27 sentyabr - Anım günü ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ehsan süfrəsi açılmışdır
27 sentyabr - Anım günü ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə anım tədbiri keçirilərək ehsan süfrəsi açılmışdır.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Rauf Əliyev, Soltan Məmmədov,YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri, Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və aprel döyüşlərinin şəhid ailələri, qazilər, din xadimləri və rayon ağsaqqaları iştirak etmişlər.
Tədbir başlamazdan öncə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində 2020-ci ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuzun 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdiyini, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onların xatirələrinin hər zaman əziz tutulacağını vurğulamışdır.
Tədbirdə Millət vəkili Soltan Məmmədov, Rauf Əliyev və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açmışdır.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı və digər iştirakçılar torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarından keçən Şəhidlərimizə Allahdan rəhmət diləmiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirmişlər.
Tədbirdə Vətən Müharibəsi qazisi Xəzər Abdullayev şəhid olanların ailə üzvlərinə və qazi olanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin üzvləri tərəfindən Vətən Müharibəsi şəhidlərinin xatirəsinə şeirlər səsləndirilmişdir.