Xəzər rayonunda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
2016-cı il aprel ayının 14-də Xəzər rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Milli Məclisin üzvü Rauf Əliyev, YAP Xəzr rayon təşkilatının sədri Namiq Əhmə, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, idarə, müəssisələrin və hüquq –mühafizə orqanlarının rəhbərləri iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov çıxış edərək 9 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasında dövlət başçısının ölkədə iqtisadi islahatların sürətlə aparıldığını, ixrac potensialının artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması kimi istiqamətlər üzrə ciddi qərarların qəbul edildiyini, həmçinin biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi, bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesində mühüm addımlar atıldığını, sahibkarlara yardımların davam etdirildiyini söylədiyini diqqətə çatdırdı.
Sonra Xəzər rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış üçün sözü Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədovaya verdi.
L.Əhmədova çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafı sürətlə davam etdirilir. Həmişə olduğu kimi ötən dövrdə də yenidənqurma işləri Xəzər rayonunda uğurla davam etdirilmişdir.
2016-cı ilin I rübündə rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət olunmuşdur. Belə ki, rayon üzrə sənaye məhsulu istehsalı 37 milyon 722 min manat təşkil etmişdir. Sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 88.4% olmuşdur.
Nəqliyyat sektorunda 186 milyon 332,8 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 153,9 % çox olmuşdur.
Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 1 milyon 338,9 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 % çox rabitə xidməti göstərilmişdir.
Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 9 milyon 453,5 min manat məbləğində investisiya cəlb edilmişdir. İstifadə edilmiş investisiyaların 7 milyon 957,8 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
İstehlak və xidmət bazarlarında əhaliyə 15 milyon 541,1 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 12 milyon 328,3 min manata, pullu xidmətlərin həcmi 406,3 min manata çatmışdır.
Ticarət şəbəkəsindən satılmış məhsulların 13,8 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 86,2 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsində 2016-ci ilin I rübü ərzində 455 nəfər fərdi sahibkarlıq fəaliyəti ilə məşğul olan sığortaedən qeydiyyatdan keçmişdir.
Bundan əlavə Pensiya təyinatı sektoru üzrə 04.04.2016-ci il tarixə olan vəziyyətə görə 16872 əmək pensiyaçısına pensiya ödənilir. Birinci rüb ərzində şöbə tərəfindən əhaliyə pensiya və müavinətlərin ödənilməsi üçün tələb olunan məbləğ 9.696,6 min manat təşkil etmişdir. Həmin maliyyələşmə 31.03.2016-ci il tarixində başa çatdırılmışdır. 16872 nəfər pensiyaçıya plastik kartlar vasitəsilə pensiyaların ödənilməsi təmin edilmişdir.
2016-ci ilin I rübünün yekununa olan məlumata əsasən Xəzər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi üzrə 6105 nəfərin müavinət işi qeydiyyatdadır. Birinci rüb ərzində təqdim olunan ərizələrə əsasən 654 nəfər müavinət alan vətəndaşların ərizələrinə yenidən komissiyada baxılaraq, onlara qanuna müvafiq olaraq aylıq müavinətlər təyin edilərək, ödəniş müəssisələrinə göndərilmişdir.
Hal-hazırda Mərkəz üzrə 3851 nəfər 590242 manat məbləğində ÜDSY alır.
Bir ailəyə düşən ÜDSY-nın orta aylıq məbləği 153 manat təşkil edir.
Xəzər rayon ƏSMM-nin əlil və tənhalara sosial məişət xidməti sektorunda 90 nəfər tənha əlil, ahıl vətəndaşa sosial xidmət göstərilir.
Azərbaycan Respublikası Sahibkarlığa Yardım Milli Fondu tərəfindən I rüb ərzində rayonun Zirə qəsəbəsində sahibkarlarla tədbir keçirilmiş, 10 sahibkarlıq subyektinə 100 min manat güzəştli kredit verilmişdir.
