Şriftin ölçüsü :

Saytın rəngi :

BMT-beynəlxalq sülh və təhlükəsizliyin təminatçısı kimi

23 sentyabr 2020 | 16:00
Müstəqillik ən yüksək dəyərdir. Təqribən 30 illik müstəqilliyi dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur.
BMT - nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanan və 1945-ci il 24 oktyabrda qüvvəyə minən beynəlxalq təşkilatdır. Qərargahı Nyu-York şəhərində olan BMT-nin əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. BMT-nin qərarları və fəaliyyəti dövlətlər arasında formalaşmış qüvvələr nisbətini, beynəlxalq həyatın aparıcı təmayüllərini əks etdirir. BMT özünün fəaliyyəti müddətində ilk növbədə tərk-silah və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində bir sıra mühüm və faydalı qətnamələr qəbul etmişdir. BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir.

Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. BMT beynəlxalq münasibətlərdə müstəsna əhəmiyyətə malik universal beynəlxalq təşkilat kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həlli məqsədilə müəyyən fəaliyyət göstərmişdir. Bu istiqamətdə BMT Təhlükəsizlik Şurası 4 qətnamə (30 aprel 1993-cü il 822 saylı, 29 iyul 1993-cü il 853 saylı, 14 dekabr 1993-cü il 874 saylı, 11 noyabr 1993-cü il 884 saylı), Baş Assambleya “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə (14 mart 2008-ci il), BMT Təhlükəsizlik Şurasının sədri 7 bəyanat (12 may 1992 -ci il, 26 avqust 1992-ci il, 27 oktyabr 1992-ci il, 29 yanvar 1993-cü il, 6 aprel 1993-cü il, 18 avqust 1993-cü il, 26 aprel 1995-ci il) qəbul etmiş, həmin qətnamə və bəyanatlarda Ermənistanın işğalçı qüvvələrindən hərbi əməliyyatların dayandırılması, hərbi birləşmə və texnikanın          Azərbaycanın zəbt olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunmuş, lakin bu tələblər işğalçı Ermənistan Respublikası tərəfindən yerinə yetirilməmişdir.    Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Əliyalın insanlara qarşı törədilən Xocalı soyqırımını dünyada bir çox ölkə tanımışdır. Onlar işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir, Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edirlər. Ermənistan qoşunları təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. İyul ayında Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürülmüşdür.
  Azərbaycan BMT ilə səmərəli əməkdaşlıq qurmuşdur. Ölkəmiz 155 dövlətin dəstəyi ilə 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 2016-cı ildən Azərbaycan 120 dövlətin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrlik edir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür.
  Cənab Prezident İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş clasda çıxışında insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etdiyini qeyd etmişdir. Ali Baş Komandan bildirmişdir ki, beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından   tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir. Yaranmasının 75-ci ildönümündə Azərbaycan BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq.
  Bu il Qoşulmama Hərəkatı üçün də əlamətdardır, çünki Hərəkatın təməl prinsiplərini özündə əks etdirən Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyi qeyd edilir. Qəbul edildiyi gündən Bandunq Prinsipləri onlara sadiqliyini bəyan edən dövlətləri Soyuq müharibə dönəmində istiqamətləndirmişdir.
2020-ci ilin may ayında Qoşulmama Hərəkatının COVID-19-a qarşı onlayn formatda Zirvə görüşü Azərbaycanın təşəbbüsü əsasında keçirildi. Zirvə görüşündə Qoşulmama Hərəkatı adından Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüsü 130-dan çox ölkə dəstəklədi.
  Cənab Prezidentin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. COVID pandemiyası ərzində Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmiş, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.
  Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır. Ölkəmiz dünyanın tanınmış multikulturalizm mərkəzlərindəndir. Multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan Azərbaycan BMT-yə açıq və güclü dəstək verir. Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır.
2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi məqsədini daşıyır. Məhz bunun nəticəsidir ki, Azərbaycan 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil etmişdir. Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə olmuşdur.
  Vətənimiz sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Sürətlə inkişaf edən iqtisadiyyatımız son 17 ildə ümumi daxili məhsulu üç dəfə artmışdır.
Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir.   “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir.
Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.Əks təqdirdə biz torpaqlarımızı müharibə yolu ilə düşmənlərdən xilas edəcəyik. Bu yolda cənab Prezidenti dəstəkləyir və Ona uğurlar arzulayırıq.

Şahgəldiyeva Rəvanə Arif qızı
İ.Tağıyeva adına 26 N-li  tam orta məktəbin
Tarix müəllimi

Keçidlər