Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilmişdir

31 mart 2022 | 16:00

   31 mart 2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli tam orta məktəbdə “31 Mart Azərbaycanlıların Soyqırımı Günü”nün il dönümünə həsr olunmuş rayon tədbiri keçirilmişdir.
   Tədbirdə RİH başçısının müavinləri və şöbə müdirləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, Vətən Müharibəsi Veteranları Birliyinin sədri, RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, 123 nömrəli orta məktəbin müəllim və şagirdləri, eləcə də rayon ictimaiyyəti iştirak etmişdir.
   Tədbirdə ilk öncə Dövlət Himni səslənmiş, daha sonra Vətən Müharibəsi Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
   Tədbiri Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov  açaraq erməni şovinistləri tərəfindən Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımı barədə geniş məlumat vermiş, bu soyqırıma əsl hüquqi-siyasi qiymətin Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra  Mart hadisələrinin 80-ci ildönümündə -1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olduğunu vurğulamış, 44 günlük Vətən müharibəsində Azərbaycanın işğalçı və terrorçuları döyüş meydanında layiqincə cəzalandırdığını, yaxın tarixdə törədilmiş qanlı cinayətlərin qurbanlarının qısasının alındığını qeyd etmişdir.
   Daha sonra Xəzər Rayon Məhkəməsinin Aparat rəhbəri Amil Əkbərov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon şöbəsinin sədri Həzərxan Əbilov, Vətən Müharibəsi Veteranları Cəmiyyətinin sədri  Rasət Tağıyev “31 Mart - Azərbaycanlıların Soyqırımı” ilə bağlı çıxış edərək bu qanlı hadisələrin onların yaddaşından heç vaxt silinməyəcəyini və dövlətimizin soyqırımla bağlı tarixi faktların dünya ictimaiyyətinə çatdırılması ilə bağlı fəaliyyətini yüksək qiymətləndirmişlər.
    Tədbirin sonunda 123 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış şerlər oxunmuş, məktəbin ərazisində yerləşən 1918-ci ildə Bakıda Ermənilər tərəfindən törədilən Azərbaycanlıların soyqırımının qarşısını almaq üçün köməyə gələn türk ordusunun şəhid olmuş iki əsgərinin xatirəsinə ucaldılmiş abidənin önünə gül dəstələri düzülərək, əsgərlərin xairələri ehtiramla yad edilmişdir.

Keçidlər