Xəzər Rayon İcra Hakimiyyətində 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
9 fevral 2016-cı il tarixində Rayon İcra Hakimiyyəti Başçısının 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
Zirə Mədəniyyət Mərkəzində “EKO-Parkda” 300 nəfər rayon ictimaiyyətinin iştirakı ilə keçirilən hesabat konfransında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Millət Vəkili Rauf Əliyev, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun sədri Elmar Mədətov, Rayon Ağsaqqallar şurasının sədri Rövşən Salahov, RİH Başçısının müavinləri, Aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Xəzər Rayon İcra Hakimiyyətinin İnzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Daha sonar rəsmi qonaqlar mədəniyyət mərkəzinin foyesindəki rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərlə və Xəzər rayonunda istehsal olunan məhsullardan ibarət təşkil olunmuş sərgi ilə tanışlıqdan sonra Xəzər rayonunun sosial-iqtisadi göstəricilərini əks etdirən filmi izləyiblər.
Filmin nümayişindən sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov 2015-ci ildə görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etmişdir.
10 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında ölkə başçısı ötən dövrdə umumi daxili məhsul , qeyri-neft sektoru, əhalinin pul gəlirləri, əhaliyə göstərilən pullu xidmətlərin həcminin artmasını, Dünya İqtisadi Forumu tərəfindən rəqabət qabiliyyətinə görə Azərbaycanın yüksək yerə layiq görülməsini qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bölgələrlə yanaşı Bakıətrafı qəsəbələrin də sosial- iqtisadi inkişafı bu gün sürətlə davam etdirilir. Ötən dövrdə yenidənqurma işləri Xəzər rayonunda da uğurla davam etdirilmişdir.
2015-ci ildə rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşaiət olunmuşdur.
Hesabat dövründə rayon üzrə 1818 yeni iş yeri açılmışdır. Bunun 60-ı yeni yaradılmış müəssisə və təşkilatlar, 151-i mövcud müəssisə və təşkilatlar, 1607 -i isə fiziki şəxslər tərəfindən açılmışdır. Ümumiyyətlə son 13 il ərzində rayon ərazisində 19 min 44 yeni iş yeri açılmışdır.
2015-ci il ərzində Sosial Müdafiə Fondu tərəfindən əhaliyə pensiya və müavinətlərin ödənilməsi üçün tələb olunan məbləğ 37 milyon 604 min manat təşkil etmiş, 16 min 628 nəfər pensiyaçıya plastik kartlar vasitəsilə pensiyaların ödənilməsi təmin edilmişdir.
Hesabat dövründə Əhalinin Sosial Müdafiə Mərkəzinə ünvanlı dövlət sosial yardım üçün 3626 ailə müraciət etmişdir ki, bunlardan 3348 ailəyə müvafiq komissiya tərəfindən ünvanlı sosial yardım təyin olunmuşdur. Rayon üzrə 3235 ailəyə 507 min 810 manat məbləğində ünvanlı yardımın ödənilməsi davam etdirilir.
Hesabat dövründə Məşğulluq Mərkəzinə 1374 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. Mərkəzdə qeydiyyatda olan qeyri-məşğul əhalinin 497 nəfəri münasib işlə təmin edilmişdir. İşlə təmin olunmuş 497 nəfərdən, 43-ü kvota üzrə işə düzəlmişlər.
Hesabat dövründə «2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondu tərəfindən il ərzində 54 sahibkara 16 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına rayon ərazisində 354 yeni iş yeri yaradılmışdır.
2015-ci ildə rayon ərazisində fəaliyyət göstərən sahibkarlarla İcra Hakimiyyətində görüşlər keçirilmiş, onları narahat edən problemlər öyrənilmiş, fəaliyyətlərinin genişləndirilməsi məqsədilə onlara lazımi köməklik göstəriləcəyi bildirilmişdir. Eyni zamanda RİH-i Başçısının yanında süni qiymət artımının qarşısının alınması məqsədilə Komissiya yaradılmış, həmin komissiya mütəmadi olaraq monitorinqlər keçirərək bu sahədə lazım olan məlumatları aidiyyatı qurumlara göndərmişdir.
2015-ci il ərzində Xəzər Rayon İcra Hakimiyyəti öz daxili imkanları hesabına qəsəbələrdə geniş abadlıq-quruculuq işləri həyata keçirmişdir.
