Azərbaycan-Pakistan dostluğu dünyaya nümunədir!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərin köklərinin olması özünü göstərmiş oldu. Yeni səfir Bilal Haye qardaş Azərbaycan xalqının Pakistan xalqı üçün xüsusi yeri olduğunu, Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanı dəstəklədiyini, Pakistan höküməti tərəfindən Azərbaycanla iqtisadi əməkdaşlığın dərinləşməsi, müdafiə sahəsində münasibətlərin gücləndirilməsi və iki ölkə xalqlarının daha da yaxınlaşdırılması istiqamətində çalışmaq tapşırıldığını cənab Prezidentə bildirdi. Yeni təyin olunmuş diplomatın xalqımıza xoş münasibəti Pakistan və Azərbaycan dövlətləri arasında əbədi dostluğun təcəssümü idi. Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirmiş, Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmamış, onu bir dövlət kimi tanımamışdır.
Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır.
Xalqlarımız arasında olan bu möhkəm bağların qədim tarixi ənənələrə söykəndiyini söyləmək lazımdır. Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur və hər kəs bilir ki, Tovuz rayonunda Ermənistan-Azərbaycan dövlət sərhədində kəndləri və hərbi mövqeləri atəşə tutan Ermənistan olub. Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Bu da onların işğalçı siyasətinin davamı idi. Azərbaycan Ordusu onlara adekvat cavab verdi. Yeni əraziləri işğal etmək planları uğursuzluğa düçar oldu. Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu etdiklərindən peşmançılıq keçirməkdədir. Prezident İlham Əliyevin qeydləri, bəyanatları, müsahibələri və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışı Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu göstərirdi. Qeyd edək ki, 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik etmişdir.
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı bu ərazilərdə bütün infrastrukturun dağılmasına gətirib çıxarıb. Xocalı soyqırımı törədilmiş, tarixi abidələr, məscidlər məhv edilmişdir. Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib. Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur.
Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaqdır. Onlar Dağlıq Qarabağdakı cinayətkar rejimin saxta liderinin qondarma andiçmə mərasimini Azərbaycanın qədim şəhəri olan Şuşada təşkil etdilər. Dağlıq Qarabağın cinayətkar xuntasının qondarma parlamentini Şuşaya köçürməyi qərara aldılar. Bu, Azərbaycan xalqının hisslərinin birbaşa təhqir olunmasıdır. Azərbaycan heç vaxt bununla razılaşmayacaq və onlara yerlərini göstərəcək.
Bu gün yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan. Türkiyə Prezidenti öz qətiyyətli mövqeyini dəfələrlə ifadə edib və Ermənistanın təcavüzü zamanı o, bir neçə dəfə açıq şəkildə bəyanat verib ki, Türkiyə Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Türkiyənin bütün aparıcı siyasi partiyaları da Azərbaycana dəstək olaraq yekdil mövqe ifadə etdilər. Bu mühüm məqamda yanımızda olmaqla qəti mövqe nümayiş etdirən Türkiyə və Pakistandakı qardaşlarımıza minnətdarıq. Bu, necə deyərlər, həqiqət anıdır. Azərbaycan kimin kim olduğunu görür, kimin öz yanında möhkəm dayandığını görür və bunu heç vaxt unutmayacaq.
Həsənov Elzamin Ələmdar oğlu.
Xəzər rayonu 230 nömrəli tam orta məktəbin
Tərbiyə işləri üzrə direktor muavini