Şriftin ölçüsü :

Saytın rəngi :

Siyasi həmrəyliyin nümunəsi, yaxud biz birlikdə güclüyük

30 sentyabr 2020 | 16:00

Hamıya məlum olduğu kimi, sentyabr ayının 27-si səhər saat 6 radələrində  erməni faşistlərinin hərbi birləşmələri xəbərdarlıq edilmədən xaincəsinə hücum edərək iri şaplı silah və artilleriyanın köməkliyi ilə geniş miqyaslı hərbi təxribat planlarını həyata keçirməyə başlamışlar. Hücum zamanı təkcə hərbi hissələr və silahlı birləşmələrimiz yox, həm də mülki obyektlər və dinc əhalimiz hədəfə  alınmışdır. Ermənistan bu hücum zamanı beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud surətdə pozaraq dinc əhaliyə qarşı terror əməliyyatı apararaq, mülki obyektləri bombalamışdır. Bu, barbar döyüş üsuludur, vəhşilik, qaniçənlik əlamətidir.
Yeri gəlmişkən, müvafiq beynəlxalq konvensiyalara görə müharibə aparılarkən istər dinc əhalinin, istərsə də mülki obyektlərin hədəfə alınması qəti qadağandır. Halbuki, təcavüzkar erməni hərbi birləşmələri bu təxribatçı hərbi basqınlar zamanı nə beynəlxalq müharibə qanunlarına, nə də humanist prinsiplərə məhəl qoymamışlar.

   Erməni faşistlərinin geniş miqyaslı hücum təxribatlarının qarşısının alınması və onların tam qüvvə ilə  geri oturdulması məqsədilə ölkə başçımız, Ali Baş Komandan, zat-aliləri İlham Əliyev cənablarının əks-hücum haqqındakı əmrləri qısa müddətə cəbhədəki vəziyyəti Azərbaycan  ordusunun xeyrinə dəyişmişdir. Belə ki, elə həmin gün ərzində düşmən istər hərbi texnika,  istərsə də canlı qüvvə sarıdan böyük itkilərə məruz qalır. Nəticə etibarilə havadarları tərəfindən qızışdırılaraq təxribata cəlb edilən, həmçinin əsrlər boyu Azərbaycan torpaqlarına susayan, azərbaycanlıları və bütövlükdə türkləri özlərinin əbədi düşməni sayan erməni faşist təcavüzkarları yaxşıca dərs almağa başladılar. Yeri gəlmişkən, son 30 il ərzində nəticəsiz sülh danıışıqları dövründə  erməni dığaları  müntəzəm, aramsız olaraq Azərbaycana qarşı həm siyasi repressiyalarını, həm də hərbi təxribatlarını bir an olsun belə ara verib dayandırmamışlar. Ölkə başçımız ən müxtəlif tribunalardan müraciətən onları ağıllarının başlarına yığmalarını, necə deyərlər, ağıllı olmalarını, təcavüzdən əl çəkərək torpaqlarımızı tərk etmələrini, iki ölkə arasında normal, sivil münasibət saxlanılmasına çağırışlar etsə də, lakin onlar bu çağırışlara məhəl qoymamış və həmişə kərgədan buynuzu göstərmişlər. Indi isə bunun acı nəticələrini görməkdədirlər.
   Elə həmin gün, yəni Ermənistanın hərbi təxribat törətdiyi gün ölkəmizdə  fəaliyyət göstərən 52 siyasi  partiyanın 50-nin birgə bəyanatı təkcə xalqla hökümətin həmrəyliyindən xəbər vermir, bu eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür.
Göründüyü kimi, Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini birləşdirmişdir. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında  Ermənistanın işğalçı siyasətini şiddətlə qınasa da, lakin mülki əhalinin  yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi heç də beynəlxalq təşkilatlar tətəfindən qiymətləndirilmədi.
   Ölkəmizin siyasi partiyaları beynəlxalq hüququn aliliyinin bərqərar olunmasını tələb edirlər.  Təcavüzkar erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxardılmasına dair  BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığını yada salan siyasi partiyaların rəhbərləri, Azərbaycana qarşı tətbiq olunan ədalətsiz ikili standartlara son qoyulmasını tələb edirlər. Əslində rəsmi Yerevanın bəyanatları, eləcə də  yürüdülən təxribat siyasəti daxili sosial narazılıqların boğulmasına hesablanıb. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlar ilə məşğul olduqlarını bildirirlər. Erməni höküməti daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədilə  mütəmadi olaraq cəbhə xəttində  atəşkəs rejimini pozur.
    Ermənistanın siyasi elitasının məsuliyyətsiz bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir. Siyasi partiyaların rəhbərləri öz bəyanatlarında dövlət başçısının fikrini dəstəkləyir və status kvonun  dəyişməz qalmasının mümkünsüz olduğunu bildirirlər.
Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutmasından xəbər verir. Əslində atəşkəsin mütəmadi pozulması və məsuliyyətsiz bəyanatlar Ermənistanın  bütün regional layihələrdən kənar qalmasına sənbəb olur. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını  qınayaraq onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər.
    Aydın görürük ki, Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır. Ölkənin siyasi partiyalarının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir.
Azərbaycanın haqq və ədalətli mövqeyi bu gün və həmişə şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz. Birlik bizim milli məsələmiz və məsləkimizdir. Qarabağın azadlığı isə Azərbaycanın tarixi missiyasıdır, çünki Qarabağ Azərbaycandır. Prezidentimiz İlham Əliyev cənabları deyir ki, bizim işimiz haqq işidir və biz birlikdə güclüyük. Elə ulularımız da belə buyurub: “Güc birlikdədir”, yaxud “el bir olsa zərbi kərən sındırar”.

Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri 

T.Q.Səlimov

Keçidlər