Ermənistan müharibə coğrafiyasını genişlətməyə çalışır
Ermənistan öz təcavüzkar, avantürist siyasətindən əl çəkməlidir, əks təqdirdə onun bir dövlət kimi formalaşması sual altında olacaqdır!
Düşmənin son günlər ərzində cəbhədə yenidən fəallaşması bizi bir daha əmin edir ki, Ermənistan hakimiyyəti heç vaxt öz işğalçılıq siyasətindən geri durmayacaq.
Müzəffər ordumuzun uğurları və eləcə də, son əks-hücum əməliyyatlarının nəticələri onu deməyə əsas verir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır!
Münaqişənin tarixinə nəzər salsaq, görərik ki, Ermənistan tərəfi torpaqlarımızın işğalını 20-ci əsrdən etibarən daha ciddi cəhdlə həyata keçirməyə başlamışdı. Lakin ulu öndər Heydər Əliyev sovet hakimiyyəti dövründə rəhbər vəzifələrdə olduğu müddətdə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edərək düşmənin işğalçı siyasətinin qarşısının alınmasını təmin etmişdi. Heç də təsadüfi deyil ki, Ulu Öndər Siyasi Bürodan uzaqlaşdırıldıqdan iki həftə sonra ermənilər yenidən mənfur siyasət yürüdərək öz ərazi iddialarını irəli sürdülər.
Ermənistan tərəfinin məzlum imici alması, özlərini dünyaya yazıq xalq olaraq göstərməsi bizi aldatmamalıdır, onlar, sadəcə, öz maraqları üçün hər cildə girməyi bacarırlar. Belə ki, yaxın keçmişə nəzər salsaq görərik ki, Ermənistanda Paşinyan hakimiyyətə gəldikdən sonra rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə sülhün tərəfində olmasını bildirdi və əvvəlkilərdən fərqli olaraq münaqişənin tez bir zamanda həll edilməsi üçün sülh danışıqlarına başlayacağının anonsunu verdi. Lakin Nikol Paşinyan az bir müddətdən sonra siyasətdə böyük dəyişiklik etdi və yalvarıcı diplomatiya dilindən uzaqlaşaraq müharibəyə meyilli siyasət yürütdü. O, özündən əvvəl bu siyasəti həyata keçirənlərin sonlarının necə olduğunu görürdü, lakin belə məlum olur ki, bundan özünə bir nəticə çıxarmamışdır.
Ermənistan tərəfi başa düşür ki, Azərbaycan müharibəni də, diplomatiyanı da beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri ilə yanaşı, öz tarixinə sadiq qalaraq mərdcəsinə həyata keçirir.
Bu gün Azərbaycanın güclü rəhbəri və ordusu var. Azərbaycan ordusunun potensialı bütün dünyanın gözü önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev Ermənistanın həyata keçirdiyi siyasətlə bağlı sərt mövqedədir. Ermənistan və onun havadarları bir daha başa düşməlidir ki, Azərbaycanın bütün sahələrdə olduğu kimi, diplomatiya sahəsində də qazandığı uğurlar, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibədə də qələbənin əldə edilməsini şərtləndirir. Erməni tərəfi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olar.
Prezident İlham Əliyev hər zaman Ulu Öndərin yoluna sadiqdir. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı ona etimad göstərəndə seçkilərdən əvvəl demişdi ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır.
Hər kəs kimi, biz gənclərin də qarşısında duran bir nömrəli vəzifə ərazi bütövlüyümüzün bərpası məsələsidir. Buna nail olmaq üçün hamılıqla siyasi, iqtisadi, diplomatik, hərbi sahələrdə böyük səy göstəririk. Siyasi mübarizə isə hər yerdə var. Bir də daha vacib milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdidlər qarşısında daha da sıx birləşməliyik.
Azərbaycanın dar günündə, çətin vaxtlarında yanında olan dost, qardaş dövlətlər haqqında danışmağı özümə borc bildim. İşğal olunmuş torpaqlarını azad edilməsi əməliyyatlarında bir sıra ölkələr Azərbaycanı açıq şəkildə dəstəkləyir. Bunların sırasında ən çox diqqət çəkən ölkələr Türkiyə, Pakistan, İsrail və digər qardaş dövlətlərdir. Onlar rəsmi şəkildə hər zaman Azərbaycana beynəlxalq platformalarda dəstək veriblər. Hazırda davam edən əməliyyatlarda da bu ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən açıqlamalar verirlər.
Artıq bütün dünya bilir və qəbul edir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır. Diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın hərb meydanında da qələbə qazanacağı şübhəsizdir. Qeyd etdiyimiz kimi, Aprel döyüşləri, Günnüt zəfəri Azərbaycanın malik olduğu imkanların, Milli Ordumuzun gücünün təqdimatıdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, gün gələcək işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.
Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin
Gənclər Təşkilatının Sədri