Şriftin ölçüsü :

Saytın rəngi :

Tarif Şurasının qərarlarının məqsəd və əhəmiyyətləri

06 yanvar 2021 | 16:00

Son günlər ölkə gündəmini zəbt edən bəzi yanacaq növlərində müəyyən edilmiş qiymət artımı ilə bağlı biz də öz mövqeyimizi bildirmədən yan keçmək istəmədik.2020-ci il həm dünya ölkələri həm də Azərbaycan Covid-19 virusu ilə tanış oldu. Bu virusun əsaslı təsir etdiyi sahələrdən biri də əlbəttə ki, iqtisadiyyat oldu.İlin əvvəlində neftin qiymətində enmələr müşahidə edilsə də, ilin sonunda Covid-19 əleyhinə vaksinin tapılması və bir çox ölkələrdə bəzi məhdudiyyətlərin qismən yumşaldılması enerji sahəsindəki qiymətlərdə artıma səbəb oldu.Bu neft, benzin,  dizel və bir sıra yanacaq məhsullarının da qiymətinə təsirsiz ötüşmədi.


   Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir.Benzin Türkiyədə 32% artım ilə ilin sonunda 7,2 lirə (1,66 manat) , Gürcüstanda  2,4 lari ( 1,25 manat ) təşkil etmişdir.Ukraynada 4%- lik, Rusiyada isə 7%- lik artım qeydə alınmışdır.
   Baş verən bu dəyişikliklər Avropada da özünü çox gözlətməyib.Avropada yanacaq sahəsindəki artım 29%  ilə qeyd edilib.Almaniyada vətəndaşlar yeni qiymətlərə əsasən yanacaq üçün 11 sent artıq ödəyəcəklər.Ekoloji fəsadları nəzərə alaraq Almaniyada həm də avtomobil sahiblərinin ödədiyi verginin miqdarında da artım baş verib. Pandemiya ilə mübarizə dövründə özünün sosial öhdəliklərini və sərmayə planlarını yerinə yetirmək üçün Almaniya höküməti büdcəyə bu yolla əlavə vəsait cəlb etməyi düşünür. Beləliklə həm ekologiya, həm də büdcənin bütövlüyü qorunmuş olacaq.
   Bəzi ölkələrdə Aİ-92 qeydiyyatlı benzinin qiymətləri ilə tanış olaq:
Bu rəqəmlər Rusiyada  1,0 AZN ,Ukraynada 1,72 Azn, Belarusda  1,21 AZN, Ermənistanda  1,19 AZN, Gürcüstanda 1,15 AZN  civarındadır.Avropa ölkələrində isə yanacağın qiyməti olduqca yüksəkdir. Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.

    Yanacağın qiymətinə təsir edən amillərə avtomobil idxalının artması və bu səbəbdən də benzinə, dizelə olan tələbatın da yüksəlməsi daxildir.Son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28.876 olan bu rəqəm 2020-ci ilin 11 ayında  47.841 avtomobili əhatə edib.
  
   2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66%, pensiyalar 73% artıb.2020-ci ilin ilk 10 ayında (yanvar-oktyabr) orta aylıq əmək haqqı 704,5 manat təşkil edib. Göründüyü kimi əhalinin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb.
   Ekoloji mühitin qorunması,yanacaq  məhsullarının keyfiyyətinin artırılması, enerji tariflərinin mümkün olan aşağı səviyyədə saxlanılması,əhalinin sosial rifahı, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi kimi amillər yanacaq sahəsindəki qiymət artımına səbəb göstərilir.Benzin yanacağının dizellə müqayisədə daha zərərsiz olmasından dolayı onun istehlakını artırmaq məqsədilə aradakı qiymət fərqi müəyyən edilmişdir.

