Bakı Şəhər İcra Hakimiyyətinin “Regional İnkişaf” İctimai Birliyi ilə birgə layihəsi olan, məktəblilər üçün nəzərdə tutulmuş "Bizim böyük Qələbəmiz" kitabının təqdimat mərasimi keçirilmişdir
25 fevral 2022-ci il tarixində Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 181 nömrəli tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyətinin “Regional İnkişaf” İctimai Birliyi ilə birgə layihəsi olan, məktəblilər üçün nəzərdə tutulmuş "Bizim böyük Qələbəmiz" kitabının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Xəzər Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Gülbala Qurbanov, sözügedən məktəbin müəllim və şagird kontingenti iştirak etmişdir.
Tədbir Vətən Müharibəsində canından keçən şəhidlərimizin abidəsini ziyarətlə başlamışdır. Sonra iştirakçılar məktəbin foyesində təşkil edilmiş “Şuşa” eksponatı ilə tanış olmuşlar. Tədbir məktəbin zalında davam etdirilmişdir. Məktəbin direktoru Nazilə Məmmədova giriş nitqi ilə mərasimi açaraq Qələbəyə gedən 44 günlük Zəfər yolundan söhbət açmış, əsgərlərimizin göstərdiyi qəhrəmanlıqlardan danışmışdır. Məktəbin tarix müəllimi Arzu Yaqubova şagirdlərə 1988-ci ildən bəri Qarabağda baş vermiş hadisələrdən geniş məlumat verərək, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi dövründə xalqımızın başına gələn faciələrdən, eyni zamanda onların göstərdikləri şücaətdən danışmışdır. Çıxışlardan sonra şagirdlərin ifasında Vətən mövzusunda şeirlər səsləndirilmişdir.
Sonda "Bizim böyük Qələbəmiz" kitabı şagirdlərə təqdim olunmuşdur.