Mərdəkan qəsəbəsində Sergey Yesenin küçəsinin abadlaşdırılması ilə əlaqədar divarlara 7151 kvadrat metr üzlük daşı vurulmuş, piyada yollarına 910 kvadrat metr daş döşənmiş, 390 paqon metr bardür salınmış, divarların işıqlandırılması üçün 105 ədəd işıq fənərləri quraşdırılmışdır.
Mərdəkan qəsəbəsində Sergey Yesenin küçəsində mili memarlıq üslubunda Qala kompleksi ucaldılmış, ətrafı abadlaşdırılaraq müasir işıqlandırma sistemi ilə təchiz olunmuşdur.
Hal-hazırda Mərdəkan qəsəbəsinin girəcəyində sakinlərin istirahətinin təmin edilməsi məqsədilə yeni park tikilməkdədir.
Şüvəlan qəsəbəsində Heydər Əliyev və Almaz İldırım küçələrinin bəzi yerlərində hasarlar bərpa edilərək aqlayla üzlənmiş, piyada yollarına yeni bardürlər düzülərək, bəzək daşları döşənmiş, müasir işıqlandırma şəbəkəsi quraşdırlmışdır. Həmçinin qəsəbədə yerləşən “Ana ” abidəsi kompleksi yüksək səviyyədə yenidən bərpa edilmişdir.
Qala qəsəbəsi “Dörd yol ” adlanan ərazidə Qala, Şüvəlan, Zirə qəsəbяlərinin adlarını bildirən, müasir memarlıq üslubunda monument quraşdırılmışdır. Kompleksin ətrafına qazon salınmış, müxtəlif növ ağac və bəzək kolları əkilmiş, suvarma xətti çəkilmiş və ışıqlandırma sistemi quraşdırılmışdır.
Zirə qəsəbəsində Giriş qapısı yenidən qurulmuş, ətrafı abadlaşdırılmış və qəsəbə ərazisində ehtiyac duyulan yerlərdə 7 ədəd müasir tipli dayanacaq quraşdırılmışdır.
Türkan və Buzovna qəsəbələrində 1941-1945-ci illərdə həlak olanların xatirəsinə həsr olunmuş abidə kompleksi yenidən qurulmuşdur.
Qeyd olunan bütün bu işlər Xəzər rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına, heç bir dövlət vəsaiti xərclənmədən həyata keçirilmişdir.
Yaşıllıqların salınması ilə əlaqədar 2015-ci il ərzində rayon ərazisində idarə, müəssisə və təşkilatların iştirakı ilə 58 min 519 ağac əkilmişdir. Onlardan 25000-i zeytun, 3519-u çinar, 30000 -i eldar şamı və kiparis ağacı olmuşdur. Hazırda da ərazilərdə yaşıllıqların salınması və onlara aqrotexniki qulluq işləri davam etdirilir.
Hesabat dövrundə qəsəbədaxili asfalt yolların çəkilişi və cari təmiri istiqamətində Xəzər RİH tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, Şüvəlan qəsəbəsində 18 min 200 kvadrat metr, Mərdəkan qəsəbəsində 11 min 600 kvadrat metr, Şağan qəsəbəsində 16 min kvadrat metr, Buzovna qəsəbəsində 4 min 800 kvadrat metr, Zirə qəsəbəsində 2400 kvadrat metr olmaqla cəmi rayon üzrə 53 min kvadrat metr yeni asfalt örtüyü salınmışdır.
Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən ərazidə olan 135 zibil meydançasından 101 min 506 kub metr məişət və digər bərk tullantılar yığılaraq daşınmışdır. Xidmət ərazisində olan 550 konteynerdən 59 ədədi təmir olunmuş, 24 ədədi yenisi ilə əvəz edilmişdir.
2015-ci ildə Birlik tərəfindən qəsəbələrin məhəllədaxili küçələlərinə 9 min 710 kvadrat metr asfalt örtüyü salınmışdır. MKTB-nin xidmət ərazilərindəki hündürmərtəbəli binaların dam örtüklərinin 10 min kvadrat metr hissəsi cari təmir olunmuşdur. «Abad məhəllə» nominasiyası üzrə Birliyin xidmət ərazisində Buzovna qəsəbəsində 2 , Binə qəsəbəsində 1 , Şüvəlan qəsəbəsində 2 ünvanda olmaqla 5 abad məhəllə yaradılmışdır. Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən bu kimi işlər bu gün də davam etdirilir.
