Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsində Türk qardaşlarımızın dəstəyi, sonda “Zəfər” bayramı ilə nəticələndi!

13 dekabr 2020 | 16:00

10 dekabr 2020-ci il tarixində Azadlıq meydanında Silahlı Qüvvələrimizin II Qarabağ müharibəsindəki qələbəsinə həsr olunmuş Zəfər Paradı keçirildi. Bu vaxta qədər Azadlıq meydanında bir çox paradlar təşkil olunub. Lakin bu gün keçirilən parad əvvəlkilərdən bir sıra xüsusiyyətlərinə görə köklü surətdə fərqləndi, çünki bu, Zəfər - Qələbə Paradı idi.
Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır desək, heç də yanılmarıq!
 Azərbaycan ordusu və xalqı çoxdan idi ki, bu paradı gözləyirdi. Azərbaycan ordusu ilə yanaşı qardaş ölkə Türkiyənin silahlı qüvvələri də paradda iştirak etdi. Türkiyə Prezidenti, Müdafiə və Xarici işlər nazirləri və digər rəsmilərin paradda dəvətli qismində iştirakı xüsusi vurğulanmalıdır. Həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevlə bərabər türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın çıxışı iki qardaş ölkənin daima bir-birinə güclü dəstəyini dünyaya nümayiş etdirmiş oldu.

  Üçüncüsü, müharibə zamanı Ermənistandan qənimət kimi götürülmüş hərbi texnika da paradda nümayiş etdirildi. Paradda yüksək rütbəli hərbiçilərlə yanaşı, müharibə zamanı yaralanmış qazilər də tribunada yer almışdılar ki, bu da diqqətəlayiq bir məqamdır. Azərbaycan ordusunun istifadəsinə verilmiş ən son texnika və xüsusən də, müharibənin gedişatına ciddi şəkildə təsir göstərən  Azərbaycan, Türkiyə və İsrail istehsalı olan PUA-ların da paradda keçidi təşkil olundu. Hansı ki, dünyanın bir çox hərbi analitik mərkəzləri məhz Azərbaycanın tətbiq etdiyi, dünyada ilk sayılan pilotsuz uçuş aparatlarının Qələbəyə aparan yoldakı təsirlərini ciddi şəkildə araşdırır.

  Paradda çıxış edən Silahlı qüvvələrin Ali Baş Komandanı bu paradın tariximizə Zəfər Paradı kimi əbədi olaraq həkk olunacağını bildirdi. Azərbaycan ordusunun yenilməz qüvvət və əyilməz iradəyə malik olmasını məhz bu parad bir daha sübut etdi. Azərbaycan əsgərinin döyüşkən və yenilməz bir ruha sahib olması bu parad vasitəsilə bir daha sübut olundu. Azərbaycan ordusunun 44 gün ərzində həyata keçirdiyi hərbi əməliyyatlar zamanı göstərdiyi peşəkarlıq və cəsarət səviyyəsi bir sıra ölkələrdə müzakirə mövzusu oldu. Azərbaycan ordusunun “Dəmir yumruq” adı altında işğalçı Ermənistan ordusuna qarşı apardığı mübarizə nəticəsində Ermənistan ordusu tamamilə darmadağın edildi. Öz çıxışında dövlət başçısı bu barədə belə dedi: “Bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə də eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”. Çıxışı zamanı Ölkə başçısı tərəfindən qeyd olunan bu və digər bu qisimdən olan bəyanatlar birbaşa Ermənistanın siyasi və hərbi rəhbərliyinə ünvanlanmış xəbərdarlıq kimi də qiymətləndirilə bilər. Növbəti dəfə    Ermənistan rəhbərliyinin Azərbaycana qarşı torpaq iddiası olacağı təqdirdə, Azərbaycan ordusunun vuracağı zərbə Ermənistan üçün çox ağır nəticələnə bilər.
Böyük bir fəxarət hissi ilə deyə bilərik ki, Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.
  Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycanhəqiqətlərini çatdırmaq istiqamətində tərəfimizdən böyük işlər aparılmışdır və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylərnəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpağımızdır.
  Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib.
  Bütün dünyanın şahidliyi ilə ermənilərin miflərinə son qoyduq. Müzəffər Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mifi darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.
  Qəbul edilən kapitulyasiya aktı ermənilərin məğlubiyyətin əyani sübutudur. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. 
Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub. Heç kimə sirr deyil ki, rəsmi İrəvan hərbi cinayətkardır.
Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub.Təcavüzkar Erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb.
  Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın.
  Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır və bütün dünya belə tarixi həqiqətləri bilməlidir.
  Qəbul edilən bir reallıq da vardır ki, münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi. Son illərdə Azərbaycana qarşı beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri belə, kağız üzərində qalır. Belə olan halda Azərbaycan xalqı öz problemini özü həll etmək məcburiyyətində qaldı. Son illər ərzində, xüsusilə son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.
  Azərbaycanın tarixində yeni səhifə başlanır. Ölkəmiz üçün yeni dövr, quruculuq dövrü başlayır. Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Onlar hamısı bərpa ediləcək, xalqımız üçün yeni həyat başlayacaq.
  Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə fəal olmalıdır.
Allah cəmi şəhidlərimizə rəhmət etsin!
Bütün şəhidlərin və şəhid analarının qarşısında baş əyirəm!
Allah üçrəngli müqəddəs bayrağımızı daim uca etsin!
Allah xalqımızı qorusun!
Allah Ali Baş Komandanımız,  Prezidentimiz, cənab İlham Əliyevi  və Müzəffər Ordumuzu qorusun!

Müşfiq Əliyev

                                                                                                                                       Xəzər rayon sakini.
                                   Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri,
                       Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi
                     Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi.

Keçidlər