Xəzər rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir .
7 mart 2016-cı il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzində “Eko-Park” da 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva və rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı seçilən qadınlar iştirak edib.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov qadınları əlamətdar gün və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, fəaliyyətlərində uğurlar arzu edib.
Azərbaycanda qadın siyasətindən danışan G. İslamov vurğulayıb ki, Müstəqil Azərbaycan dövlətinin qadın siyasəti bir sıra dünya ölkələri üçün nümunə təşkil edir.
Qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edən Milli Məclisin deputatı Rauf Əliyev əlamətdar günün yaranma səbəbindən söhbət açıb.
Qeyd edib ki, bu tarix Azərbaycanda qadınlara göstərilə diqqətin və qayğının tərənnümü kimi qəbul olunur.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib. Bildirib ki, qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir: “Qadınlar həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malikdirlər. Harada qadın varsa, orada səliqə, sahman, nizam-intizam var. Bu gün cəmiyyəti qadınsız təsəvvür etmək mümkün deyil”. N. Əhmədov vurğulayıb ki, şərqdə ilk dəfə səsvermə hüququna malik Azərbaycan qadınının sorağı indi ən möhtəşəm beynəlxalq təşkilatlardan gəlir.
Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva isə qadınlara göstərilən diqqətə görə dərin təşəkkürünü bildirib.
Tədbirdə rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı seçilən qadınlardan bir neçəsi çıxış edərək göstərilən diqqətdən məmnun olduqlarını dilə gətiriblər.
Sonda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.