Xəzər rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib
15.04.2022-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransda Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, RİHB Aparatının əməkdaşları, konfransın rayon mərhələsinin qalibləri, təhsil aldıqları məktəblərin direktorları və elmi rəhbərləri iştirak etmişdirlər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Sonra qonaqlar Mərdəkan Mədəniyyət sarayın foyesində təşkil olunmuş sərgi ilə tanış oldular.
Konfrans Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Sonra Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova konfrans iştirakçılarını salamlayaraq “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verərək sözü referat müsabiqəsinin rayon mərhələsində iştirak hüququ qazanan məktəblilərə verdi.
5 mövzu üzrə hazırladıqları referatları konfrans iştirakçılarına təqdim edən şagirdlər çıxışlarının sonunda onlara yaradılan şəraitə görə təşəkkürlərini bildirdilər.
Şagirdlərin təqdimatı bitdikdən sonra söz qonaqlara verildi. Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, 181 №li tam orta məktəbin direktoru Nazilə Məmmədova, 125 №li tam orta məktəbin əməkdar tarix müəllimi Elmira Rəhimova keçirilən konfransın əhəmiyyətindən bəhs edərək, böyüməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə, eyni zamanda şagirdlərdə sərbəst işləmə, tarixi faktlara söykənərək şəxsi düçüncələri əsasında araşdırma aparma bacarıqlarının formalaşmasına müsbət təsir göstərəcəyini çıxışlarında qeyd etdilər.
Konfransda Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov yekun nitqi ilə çıxış edərək, konfransın keçirilməsinin məqsədindən, savadlı, istedadlı, vətənpərvər şagirdlərin üzə çıxarılmasında belə tədbirlərin əhəmiyyətindən danışdı.
Sonda konfransda iştirak etmiş şagirdlərə diplom və hədiyyələr təqdim olundu.