Qaz təchizatı ilə bağlı hesabat dövründə rayonunun Qaz İstismar sahəsi tərəfindən əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində Mərdəkan, Binə, Buzovna,Qala, Şüvəlan, Şagan qəsəbələrində ümumilikdə 48 min 267 paqon metr qaz xətti çəkilmiş və dəyişdirilmişdir.
Rayonda əhali tərəfindən istifadə olunan təbii qazın ödənişi 100,3 faiz, abonentlərin ödənişdə iştirakı isə 93 faiz olmuşdur.
Elektrik enerjisi təchizatı sahəsində Rayonun Enerji Təchizatı və Satış İdarəsi tərəfindən əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə rayon ərazisində 15 ədəd yeni transformator məntəqəsi quraşdırılmış, 26 ədəd güc transformatoru dəyişdirilmiş, 953 ədəd transformator təftiş olunub, təmizlənib və cari təmir olunmuş, 52 min 717 metr kabel, 83 min 725 metr naqil çəkilib və dəyişdirilmişdir.
Hesabat dövründə əhali tərəfindən elektrik enerjisinin dəyərinin ödənilməsi 101.1 faiz, abonentlərin ödənişdə iştirakı 84 faiz, sayğaclaşma isə 99 faiz təşkil etmişdir.
Su və kanalizasiya sahəsi üzrə hesabat dövründə Xəzər Su-Kanal İdarəsi tərəfindən ümumilikdə müxtəlif ölçülü 1067 paqon metr istismara yarasız su boruları dəyişdirilmiş, 107 min 768 paqon metr su xətti çəkilmiş, 3450 evə su birləşməsi verilmiş, 2181 ədəd smart tipli sayğac quraşdırılmışdır. Əhalinin su təminatını yaxşılaşdırmaq məqsədilə 6 ədəd su quyusunun nasosları yenisi ilə əvəz edilmiş, 81 ədəd su nasosu təmir edilmişdir.
Kanalizasiya xəttləri üzrə ötən dövrdə mexaniki üsulla və maşınla 31 min 560 paqon metr kanalizasiya xətti, 35 ədəd yağış barmaqlığı yuyularaq təmizlənmişdir .
Hesabat dövründə ümumilikdə 3 milyon 427 min manatlıq su və kanalizasiya xidmətləri göstərilmiş, əvvəlki debitorlar da daxil olmaqla 3 milyon 692 min manat yığım aparılaraq ödənişə 107.7 faiz nail olunmuşdur.
Hesabat dövründə Heydər Əliyev Fondu, Dövlət Proqramı və digər, investisiya layihələri çərçivəsində qəsəbələrdə bir çox obyektlərin təmiri, tikintisi və yenidənqurulması işləri həyata keçirilmiş və bu işlər bu gün də davam etdirilir.
Belə ki, Mərdəkan qəsəbəsində 91 nömrəli körpələr evi-uşaq bağçasının, «Dalğa» ailəvi istirahət Mərkəzinin açılışı olmuş, Müalicə Pansionatının, 2 nömrəli ümumi internat məktəbinin, Sərhəd Qoşunları Xüsusi Məktəbinin yeni tədris korpusunun tikintisi və təmiri işləri aparılmaqdadır.
Şüvəlan qəsəbəsində 2 və 4 nömrəli Xüsusi İnternat məktəblərinin açılışı olmuş, Şimal DRES-in ikinci blokunda isə tikinti işləri tamamlanmaq üzrədir.
Binə qəsəbəsində 84 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olmuş, «Bakavtomat» zavodunun yanında yeni uşaq bağçasının tikintisi, Peşə Litseyinin təmiri, Binə qəsəbəsinin mərkəzi Əli İsazadə küçəsinin genişləndirilməsi işləri davam etdirilir.
Buzovna qəsəbəsində 340 nömrəli körpələr evi-uşaq bağçasının, müasir standartlara cavab verən Yarımstansiyanın açılışı olmuş, 144 nömrəli uşaq bağçasının, İdman Tədris Bazasının, İdman Mərkəzinin, Tibbi Reabilitasiya Mərkəzinin, 7 nömrəli Ağciyər Xəstəlikləri Dispanserinin tikintisi işləri aparılmaqdadır.
