Binə qəsəbəsində Novruz Bayramına həsr olunmuş tədbir keçirilmişdir
17 mart 2022-ci il tarixində Binə qəsəbəsində yerləşən 24 nömrəli Onbirillik Musiqi Məktəbi və Binə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş konset proqramı keçirilmişdir.
Konsert proqramında musiqi məktəbinin kollektivi, mədəniyyət evinin şagirdləri və kənd sakinləri iştirak etmişdir.
Tədbirdə xalq musiqisiylə yanaşı, Azərbaycan bəstəkarları və dünya bəstəkarlarının əsərləri şagirdlərin ifasında təqdim olunmuşdur.
Konserti Nəhməd Hüseynovun bədii rəhbərliyi ilə Xalq çalğı alətləri ansamblı açdı. Onların ifasında S.Rüstəmov “Fasilə marşı”, S.Rüstəmov “Qaytağı”, Ə.Tağıyev “El yolunda”, Ə.Tağıyev “Azərbaycan qızıyam” adlı musiqi nömrələri səsləndi. Musiqi məktəbinin şagird heyətləri də böyük həvəslə rəngarəng proqramlarla çıxış etdilər.
Tədbirin sonunda məktəbin direktoru, əməkdar müəllim Nadir Babayev tədbirdə iştirak edənlərin bayram münasibətilə təbrik etdi, onlara xoş istirahətlər arzuladı.