Xəzər rayonunda koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində vaksinasiya prosesi uğurla davam etdirilir
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 2021-ci ilin yanvarın 19-dan əhalinin vaksinləşmə prosesi başlanılmışdır.
Ölkənin hər yerində olduğu kimi, Xəzər rayonunda da COVID-19 infeksiyasına qarşı vaksinasiyaya başlanılıb.
Rayonun Buzovna qəsəbəsində olan 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, Türkan qəsəbəsindəki 17 nömrəli Şəhər Poliklinikasında, Mərdəkan qəsəbəsindəki 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, Binə qəsəbəsindəki 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, Şüvəlan qəsəbəsindəki 31 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında və Zirə qəsəbəsində yerləşən Zirə Müalicə Diaqnostika Mərkəzi tərəfindən aparılan vaksinasiya prosesi xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında həyata keçirilir.
Peyvəndlərin aparılması üçün TƏBİB-in təlimatlarına uyğun bütün zəruri şərait yaradılmışdır.
Vaksinasiya prosesi mərhələlərlə həyata keçirilir. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənlənəcək.
Vaksinasiya dövlət hesabına və könüllülük prinsipi əsasında tətbiq edilir. Kütləviliyinin təmin olunması üçün əhali arasında peyvəndləmənin vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirilmə işləri aparılır, xüsusən vaksinasiyadan imtina edən şəxslərin yoluxaraq xəstələnmə riskinin hər zaman qalması izah edilir.