Xəzər rayonunda “2 fevral-Azərbaycan Gəncləri günü” qeyd edilib
“2 fevral-Azərbaycan Gəncləri günü” münasibətilə Xəzər Rayon İcra Hakimiyyəti, Zirə Mədəniyyət Mərkəzi (Eko-Parkda), YAP Xəzər Rayon Təşkilatı və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzində “Qələbəmiz-Qürurumuzdur!” və “Covid-19 gənc rəssamların gözü ilə” mövzularında keçirilən rəsm sərgisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
2 fevral 2021-ci il tarixində keçirilən mərasimə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkilləri Rauf Əliyev, Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov və Azərbaycan Dövlət Rəssamlıq Qalereyasının sədri Qalib Qasımov onlayn qaydada qoşularaq gəncləri təbrik etmiş və gələcək fəaliyyətlərində uğurlar diləmişlər.
Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ilk öncə Müstəqil Azərbaycan gənclərini bu bayram günü münasibətilə təbrik edərək, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzuladı.
E.Salahov çıxışında qeyd etdi ki, Azərbaycan gəncliyinin bu bayramı 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə təsis olunub. Ötən zaman göstərdi ki, Ümummilli Lider bununla gənclərimizin Azərbaycanın ictimai-siyasi həyatdakı, müstəqil dövlətçiliyimizin inkişafındakı yerini və rolunu necə yüksək qiymətləndirib. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Hazırda Azərbaycan gəncliyi ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın qloballaşan dünyada mövqeyinin möhkəmlənməsi üçün yürüdülən siyasətdə fəal iştirak edir.
Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi.
Sonra Millət Vəkilləri Rauf Əliyev, Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov və Azərbaycan Dövlət Rəssamlıq Qalereyasının sədri Qalib Qasımov çıxış etdilər. Natiqlər tədbir iştirakçılarını salamlayaraq onları əlamətdar gün münasibəti ilə təbrik etdilər.
Bildirdilər ki, Ulu öndərimiz Heydər Əliyev həmişə gənclərə böyük inam göstərmiş, onların qüvvəsinə güvənərək vurğulayırdı: “Gənclər cəmiyyətimizin əksəriyyətini təşkil edir, onlar bizim bu günümüz, həm də gələcəyimizdir. Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərir. Dövlətin gənclər siyasəti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkşaf edir. Bu gün Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şərait vardır.
Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi xoşbəxt və firavan gələcəyə doğru addımlamaqdadır.
Sonda qalib rəssamlara Xəzər Rayon İcra Hakimiyyəti, və Zirə Gülçülük adından dəyərli hədiyyələr, Zirə Mədəniyyət Mərkəzi və Xəzər rayon Gənclər İdarəsi adından diplomlar təqdim olunmuşdur.
Gənclər arasında:
“Qələbəmiz - Qürurumuzdur” adlı müsabiqədə qaliblər:
I yer – “Sonsuzadək bütöv Azərbaycan” Xudiyeva Nazənin (2005)
II yer – “Ayrılarmı könül candan” Həsənzadə Şəfa (2003)
III yer – “Qələbəmiz-Qürurumuzdur” Babayeva Aytən (1993)
“Covid-19 gənc rəssamların gözü ilə” adlı müsabiqədə qaliblər:
I yer – “Ümid işığı” Mahmudova Əfsanə (2003)
II yer – “Qayğı” İsmayılova Səbinə (2004)
III yer – “Təhlükəyə son” İqnatova Alina (1996)
Məktəblilər arasında:
“Qələbəmiz - Qürurumuzdur” adlı müsabiqədə qaliblər:
I yer – “Xarı bülbülü oyatdıq” Əhmədova Nuran (2009)
II yer – “Xarı bülbül, biz qayıtdıq” Abbaszadə Leyla (2013)
III yer – “İgid əsgər” Əzizli Nazlı (2010)
“Covid-19 uşaqların gözü ilə” adlı müsabiqədə qaliblər:
I yer – “Tac” Həsənova Səmayə (2009)
II yer – “Birlik” Mirzəzadə Xəyyam (2011)
III yer – “Azərbaycan Covid 19-a qalib gələcək” Manafova Simarə (2011)
Münsiflərin rəyinə əsasən “Covid-19 uşaqların gözü ilə” müsabiqəsində Həsənova Səmayə (2009) “Tac” rəsmi ilə xüsusi diploma layiq görülmüşdür.
Münsiflərin rəyinə əsasən “Qələbəmiz - Qürurumuzdur” müsabiqəsində İsmayılzadə Maral (2013) “Vətən ətri” rəsmi ilə xüsusi diploma layiq görülmüşdür.