Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan hərbi cinayət törədir

18 oktyabr 2020 | 16:00
    Dövlətimizin başçısı müsahibəsində demişdir ki, bu erməni faşizminin növbəti təzahürüdür. Ermənilər adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bunu biz birinci Qarabag savaşinda da gördük. Məhz Xocalı soyqırımını törədənlər bizim həmin mənfur qonşularımızdır. Bu dəfə də görəndə ki, artıq döyüş meydanında Azərbaycan Ordusu qarşısında acizdirlər və işğal edilmiş torpaqlarda bizə qarşı müqavimət göstərə bilmirlər, onlar yenə də mülki vətəndaşları hədəfə aldılar və namərd hücum nəticəsində bizim insanlarımız həlak oldular, həm Gəncədə, həm də Tərtərdəki qəbiristanlıqda. Bu insanların dəfn mərasimində iştirak etdikləri bir yerdir, hər bir insan üçün müqəddəs bir yer sayılır. Ancaq bizim mənfur qonşularımız üçün müqəddəs anlayışı görünür ki, yoxdur. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq  bir də onu göstərir ki, bu namərd hücumlar bizi yolumuzdan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz. Biz öz ərazi bütövlüyümüzü bundan sonra da bərpa etməyə davam edəcəyik. Ermənistan görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmir, onların hərbi-siyasi rəhbərliyi müxtəlif vasitəçilərlə Azərbaycan dövlət başçısına atəşkəşlə bağlı yalvarışlarını, xahişlərini çatdırdı. Bilirsiniz ki, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür,      Azərbaycan da bildirdi ki, humanitar məqsədlər üçün, cəsədlərin götürülməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər. Ancaq görünür ki, Ermənistan bu atəşkəsdən istifadə edərək, bir gün keçməmiş Gəncəyə  namərd hücumu təşkil etdilər. Ondan sonra digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Humanitar atəşkəs hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınması deməkdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir. Ermənistanın havadarları Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini başa düşüb.  Şanlı Ordumuzun döyüş meydanında qazandığı uğurlar diplomatik cəbhədə də nailiyyətlərimizin artmasına səbəb olub.


