Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir
Dünya iqtisadiyyatına öz müsbət tövhəsini verən, inkişaf dinamikası yüksək olan Azərbaycan iqtisadiyyatı pandemiya şəraitində belə iqtisadi geriliyə məruz qalmadı. Bunun əsas səbəbi isə aparılan iqtisadi islahatların daha da dərinləşməsi və gömrük keçid məntəqələrində idxal -ixrac prosesinin daha da sadələşdirilməsidir.
Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən “Doing Business” Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları Azərbaycan iqtisadiyyatının Dünyada mövqeyinə mənfi təsir etmişdir. Ancaq Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri bunun tam əksini isbat etdi. Xatırladaq ki, 27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanmış press relizdə bildirilmişdir ki, bir sıra üzv ölkələrin Doing Business hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanmış, bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı qeyd edilmişdi. “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 bal idi. Ölkəmizin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-cu pillə idi.
Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 78,5 balla qiymətləndirilərək 6 pillə irəliləmiş və 28-ci yerdə qərarlaşmışdır. Ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.
Müstəqil araşdırmalar 4 ölkəni Azərbaycan, BƏƏ, Səudiyyə Ərəbistanı və Çini əhatə edirdi. Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılmış islahatların (“elektrik təchizatı şəbəkələrinə qoşulma, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə) “Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olmuşdur.
Azərbaycanın Dünya Bankı ilə sıx əməkdaşlığının 28 illik tarixi vardır. Dünyanın mühüm inkişaf institutu olan Dünya Bankı ölkəmizdə həyata keçirilən geniş miqyaslı islahatlara daim dəstək vermişdir.
Doing Business Hesabatında qeydə alınmış məqamlarla bağlı müstəqil araşdırma Dünya Bankının yüksək peşəkarlığını göstərməklə yanaşı, Azərbaycanın Dünya Bankı, istərsə də digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut etmişdir.
“Elektrik təchizatı şəbəkələrinə qoşulma” indikatoru üzrə ərizələr, elektrik enerjisi müəssisələri ilə müqavilələr, elektrik paylayıcı şirkətlər və digər agentliklər tərəfindən bütün zəruri yoxlamalar və icazələr, habelə xarici və yekun qoşulma işləri və s. üzrə islahatların aparılması ölçülür. Müvafiq istiqamətdə coğrafi informasiya sisteminin kommunal sistemdə tətbiqi islahatı sahəvi yoxlamaların aparılması zərurətini aradan qaldırmış və müvafiq sənədləşmələrin aparılması müddətinin azalmasına səbəb olmuşdur. Xüsusilə, texniki şərtlər üçün sahəvi müayinələrin aparılması proseduru ləğv edilmiş və texniki şərtlərin qəbul edilməsinə olan müddət azaldılmışdır. Beləliklə, hesabatda texniki şərtlərin və elektrik sistemlərinə qoşulmanın bir paketdə cəmlənməsi nəticəsində elektrikə qoşulma üzrə prosedurların sayının 5-ə, müddətin isə 32 günə kimi azaldığı öz əksini tapmışdır. Qeyd edək ki, müvafiq göstəricilər daha öncə hesabatda, müvafiq olaraq, 7 və 41 gün kimi əks olunmuşdu.
“Hüquqi proseslərinin keyfiyyəti indeksi” vasitəsi ilə hər bir ölkənin öz məhkəmə sistemində aşağıdakı dörd sahə üzrə yaxşı təcrübələri tətbiq edib-etmədiyini müəyyən edir: 1. məhkəmə strukturu və prosesləri, 2. məhkəmə işinin idarə edilməsi, 3. avtomatlaşdırılmış məhkəmə sistemi və 4. mübahisələrin alternativ qaydada həlli. Müvafiq sub-indikator üzrə aparılmış diaqnostik yoxlamalar nəticəsində Azərbaycanın göstəricisi 6,5 baldan 10,5 bala kimi artırılmışdır. Bununla da, ölkədə məhkəmə proseslərinin təyini, hakimlər və vəkillər üçün elektron menecment sisteminin tətbiqi kimi bir sıra mühüm islahatların aparılması Dünya Bankı tərəfindən təsdiq olunmuşdur.
“Sərhəddə ticarət” indikatoru üzrə ixrac və idxal olunan məhsulların daşınma prosesi ilə bağlı vaxt və xərclər qeydə alınır, mal partiyasının ümumi idxal və ixrac prosesində üç prosedur qrupu (sənədlərlə bağlı tələblərə əməletmə, sərhəddə tələblərə əməletmə və yüklərin ölkədaxili daşınması) ilə bağlı vaxt və xərcləri qiymətləndirilir. Sərhəddə ticarətin asanlığı baxımından ölkələrin reytinqi onların sərhəddə ticarət indikatoru üzrə ballarının sıralanması əsasında müəyyən edilir. Müvafiq indikator üzrə audit qrupu tərəfindən aparılmış araşdırmalar nəticəsində “ixraca sərf olunan müddət: sərhəd prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 12, “idxala sərf olunan müddət: sərhəd prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 4, “ixraca sərf olunan müddət: sənədləşmə prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 28,5 “idxala sərf olunan müddət: sənədləşmə prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 26 saat, “ixraca sərf olunan məbləğ: sənədləşmə prosedurları (ABŞ dolları)” sub-indikatoru üzrə xərcin 150 ABŞ dolları kimi olması təsbit olunmuşdur. Qeyd edək ki, müvafiq sub-indikatorlar üzrə göstəricilər daha öncə hesabatda 17, 14, 33, 33 saat və 250 ABŞ dolları kimi qiymətləndirilmişdi.
Beləliklə, Dünya Bankı tərəfindən aparılmış yeni qiymətləndirmə ölkədə “sərhəddə ticarət” prosedurlarında idxal deklarasiyası, ixrac gömrük sənədləşmələrinin sadələşməsi üzrə mühüm islahatların aparılmasını bir daha təsdiq etmişdir.
Beynəlxalq ticarət dövriyyəsində Azərbaycanın özünə məxsus mövqeyi vardır. Tranzit yolların ölkəmizdən keçməsi iqtisadi inkişafda öz tövhəsini verməkdədir. Stabil dövlət olan Azərbaycanla dünyanın istənilən dövləti iqtisadi əməkdaşlığa çalışır.
Elzamin Həsənov
Xəzər rayonu 230 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor muavini