Əhalinin məşğulluğunu təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Xəzər rayonuna 300 ştat vahidi işçi yeri ayrılmış və rayon ərazisində yaşayan, işsiz, aztəminatlı ailələrin üzvlərindən ibarət 300 nəfər işə qəbul edilmişdir. Artıq bir neçə aydır ki, bütün qəsəbələri əhatə edən həmin işçi qrupları ərazidə, park və meydanlarda, yolların kənarlarında, məhəllədaxili küçələrdə təmizlik işləri görür və vaxtı-vaxtında əmək haqqlarını alırlar.
Hesabat dövründə rayon ərazisində tikinti və quruculuq işləri səngiməmiş, daha da geniş vüsət almış, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri yeniləşdirilmiş, yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.
Hal-hazırda Xəzər Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Şüvəlan qəsəbəsinin H.Əliyev, Mərdəkan qəsəbəsinin Yesenin, Binə qəsəbəsinin Ə.İsazadə küçələrinin yenidən qurulması, o cümlədən divarlara aqlay daşının vurulması, səkilərin müasir üslubda yenidənqurulması, yolboyu milli və tarixi elementlər nəzərə alınmaqla qədim tikililərin bərpası istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Şüvəlan qəsəbəsinin H.Əliyev küçəsində 242 paqon metr bardür düzülmüş, səkilərə 491 m2 dekorativ daş döşənmiş, 36 m2 hörgü işi görülmüşdür.
Mərdəkan qəsəbəsində, Dendrologiya İnstitutunun 310 m2 köhnə hasarı sökülərək yerində yeni hasar tikilmişdir. Qəsəbəsinin mərkəzi Yesenin küçəsində 120 m2 aqlay üzlük, 230 paqon metr naxışlı daş vurulmuşdur. Həmçinin qəsəbənin girişində salınan istirahət parkında 50 m3 beton işi, 30 m2 hörgü işi görülmuş, 200 m3 torpaq daşınmışdır. Hal-hazırda da həmin parkda işlər davam etdirilir.
Qəsəbənin 28 may küçəsində isə 1500 paqon metr bardür düzülmüşdür.
Binə qəsəbəsinin mərkəzi küçəsində də bu istiqamətdə işlərə başlanmışdır. Hazırda orada 210 m2 aqlay üzlük, 480 paqon metr naxışlı daş vurulmuşdur. İşlər davam etdirilir.
Bundan başqa Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Mərdəkan, Şüvəlan qəsəbələrinin mərkəzi küçələrində və digər yerlərdə yerləşən 95 ədəd küçə işıqları təmir edilərək, yararlı vəziyyətə gətirilmişdir.
Bugünün prioritet məsələlərdən biri də yaşıllıqların salınmasıdır. Bildiyiniz kimi 2015-ci il ərzində rayon ərazisində 58519 ədəd müxtəlif növ ağac əkilmişdir. Nəzərinizə çatdırırıq ki, 2016-cı il ərzində rayon ərazisində 72000 ağac əkilməsi İcra Hakimiyyəti tərəfindən proqnoz verilmişdir. Artıq bir neçə aydır ki, bu işlərə başlanılmış və 2016-cı ilin I rübü ərzində rayonun Mərdəkan qəsəbəsində 3450 , Şüvəlan qəsəbəsində 960, Binə qəsəbəsində 450 , Türkan qəsəbəsində 3200, Buzovna qəsəbəsində 1570, Qala qəsəbəsində 2830, Şağan qəsəbəsində 2288, Zirə qəsəbəsində isə 23400 ədəd ağac əkilmişdir. Ümumilikdə İcra Hakimiyyəti, qəsəbələr və bələdiyyələr tərəfindən rayon ərazisində 38148 ədəd müxtəlif növ ağac əkilmiş, onların suvarılması təmin edilmişdir. Hazırda da ərazilərdə yaşılıqların salınması və onlara aqrotexniki qulluq işləri davam etdirilir.
