Yerli istehsal canlanır, yeni iş yeri yaradılır və iqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir
İqtisadiyyatın şaxələndirilməsi inkişaf etmiş dövlətlərin iqtisadi inkişaf siyasətinin əsas xüsusiyyətlərindən biridir. Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı muasir Azərbaycanın iqtisadi inkişaf siyasətinin əsas istiqamətlərindəndir. Regionların iqtisadi inkişafına dair dövlət proqramlarında qeyri-neft sektorunun inkişaf etdirilməsi əsas prioritet istiqamət kimi həyata keçirilmişdir.
2014-cü il Azərbaycanda “sənaye ili” elan edilmişdi. Ölkənin karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə edilən gəlirlərin şaxələndirilməsi və müasir sənaye müəssisələri, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parklarının yaradılması, daxili tələbatın ödənilməsi, yerli məhsulların payının əhəmiyyətli dərəcədə artması, ixrac imkanlarının genişləndirilməsi iqtisadi inkişafın əsas təməl prinsiplərindən hesb olunur. Qeyri-neft sektorunun sürətli inkişaf xüsusiyyətləri son illər dünyada Azərbaycan modelinin formalaşmasına imkan yaratmışdır.
Yeni “sulfat turşusu istehsalı” zavodunun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq, məhsulların Gürcüstana və Rusiyaya ixracı da həyata keçiriləcəkdir. Sumqayıtda şüşə tara məhsullarının və vərəqə şüşənin istehsalı qeyri-neft sektorunun bu məhsullara tələbatını təmin edəcək, məhsulların ixrac potensialı da olacaq. Cənab prezident İlham Əliyevin bildirdiyi kimi yerli istehsal canlanır, yeni iş yeri yaradılır və iqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir. Yeni müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının həm ölkə, həm də Sumqayıt şəhərinin inkişafı üçün çox böyük əhəmiyyəti var. Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir. Son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir.
Sovet vaxtı tikilmiş və istismar müddətini başa vurmuş çoxsaylı müəssisələrin yerində 10 il bundan əvvəl 500 hektar sahəni əhatə edən Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığın azalması sayəsində Azərbaycanın valyuta ehtiyatları artmışdır. 2020-ci ildə Azərbaycanda qeyri-neft sənaye sahəsində artım 12,5 faiz olub. Sənaye, kənd təsərrüfatı və qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının artması, idxaldan asılılığın azaldılması yeni iqtisadi reallıq yaratmışdır..
Cənab prezident İlham Əliyev Azərbaycanda iqtisadi inkişafın qarşısını ala biləcək bütün maneələrin aradan qaldırılması üçün siyasi iradə nümayiş etdirir. Azad olunmuş torpaqlarda qurulacaq inkişaf modeli bütün Azərbaycana transfer ediləcək, mövcud qüsurlar aradan qaldırılacaq və ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir.
İşğaldan azad olunmuş torpaqlarda çox böyük potensial-bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Azad olunmuş bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulacaq, şəhərsalma, dövlət orqanlarının funksiyaları planlı şəkildə təmin ediləcəkdir. Azərbaycanın inkişafı üçün yeni bir dövr başlayıb. Müharibənin başa çatması investisiyaların cəlb edilməsini daha asanlaşdırır.
Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi, əlverişli coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var. Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Azərbaycanda kadr islahatları, struktur islahatları, iqtisadi islahatlar, sosial sahədə islahatlar daim aparılacaqdır.
230 nömrəli tam orta məktəbin
direktor əvəzi Tamilla Yaqubova