Şağan qəsəbəsində Mədəniyyət Mərkəzi və Şahmat məktəbinin tikintisi yekunlaşmaq üzrədir.
Zirə qəsəbəsində yüksək səviyyədə tikilmiş Zirə Mədəniyyət Mərkəzinin, «Eko Akademiyanın», qəsəbəyə içməli suyun verilməsinin açılış mərasimləri olmuş, uşaqlar üçün istirahət düşərgəsinin, «Cümə Məscidinin», Su anbarının, Sərdarov adına zavodun filialının tikintisi davam etdirilir.
Türkan qəsəbəsində Dövlət Sərhəd Sahil Mühafizəsinin Gəmi İnşası və təmiri zavodunun, qəsəbəyə içməli su verilməsinin, mərkəzi yolun işıqlandırılmasının açılış mərasimi olmuş, Türkan İdman Мərkəzinin tikintisi davam etdirilir.
Qala qəsəbəsində GEMS Dünya Akademiyasının tikintisi və Qala-Pirallahı magistral yolunun genişləndirilməsi işləri davam etdirilir.
Göründüyü kimi sosial və digər obyektlərin təmiri, tikintisi bütün qəsəbələrdə aparılır və bu işlər gələcəkdə də davam etdiriləcəkdir.
Ötən dövrdə rəsmi dövlət bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər tarixi hadisələrlə bağlı rayon ərazisində geniş ictimaiyyətin iştirakı ilə kütləvi tədbirlər keçirilmişdir.
Novruz bayramı münasibətilə Zirə Mədəniyyət Mərkəzinin qarşısında bayram şənliyi təşkil edilmiş, 700 nəfər iştirakçı üçün bayram süfrəsi açılmışdır. Bayram konserti və tonqal ətrafında şənlik təşkil olunmuş, xalqımızın qədim və zəngin adət-ənənələrini özündə əks etdirən tamaşalar göstərilmiş, Heydər Əliyev Fondu tərəfindən şəhid, əlil və digər aztəminatlı ailələrə ərzaq yardımı paylanılmışdır.
Ulu ondər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbirlər planına müvafiq olaraq Mərdəkan Mədəniyyət Mərkəzinin qarşısında Gül bayramı təşkil olunmuş, rayonun idarə-müəssisə və təşkilatları, o cümlədən məktəblər, yaradıcılıq mərkəzləri, uşaq bağçaları və ayrı-ayrı yaradıcı şəxslər tərəfindən müxtəlif kompozisiyalar nümayiş etdirilmişdir.
15 iyun Milli Qutuluş günü ilə əlaqədar yenidən qurulan Heydər Əliyev adına Parkda 5 mindən çox tamaşaçının iştirakı ilə bayram konserti keçirilmişdir. Konsert proqramı İctimai televiziyanın efirində canlı yayımlanmış və Respublikanın tanınmış sənət adamları maraqlı proqramla rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış etmişdirlər.
Bundan başqa «20 yanvar», «Xocalı Soyqırımı» günü, «Qurban» bayramı, Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə də Xəzər rayon Yeni Azərbaycan Partiyası ilə birlikdə bir sıra tədbirlər keçirilmiş, Heydər Əliyev Fondu və Xəzər RİH tərəfindən şəhid ailələri, müharibə veteranları, aztəminatlı ailələrə ərzaq yardımı verilmişdir.
2015-ci ilin yadda qalan hadisələrindən biri də 1 noyabr tarixində Parlament seçkiləri ilə bağlı olmuşdur. Seçkilərlə əlaqədar olaraq Xəzər rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlər yüksək səviyyədə təşkil edilmiş, məntəqələrdə normal iş şəraiti yaradılmış, seçkilərin azad, ədalətli, demokratik, şəffaf keçirilməsi təmin olunmuş, nəticədə rayon seçiciləri ən yüksək göstəricilərlə Mehriban xanım Əliyevanı və Rauf Əliyevi Millət Vəkili seçmişlər.