  Edilən bu islahatlar nəticəsində bir çox sahələrdə dəyişikliklər gözlənilir.Aİ-92 markalı benzin əksərən avtomobil sahibləri tərəfindən istifadə edildiyi üçün istehlak bazarında qiymət artımının müşahidə edilməyəcəyi, ictimai nəqliyyata keçid, yanacağa qənaət edən avtomobillərin istifadəsi,alternativ yanacağa üstünlük verilmənin artırılması proqnozlaşdırılır.Habelə görülən bu tədbirlər ölkə büdcəsində gəlirlərin yüksəlməsinə və bu məbləğlərin sosialyönümlü layihələrə yönəldilməsini reallaşdıracaqdır.Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahələrindən zərərsiz ötüşməsi üçün dövlət tərərfindən verilən subsidiyalar yenidən təyin ediləcək.Əsassız qiymət artımına, tarif dəyişikliyindən sui-istifadə hallarına nəzarət gücləndiriləcəkdir.

   2019-cu  ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş sosial paketlər planına nəzər salaq.
2019-cu ildən başlayaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki inqilabi sosial paket həyata keçirilib. Pandemiya dövründə əhaliyə və biznesə dəstək paketləri reallaşdırılıb.
 Prezident İlham Əliyevin təsdiq etdiyi sosial paketlərə əsasən,  2019-cu ilin aprel və oktyabr aylarında ölkədə maaşlar, təqaüdlər, müavinətlər və digər ödənişlər kəskin artırılıb. Minimum əmək haqqı iki dəfə artırılaraq 250 manata çatdırılıb, dövlət sektorunda əməkhaqları 20%-100% həcmində yüksəldilib. Ölkəmizdə minimum aylıq pensiya 72,4% artırılaraq  200 manata çatdırılıb. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə MDB ölkələri və Gürcüstan üzrə 1-ci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksinə üzrə 2-ci yerə yüksəlib.
 2019-cu ilin ardıcıl iki sosial paketi çərçivəsində sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Yeni təqaüd növləri – sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. Həmçinin məcburi köçkünlərin müavinətləri, tələbələrin təqaüdləri ciddi şəkildə artırılıb. 800 min insanın problemli kredit narahatlığına son qoyulub və s.2019-cu ildəki iki sosial paketin əhatə dairəsi  ümumilikdə 4,2 mln. nəfər olub (əhalinin 42 faizi). Maliyyə yükü 2019-cu il üçün 2,3 mlrd. manat, 2020-ci il üçün isə 3 mlrd. manat təşkil edib.

  2020-ci ildə pandemiya ilə mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri üçün 3,5 milyard manat ayrılıb. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edib.Bununla belə aşağıda sadalayacağımız tədbirlər də paketə daxil edilib :
190 manat birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılaraq 600 min şəxsi əhatə edib, aprel və may aylarında həmin şəxslərə ödəniş tam ödənilib.İl ərzində bu ödəmə üçün 450 milyon manat sərf olunub,100 min ailəyə ərzaq payı verilib,özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib.Ünvanlı sosial yardımın əhatə dairəsi genişləndirilib.Artım 14min ailəni özündə ehtiva edib.Bu artım üçün ayrılan vəsait 8 mln manat təşkil etmişdir.Əlillik müddəti başa çatan şəxslərin ödəniş müddəti uzadılıb.Əlavə olaraq 3mln vəsait ayrılıb. 65 yaşdan yuxarı 15 min tənha şəxsə və tənha əlilliyi olan şəxsə evlərində sosial xidmət göstərilib.Əhaliyə sosial ödənişlərin davamlılığı təmin edilib, bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun ehtiyatından istifadə olunub (250 mln. manat).

  Ölkəmizin sosial inkişaf proqramlarında şəhid ailələri, milli qəhrəmanlarımız hər zaman diqqət mərkəzində tutulmuşdur. 2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66.7% artım deməkdir. Həmçinin, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat veriləcəkdir. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb.
Postkonflikt dövründə geniş sosial dəstək paketlərinin həyata keçirilməsi nəzərdə tutulur.

 Ölkəmiz ərazisində keçirilən hər bir islahat heç şübhəsiz ki,ilk növbədə  xalqın rifahı və sosial inkişafına xitab edilir.Ekoloji cəhətdən təmiz şəhərdə yaşamaq, qoyulan tariflərə riayət etmək, iqtisadi cəhətdən inkişaf edərək ön sıralara gəlmək və bu kimi bir çox  dövlət əhəmiyyətli məhfumlar Azərbaycanı bir çox Avropa ölkələri ilə rəqabətdə öncüllüklə təmin edəcəkdir.

Keçidlər