Milli ordunun qətiyyəti
Məlum olduğu kimi 27 sentyabr səhər saat 06:00 radələrindən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriya silahlarından atəşə tutmuş, o cümlədən mülki əhaliyə qarşı növbəti ağır cinayətlər törətmişdir. Törədilən təxribat zamanı mülki əhali də daxil olmaqla bir neçə hərbi qulluqçumuz yaralanmış və şəhid olmuşdur.
Baş verən hadisədən dərhal sonra Azərbaycan ordusu öz doğma torpaqlarının müdafiəsi uğrunda döyüşlərə qatılmış və igid hərbçilərimizin qətiyyətli əks hücumu nəticəsində düşmən tərəfinə ağır zərbələr endirilərək düşmənin çoxlu sayda canlı qüvvəsi, dayaq məntəqələri, avtomobil texnikaları, silah-sursat anbarları silahlı qüvvələrimizin dəqiq atəşi ilə məhv edilmişdir. Ağır itkilər verən erməni tərəfi geri çəkilmək məcburiyyətində qalmışdır.
Qeyd edək ki, Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğalda olan Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar və Aşağı Əbrurrəhmanlı kəndləri işğaldan azad olunub. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim və strateji yüksəkliklər nəzarətə götürülüb.
Bununla da Azərbaycan Ordusu düşmənə və bütünlükdə dünyaya öz əzəmətini və qətiyyətini yenidən nümayiş etdirib.
Məlum hadisələrdən sonra Azərbaycan Respuplikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı qətiyyətli çıxışı əzmkar Azərbaycan Ordusunun döyüş ruhunu və xalqın orduya olan inamını daha da artırmışdır.
Cənab Prezidentin də qeyd etdiyi kimi Qarabağ Azərbaycanındır və Azərbaycan torpağında olan hər bir erməni əsgəri öz qanıyla-canıyla buna cavab verəcəkdir!
Eyni zamanda Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən təhlükəsizlik şurasının iclasında Azərbaycan Ordusun qətiyyəti bir daha vurğulanmış və işğalda olan torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan döyüşlərin davam etdiriləcəyi bildirilmişdir.
Bu hadisə Ermənistanın sülh tərəfdarı olmadığını sübut edən ilk təxribat deyil. İstər aprel döyüşləri, istər Tovuz döyüşləri və eləcədə Dağlıq Qarabağ münaqişəsi dövründə törətdiyi təxribatlar, erməni tərəfinin bu münaqişənin həllində sülh yolunu seçmədiyini açıq şəkildə nümayiş etdirir. Xüsusilə, Ermənistan tərəfinin hər dəfə mülki əhalini hədəf seçməsi, onların terrorçu bir dövlət olduğunu göstərir.
Ermənistan ordusu hələ aprel döyüşləri zamanı Azərbaycan Ordusunun qətiyyətini, döyüş qabiliyyətini, müasir hərbi texniki baza ilə silahlanmış hərbi qulluqçularımızın ağır döyüş zərbələrini “dadmışlar”.
Həmçinin bu ilin iyul ayında cəbhənin Tovuz istiqamətində düşmənin növbəti təxribatının qarşısı milli ordumuzun qətiyyəti ilə alınmış və ağır itkilər verən düşmən geri çəkilmişdir. Sözügedən döyüşlər zamanı ölkə vətəndaşlarının orduya dəstək məqsədilə keçirdiyi izdihamlı yürüş bir daha Azərbaycan xalqının Azərbaycan Respuplikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının döyüş əmrini şərəflə yerinə yetirəcəyini sübuta yetirmişdir.
Bildiyiniz kimi, hal-hazırda Azərbaycan Ordusu ən müasir silahlarla və digər müasir döyüş texnikaları ilə təchiz edilmişdir. Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluçularının maddi-texniki bazası, döyüş hazırlığı ən yüksək səviyyədə təmin edilməkdədir. Sözügedən məsələ ölkə rəhbərliyinin hər zaman diqqətində olmuşdur və bunun nəticəsidir ki, ermənilərin həyata keçirdiyi bütün hərbi əməliyyatlar və təxribatlar uğursuzluqla nəticələnir.
Hal-hazırda bütün cəbhə boyu ərazilərdə aparılan döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin bir sıra əraziləri işğaldan azad etməsi və döyüşlərdəki üstünlüyü tam ələ alması bir daha onu göstərir ki, Azərbaycan Ordusu düşməni darmadağın etmək iqtidarındadır.
Mən əminliklə söyləyirəm ki, ordumuzun şəxsi heyyəti arasında olan bu ruh yüksəkliyi və döyüş əzmi qarşısında heç bir düşmən ordusu tab gətirə bilməz və bilmir də.
Xüsusilə, ehtiyatda olan hərbi vəzifəlilərin könüllü olaraq orduya yazılmaq istəyi bir daha onu göstərir ki, Azərbaycan xalqı vətənin müdafiəsi uğrunda gedəcək heç bir döyüşdən qorxmur və Ali Baş Komandanın tapşırığı ilə hər an doğma torpaqlar uğrunda gedəcək döyüşlərə qatılmağa və işğalda olan Azərbaycan torpaqlarını işğaldan azad etməyə hazırdır.
Ermənistan tərəfi bir qayda olaraq bilməlidir ki, Azərbaycan Milli Ordusunun qətiyyəti məğrurdur, əzmlidir və yenilməzdir!
Əkbərov Amil İltimas oğlu
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin
Məsləhətçi