     Eyni zamanda cənab prezident bildirmişdir ki,  Ermənistanın itkiləri hər gün dəyişən bir statistikadır. 200-dən çox tank məhv edilib, 33 tank qənimət kimi götürülüb, hava hücumuna qarşı 35 OSA sistemi, iki S-300 sistemi məhv edilib. Təqribən 170 karqo maşını ya məhv edilib, yaxud da ələ keçirilib. Həmçinin 16 komanda mərkəzi məhv edilib. Hesablamalara görə bu günlər ərzində Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəyib və bu hal hazırda da davam etməkdədir.Dağlıq Qarabağ nəzarətsiz bir ərazi olduğuna görə orada hər hansı bir beynəlxalq nəzarət mexanizmi yox idi. Ona görə orada qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud idi.
Cənab prezident müsahibəsində onu da vurgulamışdır  ki, iyul ayında Ermənistan-Azərbaycan sərhədində bizə qarşı hücum təşkil edilmişdir. Ermənistan silahlı qüvvələri Tovuz bölgəsinə və onun müəyyən yerlərinə girə bilmişdir. Biz onları oradan rədd etdik, öz torpaqlarımızı qoruya bildik. Onları sərhəddən kənara atdıq. Ondan sonra da sərhədi keçə bilərdik. Yəni, bizim qarşımızda hər hansı bir ciddi maneə yox idi. Onsuz da bu döyüş də onu göstərdi ki, əgər burada biz keçə bilmişiksə, orada daha asandır. Çünki orada bu istehkamlar yox idi. Amma bunu etmədik. Çünki biz hesab etdik ki, bu düzgün olmaz. Biz öz torpağımızda özümüzü müdafiə edirik və işğalçıları öz torpaqlarımızdan qovmalıyıq.
Rəsmi məlumatlara əsasən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində özündə müxtəlif növ faydalı qazıntıları birləşdirən 163 yataq yerləşir. Məlumdur ki, Azərbaycan Respublikasının mineral ehtiyatlarının böyük bir hissəsi məhz işğal olunmuş ərazilərdə yerləşir. Azərbaycanın Kəlbəcər, Laçın, Tərtər, Ağdam ərazilərində yerləşən qızıl, gümüş, mis, molibden, civə yataqları, Cəbrayıl, Kəlbəcər, Laçını əhatə edən dəmir, xrom yataqları, Tərtər, Kəlbəcərdə yerləşən kükürd, Ağdam, Füzuli, Cəbrayıl ərazilərindəki qum, çınqıl, gil və digər faydalı qazıntı yataqlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni və intensiv şəkildə kəşfiyyat və hasilat işləri aparılır. Bizim torpaqlardan əldə edilmiş məhsulu onlar      Ermənistana daşıyıb xarici dövlətlərə   sataraq pul qazaniblar. Ona görə də burada onların bir çox hədəflərı olub. Əsas məqsədləri də bu torpaqları əbədi olaraq Ermənistanın tapdağı altında saxlamaqdan ibarət olub. Onlar buna da nail ola bilmədilər
    Ermənistanda çevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu oldu və Paşinyan hakimiyyətə gəldi və hər zaman da anti-Rusiya mövqeyində olub. O millət vəkili olarkən hər zaman Rusiyanın əleyhinə  idi, anti-Rusiya mövqeyində idi. Ona görə mən təəccüb edirəm ki, bu günə qədər Rusiyada bəzi siyasi dairələr onun tərəfini tuturlar. Axı o, ruspərəst qüvvələrə qarşı inqilab etdi, ruspərəst prezidentləri həbsə atdı, ruspərəst ana müxalifət partiyasının sədrini həbsə atdı. Hər şeyi Rusiyanın əleyhinə etdi, Rusiyanın “Qazprom” şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  (hansı ki, NATO tipli bir təşkilatdır) erməni əsilli sədrini həbsə atdı. Yəni bu Sorosun sözü ilə oturub-duran bir adamdır. Bir də ki, onun komandasına baxanda məlum olur ki, onların hamısı Soros Fondunun, Açıq Cəmiyyət Təşkilatının, “Amnesty International”ın nümayəndələridir. Yəni Soros Ermənistanda hakimiyyətə gəldi, amma iflasa uğradı.
Bilirsiniz ki, 18 oktyabr, doğrudan da tarixi bir gündür. Çünki Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşdu. Müstəqilliyin ilk illəri bizim üçün çox ağır keçdi, faciəvi keçdi. Biz müstəqilliyimizi itirə bilərdik,  necə ki, 1920-ci ildə itirdik. Cəmi iki il çəkdi. Ondan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bu dəfə də Ermənistanın Azərbaycana təcavüzü, eyni zamanda  Azərbaycanın daxilində gedən çarpışmalar böyük böhrana səbəb oldu. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət sabitləşdi, sabitlik təmin edildi və Azərbaycan inamla inkişaf yoluna qədəm qoydu.
Bu gün Türkiyə və Pakistan ilk bizə dəstək olan ölkələrdəndir. Onlardan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan açıq dəstək göstərdi. Bosniya və Herseqovina və başqa ölkələr də dəstək göstərdilər. Ən çox dəstək göstərən qardaş    Türkiyə olmuşdur. Bu Azərbaycanı bir daha  ruhlandırdı. Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir. Bu, reallıqdır. Bu gün Türkiyə digər bölgədə yerləşən ölkələrlə bu məsələni danışır, müzakirə edir. Ona görə Türkiyə de-fakto buradadır. Türkiyə ilə hərbi sahədə işbirliyimiz gündən-günə möhkəmlənir. Keçən il 10 birgə hərbi təlim keçirilmişdir, həm havadan müdafiə, eyni zamanda özəl komandalar və digər sahələr üzrə. Ona görə bu işbirliyi ən yüksək səviyyədədir və bu munasibətlərin daha da inkişaf etdirilməsində Türkiyə Respublikasının prezidenti  Rəcəb Tayyib Ərdoğanın böyük rolu olmuşdur. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı.  Bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda  bunu hər kəs bilir. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik.
   Azərbaycan xalqı iradəlidir, mərmi altında yaşayan insan yerindən tərpənmir.  İndiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir.  Bu gün Azərbaycan ordusunun potensialı bütün dünyanın gözü önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər.  Əminik ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da öz əksini tapacaq.
Bu gün ölkə prezidenti İlham Əliyev hər zaman Ulu Öndərin yoluna sadiq olaraq qalır. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı ona etimad göstərəndə seçkilərdən əvvəl demişdi ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Böyük layihələrin həyata keçirilməsi əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır
Ərazi bütövlüyümüzün bərpası bir nömrəli vəzifədir. Buna  nail olmaq üçün böyük səy göstərilir - siyasi, iqtisadi, diplomatik, hərbi sahələrdə. Siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında bir yumruq kimi birləşməliyik. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Adet İbrahimov
         Buzovna1 sayli Sosial Xidmət Müəssisəsi direktoru

Keçidlər