Xəzər rayonunda daha bir məhəllə abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkənin hər yerində olduğu kimi, Xəzər rayonunda da təmiz və abad həyətlərin yaradılması, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin təmin olunması istiqamətində görülən işlər davam etdirilir.
Belə ki, sakinlərimizin istək və arzularına uyğun olaraq, onlar üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması məqsədilə Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə NEQSOL Holding tərəfindən rayonun Binə qəsəbəsindəki 2146-cı məhəllə abadlaşdırılmışdır.
Yeni salınan abad məhəllədə uşaqların, eləcə də böyüklərin idmanla məşğul olması üçün uşaq əyləncə və idman qurğuları, mini-futbol meydançası, sakinlərin istirahəti üçün söhbətgahlar, skamyalar, gecə işıqları üçün dirəklər quraşdırılıb, binalarının dam örtükləri, fasad və pilləkən qəfəsləri əsaslı təmir edilmişdir. Həmçinin, mövcud ağaclarda budama işləri aparılaraq, yeni yaşıllıqlar salınmış, yeni ağac və gül kolları əkilmişdir.
04 mart 2022-ci il tarixində Binə qəsəbəsi 2146-cı məhəllədəki abad məhəllənin açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində Xəzər RİH başçısının I müavini Elşən Qurbanov, təmir işlərini həyata keçirən NEQSOL Holding-in nümayəndəsi İsrail Asaliyev, RİH başçısı Aparatının şöbə müdirləri, Binə qəsəbə nümayəndəsi, Binə bələdiyyəsi, şəhid ailələri, ağsaqqallar və yerli sakinlər iştirak etmişdir. Mərasimi giriş sözü ilə Xəzər RİH başçısının I müavini Elşən Qurbanov açaraq tədbir iştirakçılarını salamlamış, görülmüş işlərə görə ölkə rəhbərliyinə, Heydər Əliyev Fonduna və NEQSOL Holding-in rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Daha sonra tədbir iştirakçıları tərəfindən yeni salınmış məhəllədə şam ağacları əkilmişdir. Bundan sonra, uşaqlar üçün istifadəyə verilmiş idman qurğularına baxış keçirilmişdir.
Mərasimdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı şəhid Elçin Mansurovun anası Məleykə Məcidova və şəhid qardaşlar İman və Bəhram Məmmədzadələrin atası Elman Məmmədzadə və yerli sakinlər qısa müddət ərzində Binə qəsəbəsində "Abad Məhəllə"lərin və istirahət parklarının salınmasına və bütövlükdə qəsəbədə gedən tikinti-quruculuq və genişmiqyaslı abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirirmişlər.