8 Noyabr - Zəfər Günü münasibətilə Hərbi Qənimətlər Parkına ziyarət təşkil olunmuşdur
Noyabrın 2-də Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının və Xəzər rayon Gənclər və İdman İdarəsinin nümayəndələri 8 Noyabr - Zəfər Günü münasibətilə Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Qeyd edək ki, Hərbi Qənimətlər Parkı Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayiş olunması məqsədini daşıyır.
Ziyarət zamanı YAP rayon təşkilatının nümayəndələrinə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgərlərinin qəhrəmanlığı, o cümlədən ordumuz tərəfindən məhv edilmiş və hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus müxtəlif tipli hərbi texnikalar, silahlar, döyüş postları və müdafiə sədləri barədə ətraflı məlumat verilib. Ziyarətçilər, həmçinin Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!" şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış "İskəndər-M" raketinin qalıqları ilə tanış olublar.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və digərləri Hərbi Qənimətlər Parkını Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı Qələbəsinin əyani nümunəsi kimi dəyərləndiriblər.
Ziyarətçilər Hərbi Qənimətlər Parkından yüksək təəssüratlarla ayrılıblar.