Hesabat dövründə rayon ərazisində asfalt yolların çəkilişi, əsaslı və cari təmiri istiqamətində bəzi işlər görülmüşdür. «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»-na uyğun olaraq Binə qəsəbəsinin mərkəzi Ə.İsazadə küçəsindəki yenidənqurma işləri çərçivəsində 10500 m2, Qala-Pirallahı avtomobil yolunun 7 km-i əhatə edən hissəsində isə 50000 m2 asfalt örtüyü çəkilmişdir. Bununla yanaşı Xəzər Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Şağan qəsəbəsində 7250 m2, Mərdəkan qəsəbəsində 1700 m2, Zirə qəsəbəsində 17960 m2 asfalt örtüyü salınmış, Türkan qəsəbəsində isə 5 km yol cari təmir olunmuşdur.
Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2016-cı ilin I rübündə məişət tullantıları meydançalarından 28305 kub.metr məişət və digər bərk tullantılar yığılaraq daşınmışdır.
Birliyin su maşınları ilə I rübdə xidməti ərazilər, məcburi köçkünlər, idarə və təşkilatlar 7874 ton içməli su ilə təmin edilmişdir.
2016-cı ilin I rübü ərzində müəssisə və təşkilatlardan, o cümlədən Birliyin xidmət ərazilərindən 1881 ton çirkab maye yığılaraq daşınmışdır.
Binə qəsəbəsi, 131 saylı MKİS-in xidmət ərazisində yerləşən 2146-cı məhəllədə 21 və 23 saylı, 2147-ci məhəllədə 3 saylı, Ə. İsazadə küçəsində 3 və 1 a saylı, İ. Əhmədov küçəsində 2 saylı, H. Hasilov küçəsində 13 saylı binaların sakinləri Xəzər Su kanal İdarəsi tərəfindən içməli su ilə fasiləsiz olaraq təmin edilmişdir.
131 saylı MKİS-in xidmət ərazisində təmizlik işləri ilə bərabər məişət tullantıları vaxtı-vaxtında yığılaraq daşınmış, konteynerlər təmir olunmuş və rənglənmişdir.
Binə qəsəbəsi, Zabit heyyəti küçəsində yerləşən 1, 2 və 3 saylı evlərin fasadında təmir və rənglənmə işləri aparılmış, eyni zamanda Ə. İsazadə küçəsi 3 saylı binanın fasadında əsaslı təmir işləri davam etdirilir.
İ. Əhmədov küçəsi 2 saylı binanın qarşısındakı həyətyanı sahədə abadlıq işləri aparılır və sakinlərin istirahəti üçün abad məhəllə yaradılmaqdadır.
Buzovna qəsəbəsi 136 saylı MKİS-in xidmət ərazisində yerləşən G. Məmmədov küçəsi, 6a saylı binanın 2-ci girişində pəncərələr təmir edilmiş və şüşələnmişdir. Ərazidə yerləşən konteynerlər təmir olunmuş və rənglənmişdir.
V. Seryogin küçəsi bina 8a, 10a, 12, R. İmanov küçəsi 36, 38a saylı binaların ətrafında abadlıq işləri görülmüşdür.
R. Imanov küçəsi 28 saylı, 5 mərtəbəli binanın girişlərinin 780 kv.metr pilləkən qəfəslərinin sahəsi, divar və tavanları boya ilə rənglənmişdir.
136 saylı MKİS-in xidmət ərazisində yerləşən R. İmanov küçəsi 36 saylı binanın qarşısında sakinlərin istirahəti üçün yeni abad məhəllə yaradılmaqdadır.
Buzovna qəsəbəsi Albalılıq dayanacağı keçid 1349 ünvanında yerləşən 140 saylı MKİS-in xidmət ərazisindəki 5 mərtəbəli 4 yataqxana binasının girişlərindəki mərtəbələrarası divarların 850 kv.metr sahəsi boya ilə rənglənmişdir.
Yataqxana binalarının dam örtüyü 540 kv.metr şüşəli ruberoidlə cari təmir olunmuş, binanın zirzəmisində su təsərrüfatına aid 70 metr su borusu yenisi ilə əvəz edilmişdir.
Binaların su navalçaları təmizlənmiş, giriş qapıları rənglənmiş və tüstü bacaları işlək vəziyyətə gətirilmişdir.
