Xəzər rayonunda süni qiymət artımının qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirilir.
Xəzər rayon İcra Hakimiyyətində manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar rayonun istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə növbəti müşavirə keçirildi.
Müşavirədə Xəzər rayon İcra Hakimiyyətinin Başçısı Gülağa İslamov və rayonda süni qiymət artımının qarşısının alınması üçün yaradılan komissiyanın üzvləri iştirak etdi.
Müşavirəni giriş sözü ilə açan Xəzər rayon İcra Hakimiyyətinin Başçısı Gülağa İslamov bildirdi ki, son günlər respublikamızda manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar rayonda bəzən istehlakçılar tərəfindən sui-istifadə hallarına yol verilir, özbaşına süni qiymət artımları edilir. Bu halların qarşısının alınması və əhalimizin süni qiymət artımından əziyyət çəkməmələri məqsədilə müvafiq komissiya yaradılmışdır.Komissiyanın tərkibində hüquq mühafizə orqanlarının, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, İqtisadiyyat və Sənaye Nazirliyinin, Ərazi Vergilər idarəsinin əməkdaşları daxildir.
İclasda G.İslamov bu istiqamətdə aparılan işlərin daha da gücləndirilməsini, baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün vaxtaşırı monitorinqlərin keçirilməsini komissiyaya tapşıraraq bildirdi ki, monitorinqlər zamanı istehlakçıların fəaliyyətinə heç bir maneçilik yaradılmamalıdır. Ticarət və xidmət obyektlərində belə halların müşahidə ediləcəyi təqdirdə sahibkarlar və iş adamları haqqında qanunamüvafiq tədbirlər görüləcəkdir.
Sonra komissiya üzvləri reydlərin keçirilməsi və rayonda fəaliyyət göstərən ticarət və xidmət obyektlərində süni qiymət artımının qarşı görüləcək tədbirlər barədə öz təkliflərini bildirdilər.
Sonda G.İslamov rayon ərazisində qiymətlərin süni şişirdilməsi, qiymətlərdə manipulyasiya hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə bundan sonra da qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcəyini vurğuladı.