Xəzər rayonundan bir qrup nümayəndə heyəti Qala Bələdiyyəsi ilə Macarıstanın Mikohaza bələdiyyəsinin qardaşlaşması layihəsi çərçivəsində Macarıstana səfər etmişlər.
Macarıstanın Mikohaza bələdiyyəsinin dəvəti ilə Xəzər RİH və Qala bələdiyyəsindən olan dörd nəfərlik nümayəndə heyəti 27-30 may tarixində Mikohaza qəsəbəsində səfərdə olmuşlar .
Səfər zamanı Mikohaza və Qala bələdiyyələri arasında qardaşlıq və bir çox sahələr üzrə əməkdaşlıq barədə söhbətlər aparılaraq razılıq əldə edilmişdir .
Nümayəndə heyəti Mikohazanın məktəb, uşaq bağçası, mədəniyyət evi, xəstəxana, çaxır və palinka istehsalı müəssisələri ilə eləcə də, üzüm plantasiyaları, qarğıdalı, buğda, yonca sahələrində aparılan işlərlə tanış olmuşlar. Bələdiyyənin inzibati binasında Mikohazanın meri cənab Franko Tamaşla görüş keçirilmiş, ona və digərlərinə Azərbaycanın milli ornamentləri əks olunmuş xalçalar, Qala qəsəbəsinə, Xəzər rayonuna, Bakı şəhərinə, İçərişəhər qoruğuna aid olan disk və bukletlər təqdim edilmişdir. Eyni zamanda qəsəbə liderləri ilə görüş zamanı Azərbaycana aid videoçarx nümayiş etdirilərək bir neçə muğam səsləndirilmişdir ki, bu da onların diqqətini çəkmiş, xoş təəsurat yaratmışdır.
Görüşlər zamanı Azərbaycanın tarixindən, ermənilərin qəsbkarlığından, respublikamızın bu günki inkişafından danışılmış, macarları maraqlandıran suallara ətraflı cavablar verilmişdir .
Nümayəndə heyəti, Mikohazada yerləşən tarixi məkan və abidələrə (Hollahaza, Fuzerradvan, Daşqapı və s) tanış olmuşlar .
Mikohazanın meri cənab Tamaş bu ilin avqust ayında Bakı şəhərinə Xəzər rayonuna səfər etmək, Qala qəsəbəsi ilə yaxından tanış olmaq niyyətində olduqlarını bildirmişdir.
Səfərin sonunda nümayəndə heyəti Azərbaycan Respublikasının Macarstandakı səfiri cənab Vilayət Quliyev tərəfindən qəbul edilmişdir .