Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və NEQSOL Holding-in maliyyə dəstəyi ilə Binə qəsəbəsində küçələr yenidən qurulub
Binə qəsəbəsinin sosial-iqtisadi infrastrukturunun inkişafı məqsədi ilə Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və NEQSOL Holding-in maliyyə dəstəyi ilə müxtəlif işlər həyata keçirilir.
Qəsəbədə ümumilikdə 1 000 nəfərədək əhalinin yaşadığı Nizami Abbasov (1,5 km) və Xaqani (1,6 km) küçələri və yolətrafı infrastruktur holdinqin maliyyə dəstəyi ilə ötən il ərzində ardıcıl olaraq yenidən qurulub. Təmir-tikinti işləri çərçivəsində əsas yollar, yaşayış evlərinin qarşısı və məhəllə yollarına 27 791 m2 asfalt vurulub. Bundan əlavə, yerli əhalinin həmin küçələrin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 1 930 metr uzunluqda piyada yolları tikilib və asfalt ilə örtülüb.
Yaşayış evlərini və yolları yağış sularından qorumaq üçün ümumilikdə 1 160 m3 həcmi olan 4 beton rezervuarı tikilib, suların təxliyəsi üçün 2 018 metr boru çəkilib və 68 barmaqlıq quraşdırılıb. Küçələri qaranlıq vaxtı işıqlandırma məqsədi ilə 48 köhnə işıq dirəkləri təmir edilib, həmçinin 24 yeni işıq dirəkləri quraşdırılıb və 939 metr elektrik enerji xətləri çəkilib.
Həmçinin, Nizami Abbasov küçəsində yerləşən orta məktəbin 325 metr uzunluqda hasarı təmir olunub, təməli daş və beton ilə yenidən qurulub. Xaqani küçəsində həyata keçirilmiş təmir-tikinti işləri nəticəsində əhali məscid və məktəbə rahat gediş-gəliş imkanı əldə edib.
Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və NEQSOL Holding-in maliyyə dəstəyi ilə Binə qəsəbəsində digər bir neçə avtomobil yolunun da yenidən qurulması nəzərdə tutulur. Cari ilin ilk həftəsi uzunluğu 2,2 km olan Məhəmməd Füzuli küçəsinin və yolətrafı infrastrukturun yenidən qurulması və asfaltlanması layihəsinin icrasına başlanılıb.