Şriftin ölçüsü :

Saytın rəngi :

XƏZƏR RAYONUNDA YERLİ SAHİBKARLARLA FORUM KEÇİRİLDİ.

26 iyun 2014 | 15:00

   İyun ayının 25-də Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Mərdəkan qəsəbəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair növbəti işgüzar forumu keçirildi. Forumda Xəzər Rayon İcra Hakimiyyəti  başçısının müavini  Lalə Əhmədova, İqtisadiyyat  və  Sənaye  Nazirliyinin Sahibkarlığa  Kömək  Milli  Fondunun icraçı direktoru Şirzad Abdullayev və 110-dək sahibkar iştirak etdi.
  Forum çərçivəsində sahibkarlara güzəştli kreditlər verildi və Xəzər rayonunun iqtisadi potensialının gücləndirilməsi məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış yaşıl marketin, ət kəsimi müəssisəsinin və kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirildi, sahibkarlara həmin nümunəvi layihələr, eləcə də digər metodiki materiallar təqdim olundu.
  Forumu giriş nitqi ilə Xəzər Rayon İcra Hakimiyyəti  başçısının müavini Lalə Əhmədova açaraq dövlət tərəfindən sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradıldığını bildirdi. L.Əhmədova möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusi qayğı ilə yanaşdığı məsələlərdən birinin də azad sahibkarlığın inkişafı olduğunu bildirərək, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, yeni iş yerlərinin yaradılması, işsizliyin aradan qaldırılması kimi əhəmiyyətli nəticələrin əldə olunduğunu diqqətə çatdırdı.
  Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2014-cü ildə Fondun fəaliyyətinin əsas hədəfləri barədə məlumat verdi. Həmçinin, Şirzad Abdullayev Bakı şəhərində 2 logistik mərkəzin və ilk dəfə olaraq 1 ixtisaslaşdırılmış yaşıl marketin tikintisinin maliyyələşdirildiyini qeyd etdi və Xəzər rayonu ərazisində də belə bir layihələrin həyata keçirilməsinin zəruriliyini vurğuladı.
  İşgüzar forumda Sahibkarlığa Kömək Milli Fondunun koordinatorluğu ilə sahibkarlarla müvəkkil kredit təşkilatlarının səlahiyyətli nümayəndələri arasında qarşılıqlı dialoq əsasında kreditin alınması ilə bağlı məsələlər müzakirə edildi və tərəflər arasında işgüzar münasibətlər yaradıldı.

Keçidlər