Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Buzovna qəsəbəsində 340 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

23 noyabr 2015 | 16:00

     Noyabrın 23-də Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilən 340 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Mehriban Əliyeva məktəbəqədər təhsil müəssisəsinin rəmzi açılışını bildirən lenti kəsdi.
    Heydər Əliyev Fondu uşaqlarımızın gələcəyinə yönələn müxtəlif layihələr reallaşdırır. Son illərdə Fondun təşəbbüsü ilə ölkəmizdəki bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni bağçalar inşa olunub, məktəbəqədər təhsilin inkişafı istiqamətində bir sıra tədbirlər görülüb.
Xəzər rayonunun Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivindəki 340 saylı körpələr evi-uşaq bağçası da Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilib.
    Burada bütün işlər Fondun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına əsasən görülüb. İkimərtəbəli körpələr evi-uşaq bağçası azyaşlı sakinlərin zövqünə uyğun qurulub. Burada uşaqların rahatlığının, istirahətinin və ilkin biliklərə yiyələnməsinin təmin edilməsi, onların bacarıq və istedadlarının aşkarlanması üçün hərtərəfli şərait yaradılıb. Hovuz, musiqi otağı, idman zalları da uşaqların ixtiyarında olacaq.
     Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verildi ki, 10 qrupdan ibarət bağçada 200 uşağa qayğı göstəriləcək. Burada uşaqların sağlam, bilikli, vətənpərvər övladlar kimi böyümələri üçün lazımi şərait yaradılıb. Bağçanın həyətində ağaclar əkilib, yaşıllıqlar salınıb, əyləncə vasitələri quraşdırılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər