Yüksək döyüş ruhu və əzmkarlıq bizə qələbə qazandıracaqdır!
Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunur, Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Artıq hər kəs əmindir ki, dövlətimiz öz əsgərinin yanındadır və onu lazımınca qoruyur.
Cənab Prezidentin də dediyi kimi; Azərbaycan öz doğma torpağında vuruşur və və Azərbaycan əsgəri haqq yolunda yaralanır. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri isə işğalçı əsgərlərdir. Fərq bundadır. Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri, bir neçə yaşayış məntəqəsini işğaldan və işğalçılardan azad edib. Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.
Bu günlərdə Azərbaycana dəstək olan ölkələri, təşkilatları, insanları xalqımız heç vaxt unutmayacaqdır. Qardaş Pakistan və Türkiyənin bizim yanımızda olduqlarını dünyaya bəyan etməsi Ermənistana dəstək olan bəzi havadarları atacaqları addım haqqında ciddi düşünməyə vadar etdi. Ermənistan kimi işğalçı bir ölkənin yanında olmaq bugün hər bir dövlətin imicinə xələl gətirə bilər.
Orduda, cəmiyyətdə ruh yüksəkliyi var. Cəbhə bölgəsində qızğın döyüşlərin getdiyi bir vaxtda orada yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər və ordumuza güvənərək öz yurdlarını tərk etmirlər. Azərbaycan əsgəri də bu böyük məsuliyyəti dərk edərək qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub hər bir vətəndaşımızı öz doğma anası, bacısı, ailəsi kimi qoruyur. Öz adlarını Azərbaycan tarixinə yazdırmaq üçün bir an olsun belə tərəddüd etmirlər . Belə qəhrəman övladları olan Vətən torpağı mütləq mənfur düşmənlərdən azad olunacaq, Azərbaycan xalqı öz dövlətinin ərazi bütövlüyünü bərpa edəcəkdır.
Yaralanan əsgərlər ilə görüşü zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın kövrəlməsi bizləri çox təsirləndirdi. Onun göz yaşları ana ürəyinin və qadın mərhəmətinin təcəssümüdür. Bu da Mehriban xanımın hər bir əsgərimizə öz övladı kimi sevgi bəslədiyini, onları öz balasından ayırmadığını bir daha təsdiqlədi. Səmimi hisslər və dərdlərin bölüşməsi xalqımıza məxsus olan ülvi xüsusiyyətdir.
Kamran İsalı
Xəzər rayonu, 120 nömrəli tam orta məktəbin direktoru