Binaların həyətyanı sahəsində sakinlərin istirahəti üçün yeni abad məhəllə yaradılmaqdadır.
Şüvəlan qəsəbəsi 130 saylı MKİS-in xidmət ərazisində yerləşən zibil meydançaları əhəng məhlulu ilə ağardılmış, konteynerlər təmir edilərək rənglənmişdir.
I rüb ərzində 130 saylı MKİS-in həyətyanı sahələrində yerləşən yaşayış binalarının ətrafında iməcliklər keçirilmiş və yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
Mərdəkan qəsəbəsi B. Əliyev küçəsi, 71 saylı yaşayış binasının 19, 20 saylı mənzillərinin dam örtüyü 180 kv.metr şüşəli ruberoidlə cari təmir olunmuşdur.
Qala qəsəbəsi Dəmir yol dayanacağı küçəsində yerləşən birmərtəbəli 2 saylı yaşayış evinin qrunt sularına məruz qalması səbəbindən həmin sahəyə yığılmış yağış və qeyri-qrunt suların qurudulması üçün 2 nasos vasitəsilə həmin ərazi qurudulmuşdur.
Şüvəlan qəsəbəsi A. İldırım küçəsi 15, 30 saylı yaşayış evlərinə Xəzər Su -Kanal İdarəsi tərəfindən içməli su çəkilmiş, o cümlədən 15, 58, 62 və H. Məmmədov küçəsi, 52 saylı evlərin daxili kanalizasiya xətləri mərkəzi kanalizasiya sisteminə qoşulmuşdur.
A. İldırım küçəsi 15 və 62 saylı binaların dam örtüyündə cari təmir işləri aparılmışdır.
Şüvəlan qəsəbəsi «Şimal DRES» yaşayış sahəsi 19 saylı binanın qarşısında 50 kv.metr sahədə sakinlərin istirahəti üçün yeni abad məhəllə yaradılır. Həmin bu abad məhəllə və digər MKİS-lərdə yaradılacaq abad məhəllələrin Ulu Öndərimiz H. Əliyevin doğum günü münasibətilə may ayına yekunlaşdırılması nəzərdə tutulub.
Xəzər rayon Su-Kanal İdarəsi də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində bir çox tədbirləri həyata keçirmişdir. Görülən işlərin nəticəsində bu gün su istifadəçisi olan abonentlərin sayı 22000-ə çatdırılmışdır.
2016-cı ilin I rübü ərzində Xəzər rayon Qaz istimar Sahəsinin xidmət ərazisində itkilərin azaldılması və qaz təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlər planına əsasən aşağıdakı işlər görülmüşdür:
Şüvəlan qəsəbəsi üzrə: İ.Muradov, Nizami, Vidadi küçələrində təzyiq rejimlərinin tənzimlənməsi məqsədilə yeni çəkilmiş qaz xətlərinin üzərində qaz tənzimləyici şkafları quraşdırılmış, D 57 mm-lik 620 p/m, D 108 mm-lik 196 p/m qaz xətti çəkilmişdir.
Mərdəkan qəsəbəsi üzrə: R.Qasımov, S.Yesenin, H.Z.Tağıyev, Dənizkənarı küçələrində yeraltı qaz xətlərinin ləğv olunması məqsədilə D 57 mm-lik 618 p/m, D 76 mm-lik 131 p/m qaz xətti çəkilmiş, D-50 mm-lik siyirtmə və qaz tənzimləyici qoyulmuş, 140 ədəd qaz sayğacları köhnə xətdən yeni xəttin üzərinə köçürülmüşdür.
Binə qəsəbəsi üzrə: Rəhmanov, R.Əşrəfov, Orconikidze, Məmmədyarov, N.Abbasov küçələri və M.Füzuli küçəsinin bir hissəsində yeraltı qaz xətlərinin ləğv olunması məqsədilə D 57 mm-lik 2520 p/m, D 108 mm-lik 450 p/m, D 76 mm-lik 1023 p/m qaz xətləri çəkilmişdir. 230 ədəd qaz sayğacları köhnə xətdən yeni xəttin üzərinə köçürülmüşdür.
