Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr - Şəhidlərin Anım Günü münasibəti ilə Xəzər rayonunda silsilə tədbirlər keçirilmişdir

28 sentyabr 2021 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Anım Gününün təsis edilməsi haqqında” 02 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi ilə bağlı Xəzər rayonunda silsilə tədbirlər keçirilmişdir.

 

Beləki, ilkin olaraq 27 Sentyabr 2021-ci il tarixində Xəzər rayonu, Buzovna qəsəbəsindəki Şəhidlər Xiyabanında anım tədbiri keçirilmişdir.

 

Tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, Millət vəkili Soltan Məmmədov, Hüquq-mühafizə orqanları, İctimai Birliklərin rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

 

Tədbir iştirakçıları tərəfindən şəhidlərin məzarlarına gül dəstələri düzülərək ruhlarına dualar oxunmuş, xatirələri ehtiramla yad edilmişdir.

 

Tədbirlər çərçivəsində Vətən Müharibəsi şəhidlərinin dəfn olunduğu Binə qəsəbəsindəki Şəhidlər xiyabanında geniş tərkibdə anım tədbiri keçirilmişdir.

 

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkili Soltan Məmmədov, Hüquq-mühafizə orqanları və İctimai Birliklərin rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

 

Tədbir başlamazdan öncə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə başladığı Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlıqlarının, əlbəttə, Müzəffər Ali Baş Komandanımızın sərkərdə məharətinin, hücum diplomatiyasının və dəmir yumruğunun qələbəsi olduğunu iftixar hissi ilə vurğulamışdır.

 

Tədbirdə Millət vəkili Soltan Məmmədov çıxış edərək şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açmışdır.

 

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı, Azərbaycan Respublikası Şəhid ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşviq Əliyev və digər natiqlər çıxış edərək 44 gün davam edən Vətən Müharibəsinin məhz igid, qəhrəman oğullarımızın fədakarlığı sayəsində tarixi qələbəmizlə başa çatdığını qeyd etmişlər.

 

Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı Şəhid Mansurov Elçinin anası Məleykə xanım Məcidova, Şəhid Cabbarov Şahgündüzün atası Habil Cabbarov çıxış edərək Vətən müharibəsində xüsusi şücaət göstərərək şəhid olanların ailə üzvlərinə və qazi olanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

 

Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin üzvləri tərəfindən Vətən Müharibəsi şəhidlərinin xatirəsinə şerlər səsləndirilmişdir.

 

Sonra şəhidlərin məzarları üzərinə gül dəstələri düzülərək ruhlarına dualar oxunmuş, Şəhidlərin xatirəsinə ehtiram ifadəsi olaraq Xiyabanda ağacəkmə aksiyası keçirilmişdir.

 

Tədbirlər çərçivəsində Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Şəhidlər parkında şəhidlərin xatirəsinə ucaldılmış bulaq kompleksinin açılış mərasimi keçirilmişdir.

 

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkili Soltan Məmmədov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər,  din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

 

Tədbirdə 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərinin qanının yerdə qalmadığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.

 

Açılış mərasimində çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər.

 

Daha sonra Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə ağacəkmə aksiyası keçirilmişdir.
   Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala avtomobil yolunun sol hissəsində baş tutan aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Xəzər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Millət vəkili Soltan Məmmədov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, idarə-müəssisə və təşkilat rəhbərləri,  rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

 

Aksiyada Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə ümumilikdə 500 ədəd müxtəlif növ ağac əkilmiş, ağaclara aqrotexniki qulluq göstərilmişdir.

 

Ağacəkmə aksiyası bitdikdən sonra RİH başçısı E.Salahov, Millət vəkili S.Məmmədov və digər tədbir iştirakçıları şəhidlərin ailə üzvləri ilə görüşərək onların problemləri, qayğıları ilə maraqlanmışlar.

 

Anım günü münasibətilə tədbir iştirakçıları tərəfindən rayonun Türkan və Zirə qəsəbələrində dəfn olunan şəhid məzarları ziyarət edilmiş, şəhidlərin məzarlarına gül dəstələri düzülərək ruhlarına dualar oxunmuş, xatirələri ehtiramla yad edilmişdir.

Keçidlər