Digər önəmli hadisə isə ölkə Prezidenti cənab İlham Əliyevin və Millət Vəkili Mehriban xanım Əliyevanın ilin son günündə Zirə qəsəbəsində tikilmiş Zirə Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak etmələridir. Həmin tədbirdə Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə çox səmimi görüş keçirmiş, onları dinləmiş və öz qiymətli tövsiyələrini vermişdir.
2015-ci il ərzində Xəzər RİH Aparatına 2654 ərizə, şikayət və müraciət, 2418 xidməti sənəd daxil olmuşdur. Daxil olmuş 2654 ərizə və muraciətdən 1208-i müsbət həll edilmiş, 1387 ərizəyə lazımi izahat və təkliflər verilmiş, 23-ü əsassız sayılmış, 15-i aidiyyatı üzrə göndərilmişdir.
Hesabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 96 nəfər vətəndaş olmuş, onlardan 64 müraciət müsbət həll edilmiş, 32 müraciətə izahat verilmişdir.
Ötən dövrdə vətəndaşların İcra Hakimiyyətində qəbul edilməsinin və müraciətlərinə baxılmasının bir qismi elektron formada həyata keçirilmişdir.
2015-ci il ərzində RİH-i Başçısı tərəfindən qəsəbələrdə 24 səyyar qəbul keçirilmiş, həmin qəbullarda 2862 sakin iştirak etmiş və 88 müraciət səslənmişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su-kanalizasiya və nəqliyyat problemləri üstünlük təşkil etmişdir. Səyyar qəbullarda qeyd edilən təkliflərlə bağlı isə aidiyyatı qurumlara müraciətlər göndərilmişdir.
Müqayisə üçün qeyd etməliyik ki, 2014-cü ildə Xəzər RİH Aparatına 3380 ərizə və şikayət daxil olmuşdur. Keçirilən səyyar görüşlərin, İcra Hakimiyyətində aparılan qəbulların və görülən digər tədbirlərin o cümlədən bəzi müraciətlərin yerindəcə həll olunması nəticəsində 2015-ci ildə ərizə və şikayətlərin sayı ötən ilə nisbətən 22 faiz azalmışdır.
2015-ci ilin yekunlarına dair qəsəbə nümayəndəliklərinin hesabat yığıncaqlarında səslənən təklif və müraciətlərdən bir daha məlum olur ki, görülən işlərlə yanaşı yerlərdə hələ də həllini tapmamış bəzi problemlər qalmaqdadır.
Sakinləri ən çox narahat edən bir sıra problemlərin həllinə nail olunmuşdur. Belə ki, Xəzər RİH-i tərəfindən görülən tədbirlər nəticəsində Şüvəlan qəsəbəsinin Mayak ərazisində bir neçə il öncə çəkilmiş qaz xətti şəbəkəsinə təbii qazın verilişi təmin edilmiş, Binə qəsəbəsinin Xəqani, Məmmədyarov, Rəhmanov, Abbasov küçələrində illərlə dayandırılmış təbii qaz təchizatının bərpa edilməsinə, həmçinin Binə qəsəbəsinin mərkəzi Əli İsazadə küçəsinin genişləndirilməsi işlərinə başlanılmışdır.
Digər problemlərin həlli istiqamətində isə xüsusilə Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivinin qazlaşdırılmayan küçələrində qaz xətlərinin çəkilməsi, rayon ərazisindəki hündürmərtəbəli binaların istilik təchizatının bərpası, qəsəbədaxili küçələrin asfaltlaşdırılması, magistral yollarda piyada keçidlərinin quraşdırılması, qəsəbələrdə içməli su xətlərinin çəkilməsi məsələləri ilə bağlı aidiyyatı qurumlara yenidən müraciətlər ediləcəkdir və həmin problemlərin həll olunması üçün müvafiq, təxirəsalınmaz tədbirlər görüləcəkdir. Xəzər RİH-i mütəmadi olaraq rayon sakinlərini, eləcə də rayon ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrini narahat edən problemləri öyrənir, onların həlli istiqamətində qabaqlayıcı tədbirlər görür, ölkə Prezidentinin qarşımıza qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinə ciddi əməl edir.
Əmin ola bilərsiniz ki, Xəzər rayonu qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının vaxtında və keyfiyyətlə icrası, vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışının təmin edilməsi üçün bütün imkanları səfərbər edərək, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.