Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri davamlı olaraq ziyarət olunur
Fevralın 25-də Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş baş leytenant Şükürov Samir Təyyub oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan S.Şükürovun ailə üzvlərinə başsağlığı vermiş və xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
Qeyd edək ki, Şükürov Samir Təyyub oğlu Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmiş və ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “İgidliyə görə”, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə“ medallarla təltif edilmişdir.