Şriftin ölçüsü :

Saytın rəngi :

18 yaşınadək əlilliyi olan şəxslər üçün yeni günərzi qayğı mərkəzi açılıb

15 mart 2023 | 09:25

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən Bakının Xəzər rayonunda 18 yaşınadək əlilliyi olan şəxslər üçün yeni günərzi qayğı mərkəzi açılıb.
   Tədbirdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov və Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov iştirak ediblər.
V.Behbudov həssas əhali qruplarından olan şəxslərlə bağlı icra olunan sosial layihələri qeyd edib. Bildirilib ki,    Sosial Xidmətlər Agentliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan şəxslərə həm səyyar, həm də stasionar formada zəruri sosial xidmətlər göstərilir. Hazırda Agentliyin müəssisələrində bu kateqoriyadan olan 1300-dən çox şəxs xidmətlərlə təmin edilir.
   Yeni açılan və Agentliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı sosial xidmət müəssisəsinin (Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi 84) nəzdində yaradılan günərzi qayğı mərkəzinin məqsədi uşaqların müəssisə əsaslı xidmətdən ailə əsaslı xidmətə inteqrasiya olunmasıdır.
   Burada 18 yaşınadək əlilliyi olan şəxslərin psixo-sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək göstəriləcək, həmçinin ailələri ehtiyac duyduqları sosial xidmətlərlə təmin ediləcək. Mərkəzə qəbul olunan uşaqlar həftənin beş günü saat 9:00-dan 18:00-dək sosial-məişət, tibbi-sosial, sosial-psixoloji və sosial-pedaqoji xidmətlərlə təmin olunacaqlar.
   Günərzi qayğı mərkəzində həmçinin valideynlərə uşaqlara qulluğun təkmilləşdirilməsi üçün məsləhət xidmətləri göstəriləcək, onlar üçün təlim proqramları təşkil olunacaq.
E.Qurbanov Mərkəzin 18 yaşınadək əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası baxımından xüsusi əhəmiyyətə malik olacağını qeyd edib.
  Qeyd edək ki, daha əvvəl Agentlik tərəfindən Abşeron və Pirallahı rayonlarında da günərzi qayğı mərkəzləri açılıb. Bu mərkəzlərdə ötən dövrdə 50-yə yaxın uşağa müvafiq sosial reabilitasiya xidmətləri göstərilib.
  Mərkəzin göstərdiyi xidmətlərdən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, “DOST” mərkəzlərinə ərizə ilə müraciət edə bilərlər. Həmçinin Agentliyin 116123 “Qayğı” Çağrı Mərkəzinə zəng edərək göstərilən sosial xidmətlərlə bağlı məlumat almaq mümkündür

Keçidlər