Buzovna qəsəbəsi üzrə: D 57 mm-lik 400 p/m, D 32 mm-lik 40 p/m qaz xətti çəkilmişdir.
Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması məqsədilə müəyyən işlər görülmüşdür. Belə ki, 2016-ci ilin I rübü ərzində 5 ədəd KTM və 4 ədəd güc transformatoru dəyişdirilmiş, 4 ədəd yeni KTM quraşdırılmış, 7 KTM-də ÖİN xətti quraşdırılmış, 12 ədəd qoruyucu dəyişdirilmiş, 34 ədəd TM və KTM cari təmir və təftiş olunmuş, 20 ədəd ayırıcı dəyişdirilmiş, 43 ədəd birləşdirici mufta qoyulmuş, 34 ədəd dayaq muftası qoyulmuş, 347ədəd Y/G izolyator, 31 ədəd dayaq dəyişdirilmiş və 10 ədəd dayaq basdırılmışdır. 3782 m məsafədə 6/10 kv-luq yeni kabel çəkilib, 1954 m məsafədə 0,4 kv-luq kabel, 7116 m məsafədə 6/10 kv-luq naqil dəyişdirilmişdir.
Hazırki dövrdə əhalinin rabitə və informasiya texnologiyalarına çıxış imkanlarının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Görülən işlərin nəticəsidir ki, Xəzər Telefon Qovşağının 01.04.2016-cı il tarixinə montaj tutumu 68656 nömrə və abunəçi tutumu isə 59477 nömrə təşkil etmişdir. Təkcə 2016-ci ilin I rübü ərzində Xəzər Telefon Qovşağı əhaliyə 333 ədəd və idarələrə 10 ədəd olmaqla 343 ədəd yeni telefon sənədləşdirib. Eyni zamanda rayon əhalisinin informasiya texnologiyalarına çıxış imkanlarının daha da yaxşılaşdırılması məqsədilə əhalinin yüksək sürətli internetlə təmin olunması üçün Xəzər Telefon Qovşağının EATS-lərində genişzolaqlı yüksəksürətli internet avadanlıqları quraşdırılaraq, abunəçilərin istifadəsinə verilmiş və son üç ay ərzində qovşağın tutumu 277 ədəd ADSL artırılaraq, ümumi istifadəçilərin sayı 26345 nömrəyə çatdırılmışdır.
“Azərpoçt” MMC tərəfindən 2016-cı ilin 3 ayı üçün verilmiş 263498 manat tarif gəliri proqnozu faktiki olaraq 264215 manat icra edilmişdir. Keçən ilin müvafiq dövrünün xidmətləri ilə müqayisədə PÖN satışı üzrə 31120 manat, teleqramların qəbulundan-287 manat, telefon abunə haqlarının yığımı üzrə-3277 manat, digər kommunal haqlarının yığımı üzrə-156 manat, DYP pullarının qəbulundan-1317 manat, xarici valyutanın alışı və satışı üzrə-15884 manat, digər gəlirlər üzrə-2908 manat gəlir artımı əldə olunmuşdur.
«2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»-na uyğun olaraq Xəzər rayonunuda təhsil, səhiyyə, mədəniyyət və idman sahələri də daim diqqət mərkəzində olmuş və 2016-cı ilin I rübündə də bu istiqamətdə bir sıra işlər görülmüşdür. Belə ki, Şağan qəsəbəsində 350 yerlik Mədəniyyət Mərkəzinin və Şahmat məktəbinin tikintisi və təmiri işləri tamamlanmaq üzrədir. Buzovna, Türkan, Qala qəsəbələrində İdman Mərkəzlərinin tikintisi işləri gedir. Dövlət Proqramına uyğun olaraq qəsəbələrdə digər sahələr üzrə də obyektlərin tikintisi davam etdirilir. Bunlardan Şüvəlan qəsəbəsində Şimal DRES-in 2-ci bloku, Zirə qəsəbəsində Məscidin tikintisi, Zirə qəsəbəsində B.Sərdarov zavodunun filialının tikintisi, Qala qəsəbəsində GEMS Dünya Akademiyasını nümunə çəkmək olar. Qeyd olunan obyektlərin bəzilərində artıq tamamlanma işləri gedir.
