Vətən müharibəsi şəhidi Məmmədzadə İman Elman oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunmuşdur
Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Məmmədzadə İman Elman oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilmişdir.
Sentyabrın 14-də Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkilləri Soltan Məmmədov, İqbal Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİHBA-nın məsul əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı, İctimai Birliklərin rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidin uyuduğu məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Xəzər rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və qazilərə mütəmadi olaraq xüsusi diqqət və qayğı göstərilir. Vətən müharibəsində şəhid olanların hər birinin ailə üzvlərinə baş çəkilir, onları narahat edən problemlər dinlənilir.
Mərasimdə Millət vəkilləri Soltan Məmmədov, İqbal Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı və digər qonaqlar çıxış edərək bildiriblər ki, Vətən müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycan tarixində əbədi qalacaq: “Bu, o müharibədir ki, dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitdi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri idi. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
Daha sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkilləri Soltan Məmmədov, İqbal Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı və RİHBA-nın məsul əməkdaşları şəhidin ailəsini ziyarət ediblər.
Ailə üzvləri ilə söhbət zamanı qəhrəmanlarımız İman və Bəhram Məmmədzadələrin şərəfli döyüş yollarından danışılaraq xatirələri anılıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
İman Elman oğlu Məmmədzadə 14 sentyabr 1998-ci ildə Lerik rayonunun Kəlvəz kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan İman Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İman Məmmədzadə noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İman Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qardaşı Bəhram Məmmədzadə də Vətən müharibəsində şəhid olub.
Azərbaycan Ordusunun əsgəri olan Bəhram Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhram Məmmədzadə noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhram Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.