Xəzər rayonunda “31 mart Azərbaycanlıların Soyqırımı Günü” qeyd edilmişdir
31.03.2015-ci il tarixində Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli məktəbdə “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir məktəbin ərazisində yerləşən 1918-ci ildə Bakıda Ermənilər tərəfindən törədilən Azərbaycanlıların soyqırımının qarşısını almaq üçün köməyə gələn türk ordusunun şəhid olmuş iki əsgərinin xatirəsinə ucaldılmiş abidənin önündə keçirilmişdir. Tədbirdə Xəzər rayon icra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov, Azərbaycan Daxili Qoşunların Ali Hərbi məktəbinin General mayoru İlqar Məmmədovun başçılığı ilə hərbi məktəbin şəxsi heyəti, RİH Başçısının müavini A.Balayev, Aparatın məsul işçiləri , Xəzər rayon idarə-müəssisə rəhbərləri və 123 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak etmişdir.
Tədbir Şəhidlərin ruhuna həsr olunmuş bir dəqiqəlik sükutla başlamışdır. Tədbiri giriş sözü ilə açan V.Həsənov erməni şovinistləri tərəfindən 1905-1906-cı illərdə, 1918-ci ildə , 1948-1953-cü illərdə, 1988-1989-cu illərdə azərbaycanlılara qarşı soyqırım siyasətinin həyata keçirildiyini qeyd etmişdir. O öz çıxışında bildirmişdir ki, 28-31 mart 1918-ci il qırğınları zamanı Bakıda 20 min, Şamaxıda 50 min, Qubada 25 min azərbaycanlı qətlə yetirilmiş, bu hadisələr zaman-zaman davam etmiş və Sovet hakimiyyəti tərəfindən gizlədilmişdir. Yalnız 1997-ci ilin dekabrın 26-da Ulu Öndərimiz tərəfindən bu hadisələrin baş vermə səbəbləri açıqlanmışdır. 1998-ci il mart ayının 28-də Heydər Əliyev tərəfindən Azərbaycanlıların soyqrımı haqqında Sərəncam verilmiş və bu soyqırım öz hüquqi-siyasi qiymətini almışdır.
Daha sonra çıxış üçün söz Azərbaycan Daxili Qoşunların Ali Hərbi məktəbinin General mayoru İlqar Məmmədova, rayon ziyalılar cəmiyyətinin sədri Təvəkkül səlimova verilmişdir. Çıxışlardan sonra 123 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış şerlər oxunmuşdur.
Sonda tədbir Istirakçıları tərəfindən Abidənin önünə güllər qoyulmuşdur.