Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi

28 noyabr 2020 | 16:00

   25 noyabr 2020-ci il xalqımızın düz 27 il, 27 ay, 25 gün səbirsizliklə gözlədiyi gün! Hər bir azərbaycanlının, hər bir kəlbəcərlinin Kəlbəcərin başı qarlı, vüqarlı dağları kimi məğrur dayandığı, üzünün güldüyü, könlünün açıldığı gün! Kəlbəcər rayonu işğaldan azad olunduğu gün! Əsgərlərimizin bir güllə atmadan qədim, əzəli və əbədi türk yurduna – Kəlbəcərə qədəm qoyduğu gün! Həm hərbi, həm diplomatik uğurumuzun təcəlli etdiyi gün! Xalqımın şanlı tarixinə qızıl hərflərlə yazılacaq yeni bir tarixi gün!

      Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində  4 rayonu, Şuşa  və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, indi isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi.
     Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Kəlbəcər Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq dinc yolla azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.
Kəlbəcərin azad olunması ilə Azərbaycan  BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.
     Strateji əhəmiyyətə malik rayonun yüksək dağ silsiləsində, Ermənistanla Dağlıq Qarabağ arasında yerləşməsi ordumuza böyük üstünlük verir, erməni separatizminin bütün ümidlərini aradan qaldırır.
Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdi.
     Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi.
Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər çıxarılanadək də talan edilmişdir.
    Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Sakinlərə rayon ərazisini tərk etmək üçün 10 saat vaxt verilmiş, sonradan isə onlar namərdcəsinə atəşə tutulmuşlar. Erməni dövləti əslində bir qəbilə dövətindən geri qalmadığını əyani sübuta yetirmişdir. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.
    Azərbaycan isə əsl sivil dövlət kimi insanların təhlükəsiz şəkildə rayon ərazisini tərk etməsi üçün hər cür şərait yaratdı, ermənilərin öz əşyalarını daşımaları üçün əlavə vaxt da verdi. Onlar isə yenidən öz eybəcər simalarını və barbarlıqlarını, erməni vandalizmini növbəti dəfə nümayiş etdirdilər.
Kəlbəcərdən Ermənistana unitazla qaçan qeyri-qanuni sakinlər erməni məzhəkəsi nümunəsidirsə, azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran ermənilər isə öz vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirirlər.
    Kəlbəcər şəhərində  məktəb direktorunun  orta  məktəbə od vurması düşmənin mənəvi-əxlaqi baxımdan dibə vurduğunu, deqradasiyanı dünyaya nümayiş etdirdi.
İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
İşğal altında qaldığı müddət ərzində aparılan qanunsuz istismarın miqyasının dəqiq uçotu aparılaraq, işğalçı Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq  vurulmuş ziyanı ödəməyə məcbur ediləcək.
   Kəlbəcər işğalçılardan azad edildikdən də sonra Azərbaycan tərəfi burdakı bütün  tarixi abidələri, o cümlədən dünya əhəmiyyətli dini tarixi abidələr olan Xəzinədağ (Gəncəsər) və  Xudavəng məbədlərini bərpa edəcək, onun əsl milli kimliyini – alban tarixini də təqdim edəcək. 
Sahəsi 3050 kv.km olan Kəlbəcər rayonu boyük iqtisadi potensiala malikdir. Azərbaycan ən böyük qızıl yataqları məhz bu rayonumuzun payına düşür. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda Ağduzdağ və       Tutxun yataqlarında 15 tona qızıl var. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları var. Həmçinin rayon ərazisində mərmər enoksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqlar var. Ərazisinin böyüklüyü Kəlbəcərdə fərqli kənd təsərrüfatının inkişafına imakan verəcək. Həmçinin rayon Qafqazda qış yay, müalicəvi,dini, tarixi turizm imkanları ilə seçilən bölgələrdən biridir. Böyük turizm potensialı qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan yaradır. Kəlbəcər Azərbaycanımızın iqtisadi inkişafına öz töhfəsini verəcək.
   XXI əsrin müharibəsini aparan döyüşkən Azərbaycan xalqı qalib olaraq Kəlbəcərə qayıtdı. Ermənistan isə məğlub edilmiş ölkədir.
İlham Əliyev kimi lideri, yüksək vətənpərlik ruhu, yenilməz ordusu olan rəşadətli xalqım bir daha məğlubiyyət yaşamayacaq. Kəlbəcərdə - Qarabağda üçrəngli bayrağımız altında neçə-neçə nəsillər məsud və azad yaşayacaq.
   Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

Xudiyeva Humay

149 nömrəli məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini

  

 

Keçidlər