Xəzər Rayon İcra Hakimiyyətində karantin rejiminin şərtlərinə əməl etməklə “Azərbaycan xalqı və ölkənin siyasi partiyaları Prezidentin yanındadır” mövzusunda müşavirə keçirilmişdir.
29 sentyabr 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətində karantin rejiminin şərtlərinə əməl etməklə “Azərbaycan xalqı və ölkənin siyasi partiyaları Prezidentin yanındadır” mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə Xəzər RİH Başçısı cənab Elşən Salahov, Millət vəkilləri Rauf Əliyev və Soltan Məmmədov, YAP-nın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov,Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri Arif Əliyev, Xəzər rayon Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Həzərxan Əbilov, YAP Qadınlar şurasının sədr müavini Zeynəb Əliyeva və bir sıra İctimai birliklərin sədrləri iştirak etmişlər.
Giriş sözü ilə tədbiri açan RİH Başçısı E.Salahov qeyd etmişdir ki sentyabr ayının 27-i millət olaraq hərbi-siyasi tariximizin yenidən yazıldığı günün başlanğıcıdır. Belə bir məsuliyyətli mərhələdə ölkəmizdə mövcud olan 52 siyasi partiyadan 50–nin birgə bəyanat imzalayaraq həmrəylik nümayiş etdirməsi çox əhəmiyyətli məsələdir.
Sonra çıxış üçün söz Rauf Əliyevə verilmişdir. R.Əliyev çıxışında 27 sentyabr hadisələrinə öz münasibətini bildirmiş, 30 ildi kağız üzərində qalan BMT-nin 4 qətnaməsinə dünya dövlətləri tərəfindən hüqiqi qiymət verilməsi üçün yenidən müzakirəyə çıxarılacağını qeyd etmişdir.
Millət vəkili Soltan Məmmədov beynalxalq təşkilatların Azərbaycanı dəstəklədiyini, öz ərazi bütövlüyü uğrunda apardığı mübarizəni yüksək qiymətləndirdiyini bildirmişdir. Rusiya kimi böyük bir dövlətin siyasi xadimləri, politoloqları belə Azərbaycanın ərazi bütövlüyünün bərpasının tərəfdarı olduğunu çıxışında vurğulamışdır.
YAP-nın Xəzər rayon təşkilatının sədri N.Əhmədov Ölkə ərazisindəki 52 siyasi partiyadan 50-nin cənab Prezidenti dəstəklədiyini xalq tərəfindən təqdirə laiq addım kimi qəbul olunduğunu bildirmişdir. Kənarda qalan 2 partiya isə bugün uğrunda mübarizə apardığımız torpaqların düşmənə satılmasında əli olan ermənipərəst ünsürlər olduqlarını bir daha təsdiqlədilər.
Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov erməni faşistlərinin geniş miqyaslı hücum təxribatlarının qarşısının alınması və onlara tam qüvvə ilə adekvat cavab verilməsi məqsədilə ölkə başçımız, Ali Baş Komandan İlham Əliyev cənablarının əks-hücum haqqındakı əmrləri qısa müddətə cəbhədəki vəziyyəti Azərbaycan ordusunun xeyrinə dəyişdiyini və bütövlükdə türkləri özlərinin əbədi düşməni sayan erməni faşist təcavüzkarlarına dərs olduğunu vurğulamışdır.
Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri Arif Əliyev bir mədəniyyət işçisi kimi hal-hazırda Azərbaycanda xalq arasında güclü birliyin olduğunu, xalqın cənab Prezidentin ətrafında bir yumruq kimi birləşdiyini, hər an döyüşə hazır olduğunu bildirmişdir.
Xəzər rayon Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Həzərxan Əbilov, YAP Qadınlar şurasının sədr müavini Zeynəb Əliyeva təhsil işçiləri adından çıxış edərək, Vətənin bu çətin günündə cənab Prezidentin yanında olduğunu, onun bütün qərarlarını alqışladıqlarını qeyd etmişlər, hər an bir əsgər kimi döyüşə hazır olduqlarını və bununla qürur duyduqlarını diqqətə çatdırmışlar. Sonda İctimai birlik və cəmiyyət sədrləri də, bu gün ölkədə gedən siyasi vəziyyətə öz münasibətini bildirmiş, Qarabağ müharibəsi qaziləri kimi hər zaman döyüşə hazır olduqlarını, qanı bahasına olsa belə Vətənin bir qarış torpağını düşmənə verməyəcəklərini dönə-dönə qeyd etmişlər.
Müşavirənin sonunda RİH Başçısı cənab Elşən Salahov və digər iştirakçılar cənab Prezidentin də qeyd etdiyi kimi, bizim yolumuzun haqq yolu olduğunu bildirərək, bu yolda - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən mübarizədə şəhid olan əsgərlərimizə Allahdan rəhmət, ailələrinə isə səbr diləmişlər.