Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin il mərasimi keçirilib

09 noyabr 2021 | 16:00

      Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan Nəhmətov Ceyhun Etiqad oğlunun, Mehdiyev Samir Vaqif oğlunun və Hüseynov Sənan  Vidadi oğlunun il mərasimi keçirilmişdir.
     8 noyabr 2021-ci il tarixində keçirilən il mərasimlərində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və RİHB-nin müavinləri, şöbə müdirləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Nasir Qurbanov, RİHB-nın qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, qəsəbə Ağsaqqalları,Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.
Xəzər RİH başçısı Elşən Salahov şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verərək, səbr diləmiş, eləcə də Azərbaycan Ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açmış, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirmişdir.
    Mərasimdə iştirak edən digər rəsmilər çıxış edərək tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən bütün Şəhidlərimizə rəhmət diləmişlər.

 
Şəhidlərimizin ailə üzvləri ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişdilər.
    Qeyd edək ki, Şəhidimiz Nəhmətov Ceyhun Ehtiqad oğlu  2020-ci ildə döyüşlərdən əvvəl Xüsusi Təyinatlı Qruplarında təlim keçərək sentyabr ayının 27-dən Xüsusi Təyinatlı olaraq döyüşlərə başlayıb. Kəlbəcər, Füzuli Cəbrayıl, Laçın karidoru, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak edib. Cəbrayıl döyüşlərində ayağından qəlpə yarası almağına baxmayaraq döyüşə davam edib. Əlində qumbara ilə erməni səngərində 7-8 ermənini birdən partladıb məhv edib. 8 Noyabr 2020-ci ildə Zəngilanın Ağbənd yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
     Şəhid olduqdan sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə Xidmətə Görə" Ordeni ilə "Vətən Uğrunda" Medalı ilə "Zəngilanın alınmasına görə"  medalları ilə təltif olunub.
Torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş vətən oğllarının adlarının əbədiləşdirilməsi məqsədilə Xəzər rayonunda “8-noyabr Zəfər Günü” ərəfəsində rayon Mərdəkan qəsəbəsindəki keçmiş 76-cı Mərdəkan küçəyə Nəhmətov Ceyhunun adı verilmişdir.

 
   Şəhid Hüseynov Sənan Vidadi oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.Sənan Hüseynov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
   Şəhid Mehdiyev Samir Vaqif oğlu 2020-ci il noyabrın 9-da Şuşa şəhəri ərazisində gedən hərbi əməliyyatlar zamanı xüsusi kəşfiyyat tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Sağlığında "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)", Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" (ölumündən sonra), "Şuşanın azad olunmasına görə" (ölümündən sonra), "Kəlbəcərin azad olunmasına görə" (ölümündən sonra), “İgidliyə görə”(ölümündən sonra) medalları ilə təltif olunub.

 

Keçidlər