Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonunda sahibkarlarığın dəstəklənməsi istiqamətində növbəti işgüzar form keçirmişdir

27 fevral 2015 | 16:00

    İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir və  fevralın 27-də bu istiqamətdə növbəti tədbir – Xəzər rayonunun Şüvəlan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilmişdir.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, Xəzər rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılmış, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir.
    70-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, ət kəsimi müəssisəsinin, kiçik həcmli istixana və zeytunçuluq təsərrüfatlarının, plastik qapı-pəncərə, üzlük daş və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
    Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1000-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 214,4 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodlarının, istixana, quşçuluq təsərrüfatlarının, ət emalı, metal konstruksiya və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilmiş, 6800-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılmışdır.
     İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən 26 sahibkara 1,3 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, qapı-pəncərə, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 743 sahibkara 25,5 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1900-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
      Forum çərçivəsində Xəzər rayonunun Binə qəsəbəsində güzəştli kredit ayrılmış müasir texnologiyaların tətbiqinə əsaslanan qida sənayesi avadanlıqları istehsal edən müəssisənin fəaliyyətinə baxış keçirilmişdir. Bu müəssisəyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilmişdir.

 


 

Keçidlər