Hesabat dövründə rəsmi dövlət bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər tarixi hadisələrlə bağlı rayon ərazisində geniş ictimaiyyətin iştirakı ilə kütləvi tədbirlər keçirilmiş, dövlətçilik tariximizin qanlı səhifələrinin yazıldığı 20 yanvar, Xocalı faciəsi və 31 mart Azərbaycanlıların soyqırımı kimi anım günləri keçirilmiş, öz tökülən qanları ilə tarix yazan qəhrəmanların əziz xatirəsi etiramla yad edilmişdir.
Novruz bayramı münasibətilə Buzovna qəsəbəsində bayram şənliyi təşkil edilmiş, 1200 nəfər iştirakçı üçün bayram süfrəsi açılmışdır. Bayram konserti və tonqal ətrafında şənlik təşkil olunmuş, xalqımızın qədim və zəngin adət-ənənələrini özündə əks edirən tamaşalar göstərilmişdir. Tədbir İctimai Televiziya vasitəsilə geniş işıqlandırılmışdır.
2016-cı ilin 1-ci rübündə Xəzər RİH Aparatına 775 ərizə, şikayət və müraciət və 535 xidməti sənəd daxil olmuşdur. Daxil olmuş 775 ərizə və muraciətdən 337 ərizə müsbət həll edilmiş, 361 ərizəyə lazımi izahat və təkliflər verilmiş, 2 ərizə aidiyyatı üzrə göndərilmiş, 74 ərizə isə icraatdadır.
Hesabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 25 nəfər vətəndaş olmuşdur. Ötən dövrdə vətəndaşların icra hakimiyyətində qəbul edilməsinin və müraciətlərinə baxılmasının bir qismi elektron formada həyata keçirilmişdir.
2016-cı ilin 1-ci rübündə RİH Başçısı tərəfindən qəsəbələrdə 6 səyyar qəbul keçirilmiş, bu görüşlərdə 803 nəfər iştirak etmiş və 19 müraciət səslənmişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su, kanalizasiya və nəqliyyat problemləri üstünlük təşkil etmişdir. Səyyar qəbullarda səslənmiş müraciətlərin əksəriyyəti müsbət həll edilmiş, digər məsələlərlə baglı isə aidiyyatı qurumlara müraciətlər göndərilmişdir.
Perspektivdə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq işləri çərçivəsində Mərdəkan qəsəbəsinin girişindəki istirahət parkının tikintisi işlərinin başa çatdırılması, Binə qəsəbəsində yeni istirahət parkının tikintisinə başlanılması, Binə, Mərdəkan, Şüvəlan qəsəbələrində yerləşən bəzi hündürmərtəbəli binaların təmir olunması, mövcud parkların mövsümə hazır vəziyyətə gətirilməsi və digər işlər durur.
Sonra Xəzər rayon Su-Kanal Departamentinin rəisi Mübariz Nəsirov, rayon Məşğulluq Mərkəzinin direktoru Gülşən Sadıxov və rayon Gigeyna və Epidemologiya Mərkəzinin müdiri Qair Cərullayev hesabat dövründə görülən işlər barədə məlumat verdilər.
Daha sonar tədbirdə çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev neftin qiymətinin aşağı düşməsi nəticəsində cari ilin birinci rübündə yaranan vəziyyətdən danışaraq, ümumi daxili məhsulun aşağı düşməsinə, gəlirlərin və dövlət tərəfindən yatırılan investisiyaların azalmasına baxmayaraq, görüləcək işlər nəticəsində Azərbaycanın iqtisadiyyatının bu il də artacağına ümid olduğunu qeyd etdi.
Hesabat iclasının yekununda G.İslamov Xəzər rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində rüb ərzində çox böyük işlərin görüldüyünü və hazırda bu istiqamətdə həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyini, eyni zamanda, qarşıda nəzərdə tutulmuş bütün tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə əminlik ifadə etmişdir.