Xəzər rayonunun Zirə qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum keçirilmişdir.
29 mart 2016-cı il tarixində Xəzər rayonunun Zirə qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilmişdir.
Tədbirdə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, Xəzər rayon İcra hakimiyyəti başçısının müavini Lalə Əhmədova və yerli sahibkarlar iştirak etmişdilər.
Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, Xəzər rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılmış, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir.
70-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana, zeytunçuluq və üzümçülük təsərrüfatlarının, ət kəsimi, üzlük daşların və plastik qabların istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 307 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodlarının, istixana, quşçuluq təsərrüfatlarının, logistik mərkəzlərin, ət emalı, metal konstruksiya, neft-kimya sənayesi avadanlıqları, mebel və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilmiş, 9000-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən 18 sahibkara 3,2 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, tikinti materiallarının istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində güzəştli kredit ayrılmış zeytunçuluq təsərrüfatına və ildə 4 min ton tərəvəz məhsulları istehsal edə biləcək müasir istixana kompleksinə baxış keçirilmişdir. Ümumilikdə, Bakı şəhərinin qəsəbələrində 109,8 ha ərazidə illik istehsal gücü 36,2 min ton tərəvəz məhsulları, 8 milyon ədəd dekorativ bitkilər, 10,6 milyon ədəd tərəvəz ştilləri olan 25 müasir istixana kompleksinin yaradılmasına 77,8 milyon manat dövlətin güzəştli kreditləri verilmişdir.