Tarixi abidələr- mədəni irsimiz
Tarixə nəzər salsaq görərik ki, Azərbaycan təkcə öz iqtisadiyyatı ilə deyil, həm də mədəniyyət sahəsindəki nailiyyətləri ilə dünyada tanınıb
Dünyada bir mədəniyyət abidəsini yaratmaq nə qədər çətindirsə, bu abidənin sənin оlduğunu sübut edərək tarix boyu öz millətinin adına qоrumaq оndan da çətindir. Yaddaşlarmızda ağrılı-acılı qalan XX əsrin sonlarında Ermənistanın törətdiyi münaqişə və müharibə ulu əcdadlarımızın tarixi yaddaş rəmzi olan Qarabağ bölgəsində maddi mədəniyyət abidələrinin taleyini təhlükə altında qoydu. Erməni işğalçıları məşhur Xocalı-Gədəbəy mədəniyyətinin qədim beşiyi olan Xocalı kurqanlarını yer üzündən sildilər, Şuşada Azərbaycan mütəfəkkirlərinin heykəllərini güllə ilə deşik-deşik etdilər. Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrildi. Azərbaycanın əsrlərlə qoruyub saxladığı bu tarixi abidələrin çoxunu erməni vandalları məhv etdilər, muzey eksponatlarının və kitabxanaların köçürülməsinə belə imkan vermədilər.
Bu gün böyük qürur hissi ilə qeyd edə bilərik ki, dövlətimizin başçısı, Ali Baş Komandan yarım qalan işi tamamladı. Artıq şanlı Azərbaycan Bayrağı Qarabağ torpaqlarında dalğalanır. Dövlətimiz Qarabağda dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcək, küçələrə Azərbaycan adlarını verəcək, adları dəyişdirilmiş kəndlərə isə əsl öz adlarını qaytaracaq. Yaxın gələcəkdə Azərbaycan öz mədəni nailiyyətləri ilə bütün dünyada daha da məşhurlaşacaq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Xalqımızın əvəzsiz milli sərvəti olan tarixi-memarlıq abidələri eləcə də milli- mənəvi irs nümunələrinin bu günümüzə qədər gəlib çıxmasında bir çox dövlət xadimləri və ziyalıların, vətənpərvər insanların özünəməxsus əməyi olmuşdur. Bu gün də Azərbaycanın mədəniyyət siyasəti ölkəmizi yeni inkişaf yoluna çıxarmış cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun milli-mənəvi dəyərlərimizə, bütövlükdə mədəniyyətimizə göstərdiyi qayğı müstəqil Azərbaycanımızın dünyada tanınmasında və xalqımızın mədəni həyatında əsaslı yüksəlişə səbəb olur. Qədim tariximizin və mədəni irsimizin təbliği baxımından böyük əhəmiyyət kəsb edən tarixi abidələrə dövlət tərəfindən dəyər verilmiş, onların qorunub saxlanılması məqsədi ilə müvafiq dövlət qurumları yaradılmışdır.
İçərişəhər ərazisindəki abidələrin və qazıntılar zamanı tapılmış əşyaların özünəməxsusluğunu və uzun ömürlülüyünü təmin etmək üçün müasir bərpa metodlarından istifadə edilir. Şəhərsalma tarixi nəzərə alınmaqla ərazinin ansanblında önəmli yer tutan, bir cox abidənin hissə və ya qalıqları üzərində elmi araşdırmalar aparılır.
İçərişəhər ərazisindəki tarixi-memarlıq abidələri əhəmiyyət dərəcələri üzrə bölgüsü aparılmaqla qeydə alınıb. Ərazidəki abidələr dünya, ölkə və yerli əhəmiyyətli abidələrə bölünür. Burada 3 dünya, 29 ölkə və 469 yerli əhəmiyyətli abidə qorunub saxlanılır və təbliğ edilir.
Qeyd edək ki, İçərişəhərdə ilkin görkəmi və struktur quruluşu ilə günümüzə qədər gəlib çatan abidələrin sayı çoxdur. Bu tarixi memarlıq abidələrinin yenidən canlandırılmasının və müasir üsullarla araşdırılmasının ən effektiv vasitəsi abidələrin muzeyləşdirilməsidir. Muzeyləşmiş abidə tarixi şəhərin keçmişini dilləndirən və dövrünün tarixindən danışan əsas vasitəçidir.
Bu gün tarixi abidələrin bir çoxunun işığı yanır və qapılarını ziyarətçilərin üzünə açan İçərişəhər abidələr muzeyi kimi inkişaf edir.
“İçərişəhər” Muzey Mərkəzinin tərkibində fəaliyyət göstərən “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğu xalqın mədəni irsininin tanıdılması istiqamətində böyük addımlar atır.
“Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğu, 1988-ci ildə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 81.5 ha-dır. Bu ərazidə 228 memarlıq və arxeoloji abidə qorunur. Burada ən qədim abidə e.ə. III minilliyə aid olan qədim insan yaşayış məskənidir. Bu abidələr sırasında öz tarixliyini bu günə qədər qoruyub saxlamış məscidlər, hamamlar, ovdanlar, türbələr, yaşayış evləri və.s var. Burada Şərqi Abşeronun Tunc dövrünə aid kurqanları, dolmen, qayaüstü rəsmləri ilkin görünüşdə qurulmuş, eləcə də mövcud olan landşaft olduğu kimi nümayiş etdirilir. Abşeronun ən qədim yaşayış məskənlərindən biri olan Qala kəndi xalqımızın adət-ənənələrini, ulularımızın sənət nümunələrini və etno həyat tərzini nümayiş etdirir.
Muzeyləşmiş tarixi abidələr xalqa xidmət etməklə əhalinin ictimai şüurunun formalaşmasında, həmçinin tarixi gerçəklikləri öyrənməsində böyük rol oynayır. Eləcə də gənc nəslə öz tariximizi tanıtmaqla, xalqın yaratdığı maddi mədəniyyət nümunələrini təbliğ etməklə, onlarda vətənpərvərlik ruhunun yaranmasına, mənəvi dünyalarının püxtələşməsinə və həqiqi vətəndaş kimi yetişməsinə dəstək olur.
Fikrimizcə, abidələrin muzeyləşdirilmə prosessinin qazandığı müvəffəqiyyət artıq göz qabağındadır.
Azərbaycan, bütün tarix boyu ölkələr, xalqlar və mədəniyyətlər arasında qarşılıqlı mədəni-tərəqqi prosesinə qoşulmuş və bu inkişaf sayəsində müxtəlif sivilizasiyalardan səmərəli şəkildə faydalana bilmiş, eyni zamanda qədim milli-mədəni ənənələrini itirməmiş, spesifik xüsusiyyətlərə malik, milli mədəniyyət yarada bilmişdir. Azərbaycan mədəni irs sahəsində dünya mədəniyyəti xəzinəsinə layiqli tövhələr vermişdir.
Nahidə Bəkirova Elləz qızı
İDTMQİ- nin İçərişəhər Muzey Mərkəzinin direktor müavini