır. Məhz onun nəticəsidir ki, regionda bir dənə də olsun qlobal layihə Azərbaycansız icra edilmir”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının unudulmaz şəxsiyyətidir: “Ümummilli Lider ölkəmizin dövlətçilik tarixinin əsasını yaratmaqla, onu möhkəmləndirməklə Azərbaycan tarixində böyük iz buraxdı. Nə qədər Ulu Öndərin fiziki-bioloji mövcudluğu dövründə Azərbaycan dövləti var idisə, ondan sonrakı mərhələdə də Dahi Şəxsiyyətin ideyaları, əməlləri vardır. Əgər biz bu gün müstəqil Azərbaycanı Ümummilli Liderin şah əsəri kimi səciyyələndiririksə, deməli tamamilə haqlıyıq. Çünki yalnız böyük dövlət xadimlərinin qurduğu dövlət, formalaşdırdığı ideologiya uzunömürlü olur. Heydər Əliyev məhz elə o böyük dövlət xadimlərindən idi. Ulu Öndər Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alan, ölkəmizdə ümummilli həmrəyliyi təmin edən, müasir inkişafımızın hüquqi-siyasi və iqdisadi əsaslarını yaradan yeni azərbaycançılıq ideologiyasının banisidir. Bu gün Ulu Öndərin qurduğu müstəqil Azərbaycan dövlətinin bu gün dünya siyasətində özünəməxsus yer tutub. Ümummilli Liderin həmişəyaşar ideyaları Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizə yeni-yeni uğurlar qazandıracağı isə şübhəsizdir”.
H.Məmmədov onu da vurğulayıb ki, ötən hər gün Ulu Öndərin nə qədər böyük bir insan, şəxsiyyət, siyasətçi, dövlət xadimi, dahi olduğunu bir daha göstərir: “Zaman keçdikcə, dünyada baş verən siyasi prosesləri dərk etdikcə Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün nə qədər cəsarətli addımlar atdığını, nə qədər ağır zəhmət, fədakarlıq hesabına müstəqil Azərbaycan dövlətini qurub yaratdığını bir daha özümüz üçün aydınlaşdırmış oluruq. Ümummilli Lider özündən sonra çox böyük irs qoyub. Bu irsin tədqiq olunması, öyrənilməsi və yeni nəslə ötürülməsi bizim nəslin Azərbaycan ziyalılarının, elm adamlarının qarşısında duran başlıca vəzifələrdən biridir. Çünki Heydər Əliyevçilik Azərbaycan milli dövlətçiliyi, onun əsasları və təməlləri deməkdir”.
Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, 1993-cü ilin iyununda - Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən faciəli anlarını yaşayırdı: “Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik, başıpozuqluq, xaos ölkəni iflic etmişdi. Hakimiyyətdəki AXC-Müsavat cütlüyü mövcud təhlükələrə son qoymaq üçün düşünülmüş tədbirlər görmək iqtidarında deyildi. Siyasi baxımdan təcrübəsiz, dövlət idarəçiliyində heç bir təsəvvürə malik olmayan hakimiyyət təhlükənin qarşısını almaq üçün güc strukturlarının imkanlarından istifadə etmək haqqında düşünməyə başladı. 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadiminin apardığı siyasət nəticəsində vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı”.
Rauf Əliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən, bütövlükdə məhv olmaqdan qurtardı: “Bu gün biz Ulu Öndərin qurub yaratdığı müstəqil Azərbaycanın vətəndaşları olaraq dünyada söz sahibinə çevrilmişik. Bu gün biz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsini ölkəmizin uğurlarında görürük. Fəxr edirik ki, bizim məhz Ulu öndər kimi dahi liderimiz var”.
Sonda Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov çıxış edərək bildirib ki, Azərbaycan adında müstəqil, güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövləti bizə məhz Ulu Öndər ərməğan edib: “Ümummilli Lider cəmiyyətin bütün sahələrində islahatların aparılması ilə bağlı qanunlar imzalayıb. İstər dövlətə, istər cəmiyyətin ayrı-ayrı təbəqələrinə münasibətdə çox böyük bir strategiyanı hazırlayıb bizlərə miras buraxıb. Bu gün XXI əsrin Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Ona görə də 2003-cü ildə Ulu Öndər məhz öz imzası ilə dövlətimizin başçısı İlham Əliyevi Azərbaycan xalqına təqdim etdi. Bu gün xalqımız o imzanın nə qədər doğru imza olmasının şahididir və Prezident İlham Əliyevin apardığı uğurlu daxili, xarici siyasətin ardınca gedir”.