Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Mərdəkanda 91 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri uşaqların sağlam, bilikli, vətənpərvər kimi böyüməsidir. Bu məqsədə nail olmaq üçün Fond uşaq müəssisələrinin müasir standartlar səviyyəsində fəaliyyət göstərməsinə xüsusi diqqətlə yanaşır.
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 91 nömrəli körpələr evi-uşaq bağçası da Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə yenidən qurulub.
Noyabrın 12-də körpələr evi-uşaq bağçasının açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdilər.
Burada bütün işlər Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində görülüb. Proqramın 2014-cü ilin fevralında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən təqdimatı zamanı bu müəssisələrdə mövcud vəziyyət müzakirə edilib, aparılan monitorinqin nəticələri açıqlanıb, yeni uşaq bağçalarının inşasına ehtiyacın olduğu müəyyənləşdirilib. Mərdəkan qəsəbəsində yenidən qurulan körpələr evi-uşaq bağçası da bu istiqamətdə atılan addımlardan biridir.
1963-cü ildən fəaliyyət göstərən körpələr evi-uşaq bağçasının binası yenidənqurmadan sonra iki mərtəbədən ibarətdir. Əvvəllər bu müəssisədə 75 uşaq təlim-tərbiyə alırdısa, indi 10 qrupdan ibarət bağçada 2-6 yaş arasında 200 uşağa qayğı göstəriləcək. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq. Uşaqların zövqünə uyğun qurulan, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün müəssisə rəngbərəng inventarla təchiz edilib. Burada balacaların bacarıq və istedadlarını üzə çıxarmaq üçün hərtərəfli şərait yaradılıb. Uşaqlar xüsusi dərnəklərdə rus və ingilis dillərini də öyrənəcəklər. Körpələr evi-uşaq bağçasının həyətində yaşıllaşdırma işləri aparılıb, əyləncə qurğuları quraşdırılıb.
Xəzər rayonunda görülən işlərə, o cümlədən ən müasir standartlar səviyyəsində qurulan yeni bağçanın inşasına görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya sakinlər adından minnətdarlıq bildirildi.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sakinlərə salamlarını çatdırmağı xahiş etdi.